Replika
Ölkəmizin bütün bölgələrində yaşıllaşdırma ilə bağlı görülən işlərə nəzər salanda adama elə gəlir ki, Şəki şəhərində müvafiq qurumların rəhbərləri və əməkdaşları bu vacib dövlət siyasətindən sanki xəbərsizdirlər. Çünki hər yerdə yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, yaşayış sahələrinə yeni həyat və gözəllik verilir.
Şəki şəhərində bu sahədə daha mühüm işlərin görüldüyünü fikirləşsək də, gördüyümüz reallıq bütün bunların əksi oldu. Şəhərin Aydın Məmmədov, Məmməd Əmin Rəsulzadə və digər bir sıra küçələrində ağaclara qulluq əvəzinə, kortəbii münasibət göstərilir. Şəhərin füsunkar təbiətinə xüsusi gözəllik bəxş edən və böyük bir tarixi ilə seçilən ağaclar göz görə-görə məhv edilir, dibləri betonlanır, asfaltlanır, tamet döşənir. Bu işə cavabdeh olan məmurlar isə bunun qarşısını almaq əvəzinə vəzifə öhdəliklərinin üzərindən susmaqla keçməyə çalışırlar. Bu acınacaqlı fakta reaksiya verən, ağacların məhvinin qarşısını almağa çalışan bir nəfər də tapılmır.
Digər tərəfdən isə Şəki ölkəmizin daha çox yerli və xarici turist cəlb edən şəhəri kimi də tanınır. Əfsuslar olsun ki, təbiətə qarşı bu biganəliyi görənlərin şəhər və ölkəmiz haqqında hansı fikirlərə düşdüyünü, xalqımızın insan ömrünü uzadan ağaclara və təbiətə belə qayğısızlığı barədə nə fikirləşdiyini anlamaq heç də çətin deyil. Bu mənada real faktları çəkdiyimi görən əcnəbinin reaksiyasını da asanlıqla başa düşdüm. Axı necə ola bilər ki, dünyanın 10-dan artıq şəhəri ilə qardaşlaşan, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlər edən şəhərin müvafiq qurumlarının rəhbərləri və bələdiyyə əməkdaşları bunu görməsinlər? Beləliklə də biz öz ömrümüzə düşmən kəsilməklə bunun xaricdə də təbliğatını aparmağa çalışırıq. Belə acınacaqlı vəziyyət davam edərsə, yaxın zamanda Şəkinin yaşıllıqlar məkanı quru ağaclarla əvəzlənə bilər.
M.NƏRİMANOĞLU,
"Respublika".