Məğlub ölkənin etirafları
Siyasət

Məğlub ölkənin etirafları

Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan yerli mediaya geniş müsahibəsində Qarabağla bağlı bir sıra etiraflar edib, bəzi məqamlara aydınlıq gətirib.

İrəvan rəhbərinin verdiyi açıqlamalardan bir daha aydın olub ki, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmə qəbul etdirmək üçün çox ciddi səylə çalışıb və buna nail olub. Bununla da dövlətimizin başçısı keçmiş Dağlıq Qarabağ münaqişəsində Ermənistanın müharibədə olduğu kimi, siyasi müstəvidə də məğlubiyyətini rəsmiləşdirib.

Ölkəsinin birinci kanalına verdiyi müsahibədə baş redaktorun "Sizcə Qarabağ mövzusu bağlanıb?" sualını cavablandıran Nikol Paşinyan bildirib ki, Qarabağın statusu məsələsinin müsbət həll variantı heç vaxt danışıqlar masasında olmayıb. İndiyə qədər heç bir dövlət Qarabağı müstəqil qurum kimi rəsmən tanımayıb. Əgər bununla bağlı hər hansı sənəd varsa, arxivdən çıxarıb sübut etsinlər. Erməni xalqı artıq kimin kim olduğunu yaxşı bilir. Qarabağ ətrafında gedən danışıqlarda ancaq bölgədə yaşayan ermənilərin təhlükəsizliyi və statusu gündəmdəki əsas məsələlər olub. Paşinyan onu da əlavə edib ki, 2018-ci ildə hakimiyyətə gələrkən Qarabağ danışıqlarında Azərbaycan öz mövqeyini beynəlxalq müstəvidə bu cür tanıtdırıb, hər kəs Bakının yanaşmasını dəstəkləyib. Ermənistan baş naziri yalnız 1999-cu ildə "Mehri ilə Qarabağın dəyişdirilməsi təklifi" istisna olmaqla, ortada Qarabağ münaqişəsini həll edə biləcək (erməni mövqeyini müdafiə edəcək) heç bir real təklif olmadığını, əksinə, Minsk qrupunun təkliflərinin münaqişənin həll edilməməsi üzərində qurulduğunu da vurğulayıb.

Nikol Paşinyanın da qeyd etdiyi kimi, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ məsələsində heç bir güzəştə getməyəcəyini açıq şəkildə bəyan etməklə hər zaman bu məsələdə radikal mövqe nümayiş etdirib. Ölkə başçısı qarşı tərəfə və ATƏT-in keçmiş Minsk qrupuna bu şərtləri diktə edib: keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayon azad edilməli, keçmiş Dağlıq Qarabağın statusunun müəyyənləşməsi gələcəyə saxlanılmalı, azərbaycanlı qaçqınlar tam şəkildə qayıdandan və yerləşəndən sonra referendum keçirilməlidir. Qarabağın dağlıq hissəsində ermənilərin sayca üstün olmasını nəzərə alan dövlətimizin başçısı incə bir məqamı da qeyd edib: referendum yalnız Dağlıq Qarabağı deyil, bütövlükdə Qarabağı əhatə etməlidir. Nikol Paşinyan məsələ ilə bağlı müsahibəsində deyib: "Azərbaycan azərbaycanlıların say üstünlüyü olmayana qədər Qarabağda referendum keçirməyəcəyini elan etmişdi". Münaqişənin həllindən sonra kommunikasiyaların açılması, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən yolun açılması və eksklavların qaytarılması gündəmə gəlməli idi. Beləliklə, "Azərbaycan 2020-ci ilin sentyabrına qədər siyasi masada öz üstünlüyünü təmin edə bilmişdi" fikrini tam əminliklə söyləyə bilərik. Bu səbəbdən də İkinci Qarabağ müharibəsində bəzi ermənipərəst dövlətlərin mövqeyini kənara qoysaq, ümumilikdə bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. BMT Nizamnaməsinin 51-ci bəndi də imkan verdi ki, Silahlı Qüvvələrimiz öz torpaqlarını güc yolu ilə işğaldan azad etsin. Xatırladaq ki, bir müddət öncə də Paşinyan etiraf etmişdi ki, əvvəlki hakimiyyət Qarabağın müstəqilliyi üçün heç bir beynəlxalq dəstək əldə edə bilməyib. Bunu xalqına açıq-aşkar deyə bilmədiyi üçün özünün də günahkar olduğunu vurğulamışdı.

Birinci kanalın baş direktoru Petros Xazaryan növbəti sualında 2020-ci ilin doqquz noyabrında imzalanan üçtərəfli razılaşmanın şərtlərinin məhz Ermənistan tərəfindən pozulması ilə bağlı Rusiya Xarici İşlər nazirliyi rəsmisinin fikirlərinə Nikol Paşinyanın münasibətini öyrənməyə çalışıb. Lakin bu sual baş naziri əsəbiləşdirib. O, jurnalistə bildirib ki, nə üçün onlardan soruşmursan ki, bəs sülhməramlılar orada hansı sülhü təmin edirdilər? Üçtərəfli bəyanatın şərtlərinə görə beş il müddətində bölgəni tərk etməməli olduqları halda, nə üçün çıxıb gedəndə bizimlə sağollaşmadılar?

Paşinyan daha sonra KTMT-nin fəaliyyətindən söz açıb, bildirib ki, 44 günlük savaşın Azərbaycan ərazisində olduğunu deyən KTMT, yəni Rusiya müharibəyə müdaxilə etməyib. Ancaq 2021-ci ilin noyabrında Ermənistan ordusu "sərhəddə döyüşürdü", yenə də Rusiyadan heç bir reaksiya gəlmədi. Əslində Ermənistan baş naziri dolayı yolla Rusiyanı müharibəyə cəlb etmək üçün əlindən gələni etdiyini dilə gətirib. Belə olduğu təqdirdə, bu qənaətə gəlmək olar ki, 2020-ci ildən sonra Ermənistan-Azərbaycan şərti sərhədində baş verən bütün toqquşmaların tək səbəbi KTMT-ni bu münaqişənin tərəfinə çevirmək olub. Lakin nə KTMT, nə də Rusiya Ermənistanın provakasiyasına getməyib.

Məhz 2022-ci ildə şərti sərhəddə baş verən döyüşlərdə ağır məğlubiyyətə uğrayan Nikol Paşinyan bundan sonra Azərbaycanın ərazi bütövlüyünü şifahi olsa da tanımağa məcbur oldu. 2018-ci ildən hakimiyyət kürsüsündə əyləşən Nikol artıq yavaş-yavaş anlamağa çalışır ki, müharibə yolu ilə Azərbaycana üstün gəlmək yalnız mifdən ibarətdir.

Musa BAĞIRLI,

"Respublika".