İftira və yalanların
Siyasət

İftira və yalanların "ortağı"

"Biz münasibətləri necə qurmağın yolunu tapmışıq. Bununla belə, deyərdim ki, cənab Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı dünənki açıqlaması yalandır. Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də, nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şeylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir".

Bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda çıxışı zamanı söyləyib.

Son dövrlər Avropa İttifaqının ölkəmizə qarşı münasibətində bir sıra dəyişikliklər nəzərə çarpır. Bunu Cozef Borrelin timsalında da görmək mümkündür. Həqiqətdən kənar fikirlərlə gündəmə gələn Borrel də artıq ermənilərin "yalan ortağına" çevrilib. Belə ki, insan haqları üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının toplantısındakı çıxışı zamanı Borrel Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq iddia edib ki, guya Qarabağdan köçən erməni sakinlərin sayı artıq 150 minə çatıb. Rəqəmlərin bu qədər təhrif olunması Borrelin də ermənilərin marionetinə çevrildiyinin əyani sübutudur. Bütün bunlarla yanaşı o, sentyabr ayında Qarabağda həyata keçirilən antiterror tədbirlərini də "hərbi müdaxilə" kimi dəyərləndirib. Borrel nə qədər sərsəmləsə də, reallıq tam əksinədir. Çünki ermənilərin Qarabağdan köçürülməsi prosesi könüllü şəkildə həyata keçirilib. Bunu nəinki Azərbaycan, hətta BMT-nin bölgəyə səfər edən iki missiyası da təsdiqləyib. Ermənistan da bununla bağlı hər hansı məlumat yayımlamayıb. Əslində, Borrelin iştirak etdiyi tədbirdə Ermənistanın uzun illər Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətindən, eləcə də torpaqlarını işğal altında saxlamasından danışmaması onun ölkəmizə olan qərəzinin bariz nümunəsidir.

Borrelin dediyi 150 min rəqəmi heç də həqiqətləri əks etdirmir. Erməni mediasında belə yayımlanan xəbərlərdə həmin rəqəm 100 min olaraq göstərilib. Maraqlıdır, Borrel 150 min qənaətinə necə gəlib? Yəqin "ermənilərin yemlədiyi namizədin" bu dəfə İrəvandan aldığı pulların miqdarı onu qane edib. Çünki Borrel hələ də Qarabağ ermənilərinin "pozulan hüquqları"ndan danışır. Ermənistanın 30 illik işğalı dövründə Qarabağdakı ermənilərin səfalət içində yaşadığı hər kəsə məlum idi. Amma 44 günlük Vətən müharibəsindən sonra nəinki bölgədə, hətta regionda vəziyyət köklü şəkildə dəyişdi. Azərbaycan xalqımıza qarşı qanlı faciələr törədən Ermənistanın əksinə, buradakı ermənilərə reinteqrasiya təklif etdi. Bu reallıqların fonunda Avropa İttifaqının ali nümayəndəsinin qatı ermənipərəst, birtərəfli siyasət yürütməsi də şübhəsiz Ermənistanın növbəti "tezisinin" icrası kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, 23 saatlıq antiterror tədbirlərindən sonra Qərbin anti-Azərbaycan ritorikası özünü daha aktiv şəkildə göstərir.

Nəzrin ELDARQIZI,

"Respublika".