Kürdəmirdə taxıl biçini ilə yanaşı, ərik yığımı da davam edir
Region

Kürdəmirdə taxıl biçini ilə yanaşı, ərik yığımı da davam edir

Kürdəmir rayonunda taxıl biçini davam edir, fermerlər arpa, buğda biçinində əldə olunan məhsuldarlıqdan razılıq edirlər. Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov deyir:

- Artıq əkin sahələrinin ölkə üzrə 26,5 faizində biçin yekunlaşıb. Razılıq hissilə deməliyəm ki, respublikada taxıl biçini prosesi sürətlə davam edir. Bu günədək sahələrdən 641423 ton arpa, 213460 ton buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 52,8 faizində, buğda sahələrinin isə 10 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq hər hektardan arpa üzrə 29,8 sentner, buğda üzrə isə 33,3 sentner təşkil edir.

Payızlıq əkinlər mövsümündə Kürdəmir rayonunda 42.842 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 10.515 hektarı buğda, 32.327 hektarı isə arpa sahələridir. İndiyədək rayon üzrə 24.847 hektar sahədə biçin aparılıb, sahələrdən 77.750 ton məhsul yığılıb. Rayonda taxıl üzrə orta məhsuldarlıq hər hektardan 31,3 sentner təşkil edir. Bu göstərici fermerləri razı salır. Rayonda arpa sahələrinin 68 faizində, buğda sahələrinin isə 30 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün "Aqroservis" ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib. Biçin prosesində 71 ədəd kombayn iştirak edir. 23 kombayn "Aqroservis" ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır. Digər rayon bölmələrindən 20 ədəd əlavə kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərə məxsus 28 özəl kombayn da cəlb olunub. Rayonda biçin prosesinin qısa müddətdə başa çatacağı gözlənilir.

Direktor onu da əlavə edir ki, Kürdəmir fermerləri öz pay torpaqlarında ərik bağları salmışlar. İsti keçən əlverişli hava şəraiti bağlarda bol və dadlı ərik meyvəsinin yetişdirilməsinə imkan yaradıb. Fermerlər məhsulu vaxtında və itkisiz yığıb satış üçün ölkə bazarlarına yola salırlar.

Tofiq HÜSEYN,

"Respublika"