Lisey tədris ilinə tam hazırdır
Region

Lisey tədris ilinə tam hazırdır

1994-cü ildən fəaliyyət göstərən Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey Qazax-Tovuz iqtisadi rayonundakı yeganə yeni tipli tədris müəssisəsidir. Liseyin məzunları müxtəlif illərdə ölkəmizin, Türkiyə Cümhuriyyətinin və digər ölkələrin ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar.  Şagirdlər hər il fənn olimpiadalarının rayon turunda yüksək yerlər tutaraq respublika olimpiadalarında müvəffəqiyyətlə iştirak etmiş, respublika səviyyəli müxtəlif müsabiqələrdə qalib gəlmişlər. 

Liseyin direktoru Nağı Nağıyev bildirdi ki, 2020/2021-ci dərs ilində 25 məzundan 17 nəfəri (68%) ali məktəblərə qəbul olunmuşdur.

Liseyin ümumi fəaliyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən layiqincə qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  19 avqust 2008-ci il tarixli və 20 iyun 2012-ci il tarixli sərəncamları ilə Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey “Ən yaxşı ümumi təhsil müəssisəsi” I və V  Respublika müsabiqələrinin qalibi elan edilmişdir. Lisey ölkəmizdə bu yüksək mükafata iki dəfə layiq görülmüş ilk ümumi təhsil müəssisəsidir.

Yüksək göstəricilərinə görə  tədris ocağı 2013-cü ildən Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə “Elektron məktəb” pilot layihəsinə qoşulmuşdur.

Müəllimlərdən 2 nəfəri “Əməkdar müəllimi” fəxri adına, 1 nəfəri “Tərəqqi” medalına, 1 nəfəri isə “Qabaqcıl  Təhsil İşçisi” döş nişanına layiq görülmüşlər. 4 nəfər müəllim isə  gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə fəxri fərmanlarla təltif edilmişlər.

Hazırda liseydə 160 nəfər şagirdin təlim-tərbiyəsi ilə 34 nəfər ali təhsilli müəllim məşğuldur.  

Hazırda liseydə yeni tədris ilinə hərtərəfli hazırlıq işləri aparılır. Tədris ocağının direktoru milli təhsilə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özü və rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını ifadə etdi.

Vəli VƏLİYEV,

“Respublika”.