İKİ QARDAŞ ÖLKƏNİN ORTAQ TARİXİNİN PARLAQ SƏHİFƏLƏRİ
Tarix

İKİ QARDAŞ ÖLKƏNİN ORTAQ TARİXİNİN PARLAQ SƏHİFƏLƏRİ

"XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında Heydər Əliyev demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Hər il sentyabrın 15-i Bakının daşnak-bolşevik işğalından azad edilməsinin ildönümü kimi qeyd edilir. 1918-ci ildə həmin gün Azərbaycan Ordusu ilə Qafqaz İslam (Türk) Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti paytaxta köçdü və bununla da dövlət müstəqilliyinin özülü möhkəmləndirildi. Lakin bu qələbə minlərlə şəhidin qanı bahasına başa gəldi.

Bu gün istər ictimaiyyət arasında, istərsə də elmi dairələrdə belə bir fikir hakimdir ki, əgər 1918-ci ilin yayında türk qoşunları Azərbaycana gəlməsəydi, Bakını daşnak-bolşevik işğalından azad etmək mümkün olmayacaqdı, bununla da müstəqil Azərbaycan dövləti 1918-1920-ci illər tarixi sərhədləri çərçivəsində mövcud olmayacaqdı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Milli hökumətin ixtiyarında olan cəmi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik daşnak-bolşevik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Bakı Soveti ordusunun tərkibinin 60-70 faizini ermənilər təşkil edirdi.

Türk qoşunlarının Azərbaycana dəvət edilməsi ideyası hələ Azərbaycan Xalq Cümhuriyyəti elan edilməmişdən bir neçə ay öncə meydana çıxmışdı. Bu ideyanın əsas müəllifi Nəsib bəy Yusifbəyli idi. Cənubi Qafqazda üç müstəqil dövlətin yaranacağını əvvəlcədən hiss edən Nəsib bəy Yusifbəyli türk qoşunlarının yardımı olmadan Bakını işğaldan azad etməyin mümkün olmayacağı qənaətində idi. Ona görə də  Nəsib bəy Yusifbəylinin təşəbbüsü ilə 1918-ci ilin əvvəlində Gəncədə Müsəlman Milli Şurasının iclası çağırılmış və Şuranın adından Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula səlahiyyətli nümayəndə göndərmək qərara alınmışdı. Sonralar müstəqil Azərbaycanın təhlükəsizlik xidmətinin rəhbəri olan Nağı bəy Şeyxzamanlı (Keyqurun) İstanbula göndərilmişdi. O, əvvəlcə Osmanlı sultanı və sədrəzmlə görüşmüşdü. Hərbi nazir Ənvər Paşa ilə görüşdükdən sonra isə onun qardaşı Nuru Paşanın təlimatçı zabitlər heyəti ilə Azərbaycana göndərilməsi qərara alınmışdı.

Nuru Paşa Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən üç gün öncə - mayın 25-də Gəncəyə gəlmişdi. O, Müsəlman Korpusunun vəziyyəti ilə tanış olduqdan sonra Türkiyə qoşunlarının komandanlığına müraciət edərək bildirmişdi ki, türk qoşunları Azərbaycana gəlməsə, burada genişlənən erməni-bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Nəsib bəy Yusifbəyli də Cənubi Qafqaz Seyminin Müsəlman fraksiyasının mayın sonuna yaxın keçirilən iclasında demişdi: "Yalnız Azərbaycanı deyil, bütün Cənubi Qafqazı istila edən böyük, dəhşətli anarxiyanı biz öz qüvvəmizlə sakitləşdirə bilmərik. Şərq tərəfdən bolşeviklərin bizim əsrlik düşmənimizlə birləşərək hücum etməsi vəziyyəti daha da ağırlaşdırır və türk millətinə olduqca böyük müsibət və fəlakət gətirir. Belə olduğu halda, bizə xarici bir qüvvənin müdaxiləsini istəməkdən başqa çarə qalmır. İstiqlaliyyətimizin qızğın tərəfdarı olmaqla bərabər mən, bu məsələ haqqında birinci olaraq danışmaq məcburiyyətindəyəm. Fəlakətin üzünə cəsarətlə baxmaq lazımdır. Çox fərəhli haldır ki, bizimlə dost və qardaş olan Türkiyədir. Bəlkə bu, bizim qonşuların xoşuna gəlməyəcəkdir, lakin başqa çarəmiz yoxdur... Bizim heyətin Batuma gedərək Cənubi Qafqaz türkləri adından Osmanlı dövlətindən yardım istəməsinin zamanı gəlmişdir".

