Hindistanın Ermənistanla yaxınlaşmasının pərdəarxası məqamları
Siyasət

Hindistanın Ermənistanla yaxınlaşmasının pərdəarxası məqamları

Vətən müharibəsi təkcə Azərbaycanın qələbəsi ilə yekunlaşmadı, həmçinin böyük güclərin Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə, regiondakı güc balansına ciddi təsir etdi. Rəsmi Bakı dostunu-düşmənini də bu müharibədə dəqiqləşdirdi. Fransa və İranın anti-Azərbaycan siyasəti bizə çoxdan məlum idi, lakin 44 günlük müharibədə Hindistanın da Ermənistanı dəstəkləməsi bir qədər təəccüb doğuran məqamdır.

Müharibə başladıqdan çox qısa zaman sonra BMT-də aparılan müzakirələrdə Hindistan nümayəndəsi çıxış edərək açıq-aşkar işğalçı Ermənistanı dəstəklədi və Azərbaycanı təcavüzkar tərəf adlandırdı. Hindistan yalnız siyasi-diplomatik cəbhədə Ermənistanı dəstəkləmir, həm də silah satmaqla düşmən ölkə ilə tərəfdaşlıq edir. Belə ki, iki ölkə arasında ötən il sentyabrın əvvəlində müqavilələr imzalanıb. Bu razılaşmalar əsasında Hindistan Ermənistana 270 milyon dollar dəyərində silah-sursat göndərəcək. Müqaviləyə Hindistanın "Pinaka" reaktiv yaylım atəş sistemlərinin, tank əleyhinə raketlərin və bir sıra döyüş sursatlarının alınması da daxildir. Yardımlar isə bununla bitmir. İki il öncə də İrəvanla Dehli arasında 40 milyon dollar dəyərində dörd "Swathi" əks batareya radarının tədarükü üçün müqavilə imzalanıb. Ümumilikdə, son 5 ildə Ermənistan Hindistandan böyük miqdarda silah-sursat alıb. Stokholm Sülh Problemləri Araşdırmaları İnstitutu tərəfindən hazırlanmış "Beynəlxalq silah ticarətində tendensiyalar" adlı hesabatda qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Ermənistan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub.

Sözsüz ki, Hindistanın silahları Ermənistanı Azərbaycan qarşısında gücləndirmək iqtidarında deyil. Çünki bu sistemlər müasir deyil və say etibarilə Ermənistan ordusunun hücum planları üçün kifayət etmir. Bu ona işarə edir ki, Hindistan kiçik yardımlarla Paşinyan hökumətini öz tərəfinə çəkərək Cənubi Qafqazda tək qalmaq istəmir. Azərbaycanın Pakistanla yaxınlaşması, rəsmi Bakının beynəlxalq platformalarda İslamabadın mövqeyini dəstəkləməsi Yeni Dehlinin bu siyasətinə səbəb olur. Digər tərəfdən, Azərbaycan, Pakistan və Türkiyə silahlı qüvvələrinin Bakıda keçirilən “Üç Qardaş-2021” təlimləri, həmçinin müxtəlif dövrlərdə baş tutan digər manevrlər də Hindistanı narahat edir. Çünki Türkiyə Hindistan konstitusiyasının Cammu və Kəşmir əyalətlərinə xüsusi status verən 370-ci maddəsinin ləğvinə tənqidi yanaşır. Bakı və Ankara müxtəlif beynəlxalq forumlarda, o cümlədən BMT-də Pakistanı dəstəkləyirlər. Ermənistan isə Kəşmirlə bağlı Hindistanın mövqeyindən çıxış edir.

Məsələnin kökü Ermənistandan Hindistana ixrac edilən qiymətli və əlvan metallarla da bağlı ola bilər. Belə ki, rəsmi statistikaya görə, 2020-ci ildə Ermənistan Hindistana 148 milyon dollarlıq məhsul ixrac edib ki, bunun da 147 milyonu tək qızılın payına düşür. Ermənistan isə bu qızılı işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonundakı Zod yatağından çıxarır. Statistikaya diqqət yetirdikdə, 1995-ci ildən sonra qızıl və digər qiymətli metalların ixracı hesabına Ermənistan-Hindistan ticarət dövriyyəsinin hər il hiss ediləcək dərəcədə artdığını görə bilirik. Ermənistan təkcə 2019-cu ildə 5.8 ton qızıl hasil edib ki, onun da əsas təyinat nöqtəsi Hindistan, Kanada və İsveçrə olub.

Lakin burada bir maraqlı məqam da var. Ötən ilin ilk altı ayında Hindistan Azərbaycanın dördüncü ən böyük ixrac tərəfdaşı olub. 2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169,1 faiz artaraq 1,184 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, Hindistan qlobal ərzaq bazarlarında artan dəyişkənlik kontekstində Azərbaycan üçün mühüm taxıl və düyü mənbəyidir. Bundan başqa, ölkələrimiz arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərinin və tələbələrin potensiallarının artırılması üçün Hindistan dövlət qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir. Bütün bunları heçə sayan Hindistan isə görünür ki, Azərbaycana qarşı “Ticarət ayrı, siyasət ayrı” ritorikasını davam etdirir.

Jalə QASIMZADƏ,

“Respublika”.