Məhəbbəti ümman qadınlarımız
Sosial həyat

Məhəbbəti ümman qadınlarımız

Mərdliyi, sədaqəti ilə milli adət-ənənələrimizin formalaşmasında, qorunub saxlanmasında müstəsna rol oynayan Azərbaycan qadını yüzilliklər boyu böyük inkişaf yolu keçmiş, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə, mədəniyyətimizin inkişafına, mənəviyyatımızın zənginləşməsinə misilsiz töhfələr vermişdir. Tarixən öz azadlığı uğrunda mübarizə aparan, zaman-zaman maariflənən, savadlanan, zülmətdən işığa doğru keşməkeşli yol keçən qadınlarımız, cəhalətə, köləliyə qarşı çıxaraq cəmiyyətin bərabərhüquqlu üzvü olmuşdur.

1918-ci ildə Şərqdə ilk dəfə demokratik respublikanın qurulması ilə cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklərə nail olan Azərbaycan qadını XX əsrin əvvəllərində ölkəmizdə gedən siyasi, iqtisadi və mədəni proseslərin fonunda daha da fəallaşmış, əsrin sonlarında isə müstəqilliyimizin bərpasında, dövlətçiliyimizin bərqərar olmasında ön sıralarda addımlamışdı. Xalqımızın çətin günlərində, tarixin sərt sınaqlarında qəhrəman oğullarımızla çiyin-çiyinə dayanan, mərdlik, cəsarət, fədakarlıq nümayiş etdirən qadınlarımız mübarizlik simvoluna çevrilmişdi.

Bu gün Azərbaycan qadını həyatın bütün sahələrində öz layiqli yerini tutub. Onlar dövlət strukturlarında, icra orqanlarında təmsil olunur, insanların sağlamlığının keşiyində dayanır, milli təhsilimizin inkişafında, gənclərimizin təlim-tərbiyəsində yaxından iştirak edirlər. Qabiliyyəti, bacarığı, dərin zəkası, möhkəm iradəsi ilə hər zaman öndə olan qadınlarımız səmərəli fəaliyyəti ilə dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edir, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində qazandıqları nailiyyətlərlə gündən-günə inkişaf edən, nüfuzlu, qüdrətli Azərbaycanımızın tərəqqisində əllərindən gələni əsirgəmirlər.

Bu gün Azərbaycan qadını sağlam düşüncəli, geniş dünyagörüşlü, vətənpərvər ruhlu gənclik yetişdirən müəllimdir. Həyata kövrək addımlarını atan fidanların əlindən tutub Ana, Vətən sözlərini yazmağı, əzəmətli himnimizi oxuyarkən qürurlanmağı, üçrəngli bayrağımızı hər şeydən uca tutmağı öyrədən ucalıq, ziyalılıq rəmzi olan müəllim. Hər bir şagirdinə elmin, təhsilin sirlərindən öncə Azərbaycan adlı məmləkətinin sərhədlərinin toxunulmazlığını, ərazilərinin bütövlüyünü qorumağın vətəndaşlıq borcu olduğunu əxz etdirən, torpaqlarının müqəddəsliyini anladan, sabahımızın müsəlləh əsgərini yetişdirən fədakar müəllim.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək ölümə meydan oxuyan mərd oğullarımızın, yaralı əsgərlərimizin həyatını qurtaran həkim, elmimizi dünyaya təqdim edən alim, dünya mədəniyyət xəzinəsinə nadir incilər bəxş edən incəsənət xadimi, tarixçi, yazıçı, bəstəkar, şairdi Azərbaycan qadını...

Hər şeydən öncə isə məhəbbəti bir ümman, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərən, hər bir çətinliyə qatlaşaraq onu vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət, elinə-obasına məhəbbət ruhunda tərbiyə edən, xalqa, cəmiyyətə layiqli övlad yetişdirən anadır Azərbaycan qadını. Min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı övladının müqəddəs torpaq uğrunda şəhid xəbərini alanda belə "Vətən sağ olsun" deyəcək qədər böyük hünər sahibi, qeyrəti, isməti, millətinə, torpağına hədsiz məhəbbətilə tanınan, hər cür ehtirama, hörmətə layiq olan müqəddəs varlıqdır analarımız.

Qəhrəmanlar, sərkərdələr, fatehlər anası - Azərbaycan qadınının mərdliyi, mətanəti, mənəvi saflığı söz, sənət abidələrimizdə hər zaman öz əksini tapıb. Qadın ucalığı, böyüklüyü, müqəddəsliyi rəssamlarımızın, heykəltaraşlarımızın sənət əsərlərinin, yazıçı və şairlərimizin yaradıcılığının şah mövzusuna çevrilib. Cəfər Cabbarlının "Ana" şeirində "Cahanda yox elə bir qüvvə, baş əyim ona mən, fəqət nə güclü, zəif bir vücud var, yahu... Kimdir o? Nədir o?" sualına cavabı da deyilənlərin təsdiqidir:

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir,

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Ailə dəyərlərinə böyük önəm verən, dövlətini, millətini sevən, vətənpərvər ruhda övladlar yetişdirən Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın səsinə səs verən millət vəkilidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətini uğurla davam etdirən dövlət başçımız sağlam ailənin inkişafının, cəmiyyətdə qadının yerinin möhkəmləndirilməsinin vacibliyini xüsusi olaraq vurğulayır: "Qadınlar dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın və dinc yanaşı yaşamanın ən böyük təminatçısı olmuşlar. Onlar gələcək nəsillərin maraqlarının müdafiəsi naminə səylərini bu gün də əsirgəmir, beynəlmiləl zəmində ölkələrin və mədəniyyətlərin bir-birini daha yaxşı tanımaları üçün qüvvələrini səfərbər edirlər".

Mehparə Əliyeva,

"Respublika".