KƏHRİZLƏRƏ LAQEYD MÜNASİBƏT
Region

KƏHRİZLƏRƏ LAQEYD MÜNASİBƏT

Azərbaycanda ta qədimdən kəhrizlərdən həm suvarma üçün, həm də məişətdə istifadə olunub. "Kəhriz" və ya "kehriz" yeraltı suvarma kanalı mənasını verir.

Kəhrizlərin çəkilməsi ağır zəhmət tələb edən işdir. Həmçinin bu, son dərəcə qiymətli tarixi irsdir. Qeyd etmək lazımdır ki, kəhrizlər şəhərsalmanın ən mühüm elementlərindən biridir. Əslində, kəhrizlərdən dağətəyi zonalarda yeraltı suları öz axarı ilə yer səthinə çıxarmaq üçün istifadə olunub. Su lağımı peşəkar kankanlar tərəfindən qazılır. Maili lağım müxtəlif dərinlikli şaquli quyular vasitəsilə birləşdirilir. Su lağımı daş və ya bişmiş kərpiclə tağbəndvari hörülür. Adətən, lağım suyu təmiz və duru olur, ekoloji baxımdan içmək üçün ən əlverişli mənbə hesab edilir. 1911-1917-ci illərdə azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin dəstəyilə Xaçmazdan Bakıya çəkilən və il ərzində 120 milyon kubmetr su verən Şollar suyu da məhz kəhriz sistemi ilə nəql edilmişdir.

Bu qədim su təchizatı qurğularının bərpası və qorunub saxlanılması, eyni zamanda xalqın mədəni irsinin qorunması işinə də dəyərli töhfədir. Əslində isə kəhrizlər su mənbəyi kimi min illər boyu məişət və təsərrüfatda böyük əhəmiyyət kəsb etmişdir. Əhalini içməli su ilə təmin edən kəhrizlərdən dəyirmanları işlətmək, əkinləri, bağ və bostanları suvarmaq üçün, habelə soyuducu kimi istifadə edilmiş, yay zamanı içərisində üzüm, yemiş, qarpız, ət-süd məhsulları və sairə saxlanılmışdır. Belə ki, kəhriz tunellərində 2x3 metr və ya 3x4 metr ölçülü və hündürlüyü 2 metrdən artıq olmayan xüsusi yerlər də tikilirdi. Bu yerlərdə müxtəlif ərzaqlar (ət, yağ, piy, qovurma, pendir, turşu və digər məhsullar) saxlanılırdı. Yay aylarında kəhrizlərdə temperatur müntəzəm olaraq müsbət 8, mənfi 10 dərəcə arasında olurdu ki, bu da ərzaq məhsullarını soyuducudakı kimi saxlamağa imkan verirdi. Ötən əsrin ortalarında kəhrizlərə laqeyd münasibət bəsləndiyindən onların çoxu öz gücünü itirib, bəziləri isə dağılaraq baxımsız vəziyyətə düşüb. Bu isə kənd təsərrüfatı sahəsində çətinliklərin yaranması və su çatışmazlığı ilə nəticələnıb.

XX əsrin 60-cı illərinin əvvəlində Azərbaycanda 812 lağım olmuşdur. Lakin bir çoxu diqqətsizlik ucbatından sıradan çıxmışdır. Hazırda 353 kəhriz fəaliyyətdədir. Mövcud kəhrizlərin suyu ilə 1800 hektardan artıq əkin sahəsini su ilə təmin etmək mümkündür. Bir hissəsinin isə tədqiqatı aparılmalı, bərpa edilməlidir. Hələ ta qədim zamanlardan Gəncə şəhərinin su ilə təchizatında kəhrizlər mühüm rol oynayıb. Bu kəhrizlər hesabına şəhər əhalisinin həm içməli su, həm də suvarmaya olan tələbatı tam ödənilirdi. Lakin bu gün Gəncə kəhrizlərindən yalnız 1-2-si mövcuddur və onlardan əvvəlki tək istifadə olunmur. Tarixə nəzər salsaq, Azərbaycanda kəhrizlərdən daha çox Gəncədə və Naxçıvanda istifadə olunub. Demək olar ki, şəhərin hər bir məhəlləsinin özünün ayrıca kəhrizi olub. Bu kəhrizlərdən insanlar suya olan tələbatını ödəmək üçün istifadə ediblər. Hətta şəhərin mərkəzində son vaxtlara qədər kəhrizlər işlək vəziyyətdə idi. 1990-cı illərdə səriştəsiz rəhbərliyin və aidiyyəti qurumların laqeydliyi ucbatından bir hissəsi dağıldı, bir hissəsi isə abadlıq-quruculuq işləri aparılarkən torpaq altında qalaraq öz izini itirdi.

Tarixi mənbələrdə Gəncədə 65-dən çox kəhrizin olduğu qeyd edilir. Amma bu gün Gəncədə 32 kəhriz haqqında məlumat var. Sonuncusu 1928-ci ildə çəkilib. Kəhrizi çəkənlərin heç bir təmənnası olmayıb, əksinə ildə 1 dəfə onun təmiri, təmizlənməsi üçün xərc çəkib, ondan mənəvi zövq alıblar. Bir zamanlar qiymətli irsimiz olan bu kəhriz çeşmələri Gəncənin əsas içməli su mənbəyi hesab edilirdisə, müasir dövrdə kəhrizlər sıradan çıxıb. Lakin çağdaş dünyada suya tələbatın artması bu gün bunu labüd edir. Çünki heç bir vəsait lazım olunmur. Bu gün şəhərin bir neçə istiqamətində kəhrizlər mövcud olsa da, ya ümumiyyətlə yararsız vəziyyətdədir, ya da yalnız suvarma üçün istifadə edilir. Buna səbəb həm kəhrizlərin bərbad vəziyyətdə olması, həm də kəhriz sularının ekoloji tələblərə cavab verməməsidir. Kəhrizlərə laqeyd münasibət olduğundan çox vaxt çirkli sular kəhriz sularına qarışır. Gəncədə kəhrizlərin içməli su mənbəyi kimi sıradan çıxması bu gün bu istiqamətdə yeni layihələrin həyata keçirilməsini labüd edir.

Bu gün planetdə gedən istiləşmə, təbii hadisələr bəşəriyyəti ayıq olmağa, təbiətdən səmərəli istifadə etməyə çağırdığı halda, saf və təmiz, fasiləsiz su verə bilən, cüzi xərclə təmir olunan, əhalinin içməli və suvarma suyuna tələbatını yetərincə ödəyən kəhrizlərin qorunması və bərpasına daha böyük ehtiyac var.

Zabit XƏLİLOV,

"Respublika".