Kütləvi məzarlıqlar erməni vəhşiliyinin daha bir sübutudur
Sosial həyat

Kütləvi məzarlıqlar erməni vəhşiliyinin daha bir sübutudur

Torpaqlarımız işğaldan azad edildikdən sonra vacib məsələlərdən biri də kütləvi məzarlıqların aşkarlanması idi. Çünki 30 illik işğal dövründə Ermənistan əsir və girov götürdüyü azərbaycanlıların əksəriyyətini işgəncələrlə öldürərək kütləvi surətdə Qarabağ ərazisində basdırıb. Bu vaxta kimi bir sıra məzarlıqlar aşkar edilsə də, daha çox məzarlıqların olması ehtimalı böyükdür.

Dəfələrlə Azərbaycan qarşı tərəfdən kütləvi məzarlıqların dəqiq yeri barədə məlumat tələb etsə də, hələ ki, müsbət bir nəticə alınmayıb. Kütləvi məzarlıqların yerinin deyilməməsi düşmən ölkənin öz əməllərini ötr-basdır etmək üçün seçdiyi yoldur. Hətta güman edilir ki, işğal dövründə Qarabağda azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi üçün xüsusi "mərkəzlər" də olub. Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlı ermənilər tərəfindən əsir və ya girov götürülüb. 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də bu insanların sağ olduqları və ya dünyalarını dəyişmələri haqda heç bir məlumat verilmir. Doğrudur, bu vaxta kimi aşkar edilən məzarlıqlarda tapılan cəsədlər arasında onların bir qismi ekspertiza nəticəsində müəyyənləşib. Lakin bu, az bir faizdir.

Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi ağır müharibə cinayətlərinin izlərini torpağın altında gizlətməyə çalışır. Düşmən çox yaxşı bilir ki, xüsusi amansızlıqla qətlə yetirib kütləvi şəkildə torpağa basdırdıqları minlərlə azərbaycanlının qalıqları çox mətləblərə aydınlıq gətirəcək. Həmin əsir və girovların diri-diri yandırıldığı, sümüklərinin sındırıldığı, başlarına və digər əzalarına mismar vurulduğu və s. ağlasığmaz erməni vəhşiliyinin nümunələri aşkara çıxacaq. Bütün bunlar özünü qondarma tarixlə "dünyanın ən qədim xalqlarından biri" elan edən ermənilərin törətdikləri əməllərdir. Bu cür vəhşilikləri edən hay toplumundan xoşməramlı nə isə gözləmək absurddur.

Yaxın günlərdə Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarları yaxınlığında kütləvi məzarlıq aşkarlanıb və güman edilir ki, burada basdırılanlar Xocalı sakinləridir. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. 2023-cü il sentyabr ayının 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra keçmiş erməni döyüşçü Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılmışdı. Adıçəkilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral 1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildikdən sonra meyitlərinin həmin ətrafda basdırıldığını bildirmiş, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərmişdir. Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə ərazidə axtarış və qazıntı işlərinə başlasa da, hava şəraitinin əlverişsiz olması nəticəsində proses müvəqqəti olaraq dayandırılmış, yaxın günlərdə isə yenidən qala ətrafında axtarış və qazıntı işləri aparılmışdır.

Hazırda Əsgəran qalası yaxınlığında müəyyən edilmiş ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir. Hələ ki, kütləvi məzarlıqda 8 nəfərin cəsədlərinin qalıqları tapılıb. Lakin bu sayın daha da artacağı ehtimal edilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə əraziyə xarici media nümayəndələrinin də iştirak etdiyi mediatur təşkil edilib. Mediaturda yerli media nümayəndələri ilə yanaşı, Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosniya və Herseqovina və Rusiyadan 35 nəfər xarici media nümayəndəsi də iştirak edib. Ərazidə davam etdiriləcək axtarış işləri nəticəsində yeni insan qalıqlarının aşkar edilməsi gözlənilir. İnsan qalıqlarının eyniləşdirilməsi məqsədilə növbəti mərhələdə nümunələr götürülərək aidiyyəti laboratoriyaya təhvil veriləcək.

İşğaldan azad edilmiş ərazilərdə bu vaxta kimi bir neçə kütləvi məzarlıq aşkar edilmişdir. Bunlar Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlardır. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları tapılıb. Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı aşkarlanıb. Tapılan cəsədlərə baxış zamanı məlum olub ki, hərbi qulluqçularımızın əl-ayaqları məftil və ya kəndirlə bağlanmış vəziyyətdə basdırılıb. Bu da onlara verilən işgəncə və cəzaların bir sübutudur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının verdiyi məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı 1992-1993-cü illərdə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Məlumata əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46, Ağdam rayonunun Əliağalı kəndində isə 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Azərbaycan dövləti dəfələrlə soyqırımı aktları və digər ağır müharibə cinayətləri törətmiş Ermənistana beynəlxalq təşkilatların diqqət yetirməsini, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi ilə bağlı israrlı müraciətlər etsə də, BMT də daxil olmaqla əksər beynəlxalq təsisatlar müharibə cinayətlərinə münasibətdə ikili standartlardan çıxış edirlər. Bu isə ermənilərin ağır cinayət əməllərinə soyuqqanlı yanaşma sərgiləməklə bərabər, həm də müharibə cinayətkarlarının himayə olunmasıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".