1918-ci il iyunun 4-də Batumda Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında imzalanan dostluq və əməkdaşlıq haqqında müqavilənin 4-cü bəndinə əsasən Azərbaycan Türkiyədən hərbi yardım istəmişdi. Bundan sonra Türkiyənin Şərq qoşunları komandanı Vəhib Paşa Qafqaz İslam Ordusunu gücləndirmək məqsədilə Mürsəl Paşanın komandanlığı altında 5-ci diviziyaya Azərbaycana yola düşmək əmri vermişdi. Həmin diviziyanın hissə və bölmələri Gümrü-Cəlaloğlu (indiki Stepanavan) istiqamətində hərəkət edərək Gürcüstan ərazisinə daxil olmuş, oradan da Qazax yolu ilə Gəncəyə gəlib çıxmışdı. Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı.

İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etmişdi. İyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusu Xüsusi Azərbaycan Korpusu adlandırılmış, Əliağa Şıxlinski komandir təyin edilmişdi. Bu vaxt Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə Bakını bolşevik-daşnak işğalından azad etmək və dövlətin ərazi bütövlüyünün bərpasına nail olmaq idi. Nuru Paşa öz qoşunlarına müraciətində: "Bizim məqsədimiz - Bakıdır" demişdi. İyunun 27-də Türkiyə-Azərbaycan qoşunları Bakı üzərinə hücuma keçmişdi. Həmin vaxt artıq erməni-rus hərbi birləşmələri Bakını, Qubanı, Şamaxını viran qoymuş, Sovet Rusiyasının hərbi yardımına arxalanaraq Göyçay istiqamətindən Gəncə üzərinə hücuma başlamışdı.

Azərbaycan-Türkiyə qoşunları ilə erməni-bolşevik qoşunları arasında ilk döyüş iyunun 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş vermiş və düşmənlər oranı ələ keçirə bilmişdilər. İyunun 19-da Nuru Paşanın tapşırığı ilə döyüş cəbhəsinə yeni qüvvələr göndərilmişdi. Döyüşlər əsasən Qaraməryəm-Ağsu şosesi və Müsüslü-Kürdəmir dəmir yolları ətrafında gedirdi. Qafqaz İslam ordusunun Göyçay ətrafındakı qələbəsi Bakını azad etmək uğrunda mübarizədə dönüş nöqtəsi oldu. İyulun əvvəlində Türkiyədən köməyə gələn əsgər və zabitlərin sayı 10 min nəfərə çatırdı. İyulun 10-da Qafqaz İslam ordusu Kürdəmiri erməni-bolşevik işğalından azad etdi. Dörd gün sonra isə Kərrar stansiyası azad edildi. Sol cinahda (Şamaxı istiqamətində) və sağ cinahda (Salyan istiqamətində) Qafqaz İslam Ordusunun qüvvələri, mərkəz cinahda isə Azərbaycan qoşunları (Kürdəmir istiqamətində) Bakı üzərinə hücuma keçmişdilər. S.Şaumyanın başçılığı ilə Bakı Xalq Komissarları Soveti Rusiyanın İran ərazisindəki qoşunlarının tərkibindəki kazak dəstələrinin komandiri L.Biçeraxovu köməyə çağırmağa məcbur olmuşdu. İyulun 19-da Qırmızı ordu hissələri Şamaxı istiqamətində geri çəkilir. İyulun 27-də Hacıqabul işğaldan azad edilir və Bakı üzərinə hücum üçün əlverişli şərait yaranır.

