Yevlaxda torpaq kanallar beton üzlüyə alınır
Region

Yevlaxda torpaq kanallar beton üzlüyə alınır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Yevlax rayonunda Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılmasının vaxtında həyata keçirilməsi üçün meliorativ tədbirlər ilin əvvəlindən etibarən davam etdirilir. Əkin sahələri 2 üsulla - mexaniki və özü axımıyla suvarılır. Özü axımıyla 29496 hektar, mexaniki üsulla isə 12901 hektar. Mexaniki üsulla suvarma 41 ədəd nasos stansiyası vasitəsilə həyata keçirilir.

İdarənin balansında 81 kilometrə yaxın beton kanal, 112 km nov kanal, 1015 km torpaq kanallar, 1313 km kollektor-drenaj şəbəkəsi var. Onlar üzərində 3847 ədəd müxtəlif tipli hidrotexniki qurğular, 92 ədəd subartezian və 5 ədəd artezian quyuları, 612 hektar meşə zolaqları mövcuddur. Hazırda Aran qəsəbəsi ərazisində olan torpaq məcralı kanalın beton üzlüyə alınması işləri həyata keçirilir ki, bu da su itkisinin qarşısının alınması istiqamətində mühüm bir addımdır.

Əkin sahələrini mütəşəkkil, vaxtında və normalara uyğun suvarma suyu ilə təmin etmək məqsədilə 2023-cü ilin ötən iki rübü ərzində bir sıra işlər görülüb. Belə ki, cari təmir işləri hesabına rayonun əksər kəndlərini əhatə edən torpaq məcralı suvarma kanallarında 140 kilometr uzunluğunda, kollektor-drenaj sistemində isə 95 km uzunluğunda lildən təmizləmə işləri yerinə yetirilərək suötürücülüyü yaxşılaşdırılıb. Ümumilikdə, idarənin öz gücünə 595 min kubmetr həcmində lildən təmizləmə işləri yerinə yetirilib.

 Qeyd edək ki, Yevlax Suvarma Sistemləri İdarəsi rayonun 42397 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları və subartezian quyularıdır.

Nəriman CAVADOV,

"Respublika".