Kirman terrorunun gizlinləri
Siyasət

Kirman terrorunun gizlinləri

Yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb. İlkin məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib. Artıq terror aktı ilə əlaqədar 32 şəxs həbs olunub. İŞİD terror qruplaşması (İraq-Şam İslam Dövləti) baş verənlərə görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Amma İran Prezidenti İbrahim Rəisi terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərkən deyib ki, Kirmandakı partlayışların məsuliyyətini üzərinə götürən İŞİD ABŞ və İsrail tərəfindən idarə edilir.

İran parlamentinin sədr müavini Müctəba Zülnurinin sözlərinə görə isə partlayışların qeyri-intihar aktı mahiyyətini nəzərə alsaq, deyə bilərik ki, bu, İsrailin işidir. Yəni bir növ Tehran rəsmiləri bildiriblər ki, Kirmanda Süleymaninin ildönümündə törədilən terakt üçüncü güclər tərəfindən planlaşdırılıb və İŞİD-in köməyi ilə həyata keçirilib. Çünki İranda düşünürlər ki, baş verənlər sözügedən qruplaşmanın "dəst-xətti"nə uyğun deyil. İddialara görə, bunun da müəyyən səbəbləri var. İlk gündəmə gətirilən məsələ budur ki, İŞİD-in məsuliyyəti üzərinə götürən bəyanatı heç vaxt 30 saat gecikmə ilə verilmir. Bu qruplaşmanın əməliyyat keçirmə üsulu əvvəlcə təhdid etmək, ardınca fitva vermək, sonra icra etmək və dərhal məsuliyyəti üzərinə götürən bəyanat yaymaqdan ibarətdir. Bu dəfə isə əvvəl terror aktı həyata keçirilib və 30 saat sonra açıqlama verilib. Həmçinin bu bəyanatda terrorçuların siyasi ritorikadan istifadə etdiyi və bunun İŞİD-in ənənəvi üsulundan əsaslı şəkildə fərqləndiyi iddia edilir.

Bütün bunları nəzərə alaraq İran günahkarlardan qisas alacağının mesajını verib. Artıq Qum şəhərində şiələr üçün müqəddəs olduğu iddia edilən Çəmkəran məscidində qırmızı bayraq qaldırılıb. Belə bir hadisə ölkənin müasir tarixində ikinci dəfə baş verir. İlk dəfə 3 yanvar 2020-ci ildə Qasım Süleymaninin Bağdad aerodromundan aviazərbə nəticəsində öldürülməsindən sonra qırmızı bayraq qaldırılmışdı. Bu zaman da düşünülmüşdü ki, Tehran rəhbərliyi əfsanəvi general hesab etdiyi şəxsin qisasını alacaq. Amma aradan 4 il vaxt keçəndən sonra məlum oldu ki, İran yalnız ABŞ-ın bir neçə bazasına proksi qrupları vasitəsilə uğursuz hücumlar həyata keçirə bilib. Bu isə onu sübut edir ki, qisas alacağı haqda daxili auditoriyaya informasiya ötürən İran rəhbərliyi əslində qətiyyətli addım atmaqdan çox uzaqdır. Ona görə də Qumda qaldırılan qırmızı bayrağı yalnız təsəlli mesajı kimi qəbul etmək lazımdır.

Kirman terrorunun İŞİD və İsrail tərəfindən törədildiyinə dair iddiaları gündəmə gətirilsə də, partlayışı İran hakimiyyətindəki qrupun reallaşdırdığı haqda məlumatlar da var. Buna səbəb kimi hadisə ilə bağlı mövcud rejim tərəfindən müxtəlif iddiaların irəli sürülməsi göstərilir. Belə ki, əvvəl 4 bomba partlaması xəbəri yayılıb, ardınca sayın 2 olduğu açıqlanıb. Dövlət rəsmiləri daha sonra hadisəni qaz partlayışı ilə əlaqələndiriblər. Belə şübhəli açıqlamalar cəmiyyətdə müxtəlif şayiələrin yaranmasına səbəb olub. Digər tərəfdən qeyd etmək lazımdır ki, hücum baş verməzdən bir neçə gün əvvəl İran hakimiyyəti xəstəxanaların hazırlıq vəziyyətinə gətirildiyini elan edib. Bu məqamda sual oluna bilər ki, bəs nəyə görə Tehran hökuməti belə bir addımı atıb? Cavab isə sadədir: problemlərdən yayınmaq üçün. Məlum məsələdir ki, ölkə daxilində sosial və iqtisadi problemlər durmadan artır, İranda səfalət hökm sürür. Hakimiyyət də hazırkı vəziyyətdən çıxış yolu kimi özünü qurban qismində təqdim etməyi seçib. Bu məqsədlə də İsraili hədəf göstərib. Qısaca desək, İran partlayış nəticəsində ölkədə xarici düşmən obrazını gücləndirərək ictimaiyyəti rejim ətrafında birləşdirməyi hədəfləyib.

Amma Təl-Əviv rəhbərliyi ilk gündən Kirmanda baş verən hücumda əlinin olmadığını bildirib. Tarixə də nəzər salsaq görərik ki, İsrailin əməliyyatlarında heç zaman günahsız İran vətəndaşları həlak olmayıb.

Jalə QASIMZADƏ,

"Respublika".