Daşınmaz əmlakla bağlı tariflər azaldılıb
İQTİSADİYYAT

Daşınmaz əmlakla bağlı tariflər azaldılıb

Hərfi mənada dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, torpaqla bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşə və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr mənasına gələn daşınmaz əmlak günümüzdə insanlar üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda insanlar yatırım etmək üçün daha çox daşınmaz əmlaklara üz tutur. Şübhəsiz ki, xüsusi diqqət tələb edən bu müəssisənin də özünə görə dövlət tərəfindən təyin edilmiş qayda və qanunları mövcuddur.

Azərbaycan dövləti və onun Konstitusiyası insanların daha rahat mənzillərə sahib olması, insanların əmlak məsələsindəki çətinliklərini ortadan qaldırmaq məqsədilə bu günə qədər bir çox layihələr həyata keçirib. Bunlardan biri də dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması məqsədilə yaradılan Əmlak Məsələləri Dövlət Xidmətidir. Komitə bir sıra mühüm vəzifələri həyata keçirir. Belə ki, buraya müvafiq sahəni tənzimləyən normativ-hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək, Dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək, həmçinin dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək, dövlət əmlakının reyestrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından zəruri məlumatların alınmasını həyata keçirmək və sair məsələlər aiddir.

Bu gün ölkəmizdə dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı məsələlərində mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Buna əsasən deyə bilərik ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub.

Hazırda Qarabağ ərazisində gedən işlər həm ölkə iqtisadiyyatına, həm də əmlak məsələlərində yeni pəncərələr açır. Belə ki, doğma Qarabağ torpaqlarımızda ötən il 390 min hektar sahədə yerquruluşu, 283 min hektarda çöl torpaq tədqiqatı, 309 min hektarda geobotaniki tədqiqat işləri görülüb. Həmçinin işğaldan azad olunmuş ərazilərimizdə indiyədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb. Bu sahədə uğurlardan biri də Qarabağ bölgəsində daşınmaz əmlak və infrastruktur obyektləri barədə toplanmış məlumatların etibarlı surətdə qorunmasının və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminin yaradılması olub. Bu günədək rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikili və qurğudan təqribən 145 mini təsbit olunub və həmin sistemə daxil edilib.

Qeyd edək ki, Qarabağda gedən işlərlə yanaşı, paytaxt Bakıda olan əmlaklarla bağlı islahatlar aparılır. Bunun nəticəsidir ki, ötən gün iclas keçirən Tarif Şurası mühüm qərarlar qəbul edib. Belə ki, tariflər tənzimlənərkən sosialyönümlülük nəzərə alınaraq, iqtisadi əlverişlilik və xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb və yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulub. Qəbul edilən qanuna əsasən Azərbaycanda torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri müəyyən olunub. Nəticədə yaranmış yeni 9 xidmət üzrə 14 tarif müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, 29 tarif tətbiq olunmadığı üçün ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Daha sonra yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər orta hesabla 5,2% azalıb. Həmçinin qeyd edək ki, burada şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına bir sıra güzəştlər tətbiq olunub. Belə ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt edilir. Həmçinin çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kv.m üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49% azaldılaraq, ilkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kv.m üçün 0,65 manat səviyyəsində müəyyən edilib. Mənzillər üzrə isə bu tariflər sahəsi 50 kv.m-dək (50 kv.m daxil) olduqda Bakıda 40 manat, Abşeron, Sumqayıt və Gəncədə 35 manat, digər şəhər və rayonlarda 30 manat təşkil edir. Əmlakın olub-olmamasına dair arayışın verilməsi üzrə xidmət haqqı əvvəlki tarifdə 1 yaşayış təyinatlı əmlak üçün 10 manat, qeyri-yaşayış təyinatlı əmlak üçün 50 manat nəzərdə tutulmuşdursa, yeni tarifdə əmlak sayı (təyinatından asılı olmayaraq) 10-dək olduqda 10 manat və 10-dan artıq olduqda isə hər əlavə əmlak üçün 2 manat xidmət haqqı müəyyənləşdirilib. Şübhəsiz ki, bu addımlar istər ölkə iqtisadiyyatına, istərsə də insanların maddi durumuna töhfə verəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".