İyulun 25-də Şamaxı yolunun üstündə

 olan düşmən qüvvələr Bakıya qədər geri çəkilir. Həmin gün Bakı Sovetinin iclasında sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarını Bakıya dəvət edirlər. İyulun 31-də türk qoşunları Heybət stansiyasından irəliləyərək Xırdalanı azad edir. Bakı Soveti istefa verməyə məcbur olur. Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər Deputatlarının Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyəti adlanan yeni hakimiyyət orqanı yaradıldığı elan edilir. Avqustun 1-də Türkiyə-Azərbaycan Qoşunlarının Şimal Qrupu Qurd qapısını ələ keçirsə də, onu əldə saxlamaq mümkün olmur. Avqustun 6-da Qafqaz İslam Ordusunun qərargah rəisi Nazım bəy Qobuya gəlir və Şərq cəbhəsində vəziyyətin ürəkaçan olmadığını görür, 15-ci türk diviziyasının bütünlüklə Bakı ətrafına göndərilməsini təklif edir.

Avqustun 17-də Denstervilin komandanlığı ilə ingilis qoşunları Bakıya gəlir. On gündən sonra yenidən hücum əməliyyatları başlayır. Azərbaycan-Türkiyə qoşunları Fatmayı, Goradil, Pirşağı, Kürdəxanı və Novxanı kəndlərini azad edir. Sentyabrın 1-də Binəqədi azad edilir. Sentyabrın 8-də 15-ci diviziya Bakı cəbhəsinə çatır. İki gün sonra Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşa da Bakı ətrafına gəlir. Şəhər üzərinə hücum sentyabrın 14-nə keçən gecə saat 1-də başlayır. İngilis qoşunları bir az müqavimət göstərdikdən sonra gəmi ilə Ənzəliyə çəkilməyə başlayır.

Sentyabrın 15-də Xəlil Paşanın sərəncamına keçmiş Türkiyə qoşunları səhər saat 5.30-da Bakı üzərinə həlledici hücuma keçir. Üç saat sonra isə Əhmədli və Qaraşəhər yüksəklikləri ələ keçirilir. Günortadan sonra şəhər ingilis, Sentrokaspi və daşnak qoşunlarından tamamilə təmizlənir. Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Bu münasibətlə hökumətin yerləşdiyi Oğlanlar gimnaziyasının qarşısında şəhər ictimaiyyətinin əzəmətli nümayişi keçirilmişdi. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.

Təkcə Bakının azad edilməsi zamanı 1000 nəfərə yaxın döyüşçü həlak olmuşdu. Avqust ayı ərzində isə 1130 türk hərbçisi həlak olmuşdu ki, onlardan da 30 nəfəri zabit idi. Ümumiyyətlə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə onlarla şəhidlik mövcuddur və qədirbilən xalqımız türk şəhidliklərini daim ziyarət edir, onların xatirəsini əziz tutur. 

Bakının işğaldan azad edilməsinin ildönümündə - 1919-cu il sentyabrın 15-də "Azərbaycan" qəzeti yazırdı: "Əgər mayın 28-ni biz müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrın 15-ni də Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olmasını müstəqilliyin həqiqətən də əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və özülünün qoyulması günü hesab edə bilərik".

Əgər xilaskar türk ordusunun sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin özülü möhkəmləndirilməsəydi, bu gün onun varisi müstəqil Azərbaycan dövləti də olmayacaqdı.

1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Lakin Azərbaycan xalqı türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiramla yad etmişdir.

Xilaskar türk ordusunun xatirəsinə bu gün Bakının Şəhidlər Xiyabanında abidə ucaldılıb. Şəhid türk əsgərlərinin bir qisminin adları mərmər lövhələrə həkk olunub. Bakı-Şamaxı yolunda şəhid türk zabitinin məzarı üzərində abidə ucaldılıb.

Daha bir tarixi hadisəni oxucuların diqqətinə çatdırmaq istəyirəm.

