Makron Parisi
Siyasət

Makron Parisi "partladır"

"Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir". Bu ermənilərdən daha çox erməni olan rəsmi Fransanın mövqeyidir. Lakin maraqlıdır minlərlə kilometr uzaqlıqdakı bir ölkənin sərhədləri niyə rəsmi Paris üçün bu qədər "müqəddəs"dir?

Şübhəsiz ki,  Makron hakimiyyətinin niyyəti zavallı erməni xalqına kömək etmək deyil. Tarix boyu neokolonialist siyasəti ilə tanınan rəsmi Paris bu gün də ermənilərlə ortaq cəhət tapdığı üçün, sözün əsl mənasında, regiondan əl çəkmək istəmir.

Burada bir neçə əsas nüans var. Bunlardan biri də məhz oxşar milli xüsusiyyətlərin olmasıdır. Fransızlar da ermənilər kimi hər zaman riyakarlıqla, satqınlıqla və digər naqislikləri ilə nələrisə əldə ediblər. Xüsusilə iki ölkə arasında mövcud olan bu oxşarlığa görə son yüz ildə fransızlar ermənilərlə eyni mövqedən çıxış edirlər. Bununla yanaşı, Fransa ərazisində illərdir yaşayan, həmçinin güclü maliyyə qaynaqlarına sahib olan erməni diasporunun iqtisadi dividendlərindən yararlanmaq istəyən fransız siyasətçiləri bir qayda olaraq ermənipərəst mövqedən çıxış edirlər.   "Fransa üçün prioritet erməni maraqlarıdır" siyasəti ilə çıxış edən Makron hakimiyyəti "Papadan daha katolik" olduqlarını sübut etməyə çalışırlar. Ermənistan müstəqillik qazandığı gündən bu yana müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün sadəcə "forpost" olmağa üstünlük verib.  Lakin Ermənistanın himayədar axtarışı - Fransanın "forpost"u olması istəyi bu dəfə ona baha başa gələcək. 

Xatırlatmaq yerinə düşər ki, Fransa Makron hakimiyyətə gəldikdən sonra digər ölkələrlə əlaqələri sürətlə zəifləyib. Belə ki, ötən aylarda Fransanın 94 senatoru məktub yazaraq Prezident Emmanuel Makronun Afrika siyasətinin iflasa uğradığını bildiriblər. Onlar Afrikanın Fransa ilə əlaqələrdən imtina etdiyini vurğulayıblar. Məktubda qeyd edilib ki, bütün bəlalara görə məsuliyyəti fransalı "Böyük şeytan" daşıyır. Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso, indi isə Niger Fransadan, onun şirkətlərindən və ordusundan imtina edir, ölkədə anti-Fransa nümayişləri keçirilir. Buna qarşılıq olaraq da Makron hakimiyyəti Afrikadakı məğlubiyyətini Cənubi Qafqazda kompensasiya etmək, ənənəvi müstəmləkəçilik siyasətini bölgədə yürütmək istəyir. Bir sözlə, Fransa rəsmiləri ermənipərəst mövqedən çıxış edərək müasir səlibçilik siyasəti yürütmək istəyir.  Bunun üçün Fransa texnologiya terminləri ilə desək, bütün düymələri eyni anda basır. İndi də Fransa Ermənistana hərbi missiya göndərib. Bunu fransalı müdafiə naziri Sebastyan Lekorny açıqlamasında bildirib. Nazir qeyd edib ki,  biz ölkədə indiyədək mövcud olmayan hərbi missiya açmışıq: "Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək".

Lakin Ermənistan anlamalıdır ki, bu dəstək məqsədi daşımır. Paris Ermənistanı yeni müharibəyə təhrik edir və buna hazırlayır. Əks halda, regionda inkişaf, sülh, təhlükəsizlik üçün yaranmış yeni şəraiti Makron hakimiyyəti alqışlamalı, öz xoş niyyətini nümayiş etdirməli idi. Amma bu ölkə pozuculuq mövqeyindən əl çəkmək niyyətində deyil. Həmçinin rəsmi Paris bölgəyə öz hərbi missiyasını gətirməklə regionda olan hərbi sirləri öyrənərək gələcək üçün yatırım edir. Ölkə başçımızın da bildirdiyi kimi: "Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!".

Töhfə SƏMƏDOVA,

"Respublika".