Monteneqronun XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında mövcud potensialdan istifadə olunmasında maraqlıyıq
Siyasət

Monteneqronun XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında mövcud potensialdan istifadə olunmasında maraqlıyıq

Dekabrın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan ilə Monteneqro arasında diplomatik münasibətlərin qurulmasından ötən 15 il ərzində iki ölkənin dostluq və əməkdaşlığa əsaslanan əlaqələr qurduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov bu istiqamətdə qarşılıqlı səfər və təmasların, siyasi məsləhətləşmələrin intensivləşməsinin əhəmiyyətli rol oynadığını qeyd edib.

İki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, investisiyalar, turizm, təhsil, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğu, bu istiqamətdə münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, habelə müqavilə-hüquq bazasının genişləndirilməsi üçün siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Nazir Filip İvanoviç Monteneqronun Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə edilməsində maraqlı olduğunu, bu istiqamətdə qarşılıqlı dialoqun davam etdirilməsinin zəruriliyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.