Dahiləri bir də belə tanıyaq!
Mədəniyyət

Dahiləri bir də belə tanıyaq!

Əliağa Vahid

Elə sənətkarlar var ki, bəlkə də onlar əsrdə bir dəfə yetişir... Onlar heç vaxt unudulmur, yaddaşlardan silinmir. Belə sənətkarlardan biri də Füzuli ənənələrinin davamçısı, qəzəl janrının görkəmli nümayəndəsi, meyxananı ilk dəfə yazılı ədəbiyyata gətirən, söz xiridarı Əliağa Vahiddir. Daim sərxoş görünüşü, ütüsüz, qalstuksuz geyim-keçimi ilə seçilən, repressiyadan qorunmaq üçün əyyaşlıq edən, qəzəllərinin  çoxunu  gözəllərə həsr edən, söz atdığı tibb bacısıyla evlənən, elə tibb bacısının da səhlənkarlığı ucbatından dünyadan köçən bu şair həyatını yeyib-içməklə başa vurub...

Əliağa Məmmədqulu oğlu İsgəndərov Bakı şəhərində Məmmədqulu bəy və Səkinə xanımın ailəsində dünyaya göz açıb. Babası  böyük dərviş olub. Atasını çox erkən yaşlarda itirən şair əmisinin himayəsində böyüyüb. 2 il yarım mollaxanada oxusa da, sonradan  ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib.

Cəmiyyət həyatına fəhlə kimi gəlməsinə baxmayaraq, şeirə olan marağı Əliağanı mütaliəyə sövq edib. Olduqca güclü hafizəsi ona sinədəftər olmaq imkanı qazandırıb. Deyilənə görə, ona Vahid ləqəbini  məşhur qəzəlxan Əbdülxaliq Yusif verib. Bir gün Əliağa şairlər məclisi "Məcməüs-şüara"da keçirilən Əbdülxaliqin şeir gecəsinə gedir. Bura yığışan cavan şairlər onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Əliağa öz hazırcavablığı ilə elə seçilir ki, Əbdülxaliq gənc Əliağaya "Sən bu təbinlə Vahidsən" deyib, ona Vahid ləqəbini verir. Çox keçmədən bu adla mətbuatda görünməyə başlayır.

Şair içki düşkünü idi. Yeyib-içməyi çox sevən şair hətta  dəfələrlə bu vərdişini tərgitmək istəsə də, bacara bilməmişdi. Vahid bir səhər özünə söz verir ki, bu gün içki içməyəcək. Hər gün "paxmel" açdığı kafenin qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir: "Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!".  Deyilənə görə, onun içkiyə qurşanmasının əsas səbəbi  müharibə və repressiyadan qorunmaq üçün idi.  Mircəfər Bağırov onu heç vaxt ayıq olmadığı üçün repressiya obyekti etməmişdi. Vahidin xətrini  həmişə çox istəyən, onun yaradıcılığına dəyər verən M.Bağırov bir gün şairi yanına çağırıb içkini atmağı boynuna qoymaq istəyib, ancaq o, razılaşmayıb. Bir dəfə də Vahidə deyib ki, o "piyaniska"lıq edən şairləri göndərəcəyəm gedər-gəlməzə, bircə səni toxumluq saxlayacağam". Belə bir əhvalat da danışırlar: Vahidin adı repressiya olunacaq yazıçıların siyahısında Bağırovun stolunun üstünə  gəlib çıxır. Bağırov onun üstündən xətt çəkib deyir: "İçən adamdan vətən xaini olmaz!".

Qəzəlxan siqareti çox çəkərmiş. Gündə 4-5 qutu siqaret çəkər, hətta bəzən ona bu kifayət etməzmiş. Ondan soruşanda ki, niyə bu qədər çəkirsən? Deyərdi, adamın sağlam ölməyə heyfi gəlir.

Şair qızılgülü çox xoşlayırmış. Yaz-yay mövsümlərində Vahidin əlində həmişə qızılgül olarmış. İtlərə isə  xüsusi sevgisi vardı. Günlərin birində çox sevdiyi iti ölür. Xəbəri eşidən dostları onu dolamaq istəyir. Gecəyarı gəlib başsağlığı verirlər. Vahid halını pozmadan unikal cavab verir: arvad, yemək-içmək hazırla, itin qohum-əqrəbası gəlib.

Vahidin qəzəllərinin çox hissəsi gözəllərə aid idi. Daim eşq havasında yaşamaq onun həyatında da dərin izlər buraxmışdı. Deyilənə görə, şairin sevgililərinin sayı-hesabı olmayıb. Onun  iki ailəsi olmuşdu, amma xanımlarının heç birindən ömrünün son günlərinədək ayrılmamışdı. Uzun illər subay yaşayan Əliağa Vahid xəstə olarkən bir gün ona iynə vuran tibb bacısını bəyənir və xanıma söz ataraq "adamın belə arvadı ola" deyir, həmin qadın da zarafatla qayıdır ki, "alsan, niyə olmur". Bu zarafat onların evlənməsilə nəticələnir. Cütlüyün bu izdivacdan iki övladı (Ramiz və Firəngiz) dünyaya gəlir. Xanımı ilə aralarında nə az, nə çox düz 30 il yaş fərqi var idi. Bunu daim başına qaxınc edən arvadından Vahid sonralar üz döndərir və onun paltarlarını yuyan bir rus xanımı ilə evlənir. Amma o xanımdan övladı olmur.

