KRİTİK VƏZİYYƏTİN YARANMAMASI ÖZÜ MÜZDƏN ASILIDIR
Səhiyyə

KRİTİK VƏZİYYƏTİN YARANMAMASI ÖZÜ MÜZDƏN ASILIDIR

Artıq üç ildir ki, dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlərin  qabaqlayıcı tədbirlər görməsinə baxmayaraq infeksiyanın yeni ştamları yaranmaqda davam edir. 

Belə ki, yeni növ koronavirus (COVID-19) mutasiyaya uğrayaraq əvvəlkilərdən daha təhlükəli olan EQ.5, "eris", BA.2.86 kimi yeni ştammların yaranmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Cənubi Koreya, İtaliya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Avstraliya və Sinqapurda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bir sıra ölkələrdə vəziyyət daha kritikdir. Hazırda Amerika Birləşmiş Ştatlarında yoluxma halları 2020-ci ilin statistikası ilə təxminən eynidir. Gündə 650 nəfərdə COVID-19 aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqust ayı ilə müqayisədə 5 faiz artıb. Bəzi ölkələrdə virusla mübarizə tədbirlərinə başlanılıb, məhdudiyyətlər tətbiq olunur. Yeni dalğalar başlayandan təxminən iki həftə sonra Rusiyada yeni ştamma yoluxma qeydə alınıb. Ölkədə 6 məktəb bağlanıb.  

Qeyd edək ki, ölkəmizdə də koronavirus xəstələrinin sayı ötən aylarla müqayisədə ikiqat artıb. Əvvəllər yoluxanların sayı aşağı rəqəmlər təşkil edirdisə, indiki yoluxma statistikası üçrəqəmlidir. Yeni mutasiyalarda risk qrupuna daxil olanlar əvvəlki ştammlarda olduğu kimi, yanaşı xəstəliyi olanlar, hamilələr, qocalar və azyaşlılar hesab edilir.

Bir çox insan özündə bu virusların simptomlarını hiss etmədən daşıyıcı ola bilər və müayinə olunduğu təqdirdə COVID-19-un hansısa ştammı ilə rastlaşmaq mümkündür. Bu baxımdan,  artıq bir sıra dünya ölkələrində maska rejimi tətbiq olunmağa başlayıb. Payız fəsli ilə əlaqədar yoluxma sayı artaraq ağır və xroniki xəstələrə ölümcül təsir göstərə bilər. Ona görə də özümüzü qorumalıyıq ki, ölkəmizdə həmin ştamın yayılması halları baş verməsin. Yuxarı tənəffüs yollarının hansısa xəstəliyinə yoluxma zamanı xəstəlik üç gündən artıq davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır.

Mütəxəssislərin rəyinə görə, yeni ştamlara əsasən immuniteti zəif olanlar və yaşlılar yoluxur. Boğaz ağrısı, hərarətin yüksəlməsi, halsızlıq, yorğunluq, əzələ və bədən ağrıları, iştahsızlıq, ishal və yaxud temperaturun üç gündən artıq düşməməsi istənilən virusa xasdır. Yeni ştammlar yaranarsa, onun yoluxma tezliyi arta bilər, amma öldürücülük qabiliyyəti əvvəlkindən aşağıdır.

Risk qrupuna aid olanlar peyvənd edilmək

lə bu dalğanı adlaya bilərlər. Son üç il ərzində əldə edilən infeksiyadan qorunmaq təcrübəsini indi də tətbiq etmək lazımdır. Bu, ilk növbədə qapalı yerlərdə maskadan istifadə etmək, müəyyən sosial məsafəni gözləmək və sanitar-gigiyenik qaydalara əməl etməkdən ibarətdir.

Üç illik müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, vaksinasiya olunmayanlar COVID-19-un yeni ştamlarına daha tez yoluxur və xəstəliyi ağır keçirir. Ölkəmizdə kritik vəziyyətin yaşanmaması özümüzdən asılıdır, çünki kəskin artan yoluxma sayı sərt qapanmaları zəruri edir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı əhalini peyvənd olunmağa çağırır. Belə ki, ÜST-ün tövsiyələrinə müvafiq olaraq elmi cəhətdən əsaslandırılmış profilaktik və əks-epidemik tədbirlər kompleksi 3 əsas həlqədən ibarətdir: mümkün risklərin aşkara çıxarılması, bu risklərin qiymətləndirilməsi və onların idarə olunması. Belə olduğu halda vətəndaşlarımızın da bu tövsiyələrə mütləq şəkildə riayət edərək peyvənd olunması günün tələbidir.

Nurəngiz ADİLQIZI,

"Respublika".