1919-cu il oktyabrın 29-da Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında hərbi ittifaq haqqında məxfi saziş imzalanmışdı. Həmin sazişin mətnini ingilis kəşfiyyatı əldə edərək Ermənistan tərəfinə ötürmüşdü. Sazişi Osmanlı dövləti adından Baş qərargah rəisi Camal Paşa, Azərbaycan tərəfdən isə Cümhuriyyətin səlahiyyətli müvəkkili M.Kərimov imzalamışdılar. Sazişin 1-ci maddəsində təsbit edilirdi ki, Xilafətin, Osmanlı dövlətinin və Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünə qarşı hər hansı xarici qüvvə tərəfindən təhdid olarsa, dövlətlər bir-birilərini müdafiə etməyi öhdələrinə götürürlər. Əgər müttəfiq dövlətlərdən biri hücuma məruz qalarsa, yaxud təhlükəli vəziyyətə düşərsə, digər dövlət ona hərbi qüvvə ilə kömək etməyi öz öhdəsinə götürürdü.

Türkiyə 105 il əvvəl olduğu kimi, bu gün də Azərbaycanın yanındadır.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan Türkiyə Cümhuriyyəti oldu. İki qardaş dövlətin ortaq tarixinin yeni parlaq səhifələri yazıldı. Ümummilli lider Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamı iki qardaş dövlətin strateji yol xəritəsinə çevrilib.

9 fevral 1994-cü il tarixdə "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə", "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol", eləcə də 16 avqust 2010-cu il tarixdə "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalandı.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının siyasi və mənəvi dəstəyi mühüm rol oynadı.

15 iyun 2021-ci ildə iki dost və qardaş ölkə imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Şuşada "Şuşa Bəyannaməsi"ni imzaladılar. Bununla iki qardaş dövlət arasında münasibətlərin yeni parlaq səhifəsi açıldı.

Bəyannamədə yazılır: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

Bu müddəanın "Bəyannamə"də qeydə alınması bu gün Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan dövlətlər üçün çox mühüm ismarışdır.

1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik işğalından qurtulmasında göstərdiyi xilaskarlıq missiyası haqqında istər Türkiyədə, istərsə də Azərbaycanda çoxsaylı əsərlər yazılmışdır. İki qardaş xalqın övladlarının ağır günlərdə bir-birilərinin yardımına yetmələrini özündə əks etdirən tariximizin müştərək və şanlı səhifələri mövcuddur.

Azərbaycan türkləri istər Balkan müharibəsində, istər Birinci Dünya müharibəsində, istərsə də milli mücadilə illərində Türkiyənin ərazi bütövlüyünün qorunmasında və işğalçı ordulara qarşı mübarizəsində fəal iştirak etmişlər. Türk ordusunun Çanaqqala cəbhəsində Antanta qüvvələrinə qarşı, İraq cəbhəsində ingilislərə qarşı, Şərqi Anadoluda ermənilərə qarşı azərbaycanlı könüllülər öz canlarını fəda etmişlər.

Türkiyənin istiqlal savaşında Azərbaycanın göstərdiyi yardımlara görə, Mustafa Kamal Atatürkün göndərdiyi minnətdarlıq məktubuna Azərbaycan Sovet hökumətinin başçısı Nəriman Nərimanov 23 mart 1921-ci il tarixində belə cavab vermişdi: "Paşam, türk millətinin bir ənənəsi vardır, qardaş qardaşa borc verməz. Qardaş hər durumda qardaşın əlindən tutar... Biz qardaş xalqlarıq. Nər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi mütləq bir ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışacağıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz, bir qardaşın öz qardaşı üçün etmək istədiyindən başqa bir şey deyildir".

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dünya dövlətləri arasında Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın və qardaş olduğu qədər ikinci bir nümunə yoxdur. Bu qardaşlıq tarixin sınaqlarından hər zaman üzüağ çıxmışdır.

Bakının daşnak-bolşevik işğalından azad edildiyi 15 sentyabr günü iki qardaş dövlətin müştərək tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Bu gün də müştərək tariximizə yeni-yeni parlaq səhifələr yazılır.

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru,

Dövlət Mükafatı laureatı,

Prezident Kitabxanasının şöbə müdiri.