Kreml Paşinyana
Siyasət

Kreml Paşinyana "qırmızı xət"lərini xatırlatdı

Dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclası keçirilib. Toplantıdan əvvəl Ermənistanın baş Naziri Nikol Paşinyanın Rusiyaya gedib-getməyəcəyi hamının marağında idi. Çünki İrəvan rəsmisi uzun müddətdir KTMT-nin təlim və toplantılarından, eləcə də MDB çərçivəsində baş tutan görüşlərdən imtina edir. Əvəzində Qərbə yaxınlaşma meyilləri göstərir, Avropa nümayəndələrini Cənubi Qafqaza gətirməyə çalışır.

Amma nəhayət, bu dəfə hökumət rəhbəri iclasda iştirak etmək üçün Sankt-Peterburqa yola düşdü. Onu Rusiya Prezidenti Vladimir Putin qarşıladı, daha sonra Paşinyan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderləri ilə görüşdü. Əvvəlcə, baş nazirin Zirvə Toplantısında hamının gözü qarşısında mobil telefon ilə məşğul olması müzakirə obyektinə çevrildi. Sosial şəbəkə istifadəçiləri bu görüntüləri "yəqin Paşinyan iclasın gedişatı barədə Qərb ağalarına hesabat verir", - deyə şərh etdilər. Bundan başqa, İrəvan rəhbərinin toplantıda səsləndirdiyi fikirlər də gündəm oldu. Baş nazir bildirdi ki, Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır. Ölkəsi bu kontekstdə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir və Avrasiyaya inteqrasiyanı siyasiləşdirmək cəhdlərini dayandırmağa çağırır. Paşinyanın sözlərinə görə, Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməli, əsas ticarət və inteqrasiya azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırılmamalıdır. Çünki bu, assosiasiyanın fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq: "Bu kontekstdə Ermənistan tərəfi iqtisadi proseslərin 2030-cu ilə qədər və 2045-ci ilədək olan dövr üçün gələcək inkişafı haqqında bəyannamənin imzalanmasını vacib hesab edir ki, bu da birliyin orta və uzunmüddətli inkişafının konseptual və prioritet istiqamətlərinə əsaslanır".

Paşinyanın bu sözləri Qərbə ünvanlanmış kimi görünür. Baş nazir bununla Rusiyaya qarşı mövqeyindən imtina etmədiyini, sammitə iqtisadi əməkdaşlığa görə getdiyini və Avrasiyaya inteqrasiyanın siyasi yox, iqtisadi məqsəd daşıdığını ifadə etdi. Siyasi baxımdan Kreml ilə eyni tərəfdə olmadığını açıq-aydın göstərdi, eyni zamanda Putinlə görüşə getdiyi üçün antirusiya elektoratı qarşısında özünə haqq qazandırdı. Amma bununla Paşinyan hökumətinin həm Rusiya ilə münasibətləri yaxşı saxlamaq, həm də Avropa ilə əlaqələri genişləndirmək istəyi ifşa olundu. Bir daha aydın oldu ki, İrəvanın siyasi rəhbərliyi kollektiv qərbin iqtisadi imkanlarının cəlbi üzərində ikili siyasət həyata keçirir, müxtəlif qütblərlə oyun oynayır. Bu isə Ermənistanın gələcəyi üçün müsbət ssenari deyil. Rusiya ilə Avropanın qarşıdurması İrəvandakı sabitliyi təhdid edir, eyni zamanda Paşinyanın kreslosu üçün də təhlükə yaradır.

Paşinyan hökumətini gözləyən təhlükələr barədə Avrasiya İqtisadi İttifaqının toplantısında da xəbərdarlıq olundu. Doğrudur, bunu Kreml sahibinin özü etmədi, ənənəvi olaraq Putin Paşinyana demək istədiyi sözləri Lukaşenkonun dili ilə çatdırdı. Belarus Prezidenti Lukaşenko Ermənistana Fransaya bel bağlamamağı tövsiyə etdi. Belarus lideri bildirdi ki, Fransa nəsə etməyə çalışır, amma gərək öz regionlarındakı problemləri həll etsinlər, sonra Qafqaza girsinlər: "Onlar bunu özləri başa düşə bilmirlər. Ermənilər bunu görür. İctimaiyyət qarşısında baş verənlər bir şeydir, ictimaiyyətdən kənar olanlar tamam başqadır - əsas proseslər orada olur. Həmin proseslərə görə Ermənistan mütləq bizimlə olacaq. Çünki bu, onların inkişafının ən vacib istiqamətidir".

Belarus rəhbəri Paşinyana Əfqanıstanı nümunə çəkdi və Rusiya mərkəzli alyanslardan üz döndərəcəyi təqdirdə, iqtisadi baxımdan "öləcəyi" mesajını verdi. Bununla da görünən odur ki, Avrasiya İqtisadi İttifaqının iclasında Nikol Paşinyanın qarşısında tapşırıq qoyuldu. Bundan sonra Ermənistan hökumətinin rəhbəri ölkəsini hansı qütbə yaxınlaşdıracağı barədə ciddi qərar verməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".