Uzun illər astma xəstəliyindən əziyyət çəkən şair 70 yaşında bu bəla üzündən həyatla əbədi vidalaşıb. Deyilənə görə, bir gün bağda vəziyyəti pisləşən şair tibb bacısının iynəni gec vurduğuna görə ölüb. Tibb bacısı məsələsi sonradan yayılıb. Məlum olmayıb ki, tibb bacısı iynəni qəsdən gec vurub, yoxsa bu, sadəcə səhlənkarlıqdan olub...

Lion Feyxtvanger

Mübaliğəsiz demək olar ki, o, əsl ədəbiyyat nəhəngi, tarixi romanlar ustası idi. Əsərlərində müharibəni obrazlı şəkildə o qədər mükəmməl təsvir edirdi ki, sanki orada  özü iştirak etmişdi. Bu, savaşın içində olmasa da, onun ağrı-acısını duymasından irəli gəlirdi... Söhbət "Qoya" adlı tarixi romanı ilə dünya şöhrəti qazanan, XX əsr ədəbiyyatının ən görkəmli  nümayəndələrindən biri, hər dəfə oxuduqca yenidən kəşf olunan alman yazıçısı Lion Feyxtvangerdən gedir...

Yazıçı Almaniyanın Münhen şəhərində, yəhudi əsilli ziyalı bir ailədə dünyaya gəlib. Uşaqlıqdan ədəbiyyata olan həvəsi hələ məktəbdə oxuduğu zaman onu hər kəsdən fərqləndirib. Ailəsi onu musiqiyə istiqamətləndirsə də, ədəbiyyata üstünlük verib. Bitib-tükənməyən ədəbiyyat sevgisi Lionun Münhen və Berlin universitetlərinin Filologiya fakültəsini bitirməsinə səbəb olub. Jurnalistika və teatr tənqidi ilə məşğul olan yazıçı fəlsəfə elmləri doktoru adını alıb.

Lion Feyxtvanger faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edən yazıçı Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb. Sonradan alman qoşunları Fransanı işğal edərkən  çox çətinliklə xilas olub.

İki əsrin astanasında ömür sürən Lion Feyxtvanger tarixi dövrləri ədəbiyyatda ən mükəmməl əks etdirən dünya yazıçılarından biri və birincisidir.  Lionun yaradıcılığı çoxşaxəlidir. Alimlər onun yaradıcılığını alman tənqidi realizminin tərkib hissəsi kimi qiymətləndirirlər. O, görkəmli nasir, dramaturq və publisistdir. Lakin Lion Feyxtvanger dünyada tarixi roman ustası kimi daha məşhurdur. Yazıçının tarixi mövzulara müraciət etməsinin əsas səbəbi öz dövrünün müasir məsələlərinə olan münasibətini ortaya qoyması idi. Lion Feyxtvanger hələ sağlığında ikən ona bu  barədə verilən suallara belə cavab vermişdi: "Öz vicdanımla dəqiq təhlil etdikdən sonra cəsarətlə deyə bilərəm ki, mən tarixi romanlarımda müasir romanlarda deyə biləcəyim fikirləri demişəm".

Deyilənə görə, yazıçı yaradıcılığa başlayanda çox radikal üsula əl atırmış. Belə ki, o yazı ilə hər səhər cəmi iki saat yarım, özü də ayaq üstə məşğul olurmuş. O düşünürdü ki, belə olduğu halda yazdığına həm yaxından, həm də lazım gələndə bir qədər aralıdan baxa bilmək imkanı əldə edir.

Şəxsi həyatına gəlincə isə yazıçı gələcək xanımı  Marta Lefflerlə  ziyafətdə tanış olub. Lion sarışın qadınları bəyənsə də, məclisdə hər kəsdən  seçilən cazibədar Martanın zil qara saçları onun diqqətini cəlb edir. Lion bəstəboy olsa da, onun incə üz cizgiləri və zadəgan görünüşü də Martanın xoşuna gəlir. Beləcə onların arasında eşq macərası başlıyır. Bir müddət sonra cütlüyün arasında soyuqluq yaranır. Onlar yola getməsə də, yazıçı Martanın hamiləliyi səbəbindən   onunla nikaha girir. Cütlüyün bir qız övladı dünyaya gəlir. Lakin körpə  qısa müddətdən sonra tif xəstəliyi səbəbindən vəfat edir. Bundan sonra cütlüyün övladı olmur. Lion ömrünün sonuna qədər Marta ilə evli olsa da, bir çox qadınlarla eşq yaşayıb. Yeva Herrman adlı rəssam xanıma olan sevgisi isə xüsusi olub.

Ömrünün son illərini ABŞ-da keçirən yazıçı uzun müddət mədə xərçəngindən əziyyət çəkib və 74 yaşında daxili qanaxma səbəbindən Los-Ancelesdə vəfat edib.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".