Həsrətə son qoyulur
Sosial həyat

Həsrətə son qoyulur

Qərbi Azərbaycanı görməsəm də, uşaqlığımdan bəri onunla bağlı xatirələri çox eşitmişəm. Bu mövzuda yazmaq mənim üçün çox ağırdır. Bu yazım da valideynlərimin söylədiklərinə əsaslanır. İlk növbədə, atamın Qərbi Azərbaycanla bağlı xatirələrini sizinlə bölüşəcəm…

Qərbi Azərbaycan atam üçün ən həssas mövzudur. Bu mövzuda indi də danışarkən, belə həyəcanlanır. Atam, Bağırov Firidun 1966-cı ilin iyul ayında Mehri rayonu Aldərə kəndində anadan olub. Həmin kəndin Səməd Vurğun adına orta məktəbini bitirib. Qeyd edim ki, kənd bütünlüklə azərbaycanlılardan ibarət olub. Atam hərbi xidmətini başa vurduqdan sonra kənd təsərrüfatında işləyib, kəndlə bağlı gözəl xatirələri var. Deyir ki, Aldərə camaatı bir-biri ilə çox mehriban olub. Xeyirdə və şərdə bütün kənd birləşərdi. Ermənilərlə birlikdə yaşasalar da öz adət-ənənələrinə daim sadiq qalıblar. Bayram günlərində hamı bir-birinə qonaq gedib bayramlaşardı. Böyükləri ziyarət etmək mütləq idi. Dini mərasimlər də el adətlərinə uyğun keçirilirdi. Kənddə imkanı olan hər kəs növbə ilə ehsan verir, ehtiyacı olan hər kəsə bu ehsandan paylanılırdı.

Ermənilərlə bağlı onu qeyd edir ki, həmişə bizim xalq onlara xoş münasibət göstərib, qonşuluq edib, onlar isə heç vaxt öz xislətlərindən əl çəkməyiblər. Həmişə üzdə mehriban olsalar da, hər fürsətdə bizi aldatmaq, alçaltmaq istəyiblər. Atam deyir: "Bir dəfə orta məktəbdə oxuyanda Qafan univermağından ayaqqabı alıb gəlirdim. 4-5 nəfər erməni Oxçuçay üzərindəki körpüdə dayanıb çaya baxırdı. Mənə dedilər ki, gəl sənin əlindən tutub körpüdən aşağı sallayaq. Bizim açar ora düşüb. Sən onu götür. Onların niyyəti məni aldadıb çaya atmaq idi. Bunu başa düşüb onları aldadaraq dərhal uzaqlaşdım".

Köçürülmə haqqında isə deyir ki, proses, Qarabağdakı məlum hadisələrdən sonra başladı. Erməni daşnakları kəndə soxulub silahlı basqınlar edirdi. Göyə atəş açıb bizi qorxudaraq kənddən çıxarmaq istəyirdilər. Biz də deyirdik ki, buralar bizə məxsusdur, heç yerə getməyəcəyik. Tarixi torpaqlarımızı sizə vermərik. Bir müddət bu hadisələr belə davam etdi, gecə-gündüz kəndin keşiyində dayandıq. Əvvəl-əvvəl bizi qorumaq üçün sovet hökuməti kəndə əsgər göndərdi. Ermənilərin təzyiqindən sonra daha onlar bizi müdafiə üçün gəlmədilər. Biz artıq həm tək, həm də silahsızdıq. Çünki kənd əhalisindən bütün qanuni ov tüfəngləri də müsadirə edilmişdi. Kəndin keşiyində balta, bıçaq kimi sadə alətlərlə dayanmağa məcbur idik. Tez-tez polis zabitləri gəlib xəbərdarlıq edirdi ki, Gorus türməsindən dustaqları sərbəst buraxıblar, kəndə hücum edib sizə zərər versələr, biz məsuliyyət daşımırıq. Bunu kənd əhalisini qorxutmaq üçün etmişdilər. Bu təzyiqlərdən sonra 1988-ci ildə köç başladı. İlk növbədə qadın və uşaqları Zəngilanın Mincivan qəsəbəsinə yola saldılar. Bu torpaqları tərk etmək bizim üçün olduqca çətin idi. Ancaq buna bizi məcbur etdilər və başqa çıxış yolu qoymadılar. Heç bir dəstəyimiz yox idi. Həmin günədək qazandığımız, sahib olduğumuz hər şeyi orada qoyub gəlməli olduq. Bu günədək bizi ailəliklə ən çox sarsıdan və incidən erkən yaşlarda itirdiyimiz atamızın qəbrinin erməni tapdağı altında qalması oldu. Atamın və anamın min bir zəhmətlə tikdiyi ev-eşik ermənilərə qaldı.

Hər yurdundan ayrı düşmüş soydaşımız kimi, atam da o yerlər üçün çox darıxdığını deyir. Hər ailə məclislərində mütləq Aldərədən söz düşür, xatirələr canlanır. Rəhmətə gedən insanlar yad edilir. Bir gün yenə o torpaqlara qayıtmaq ümidilə yaşayır. Bir dəfə atama sual verdim ki, Zəngəzur dəhlizi açılsa, Aldərəni uzaqdan görmək istəyərsənmi? Dedi ki, yox, ürəyim dözməz.

Anam Gülər Bağırova, Qərbi Azərbaycandan ailəsi ilə Bakıya köç edəndə 22 yaşı vardı. Atası uzun illər Masis rayonu Dəmirçi kəndində məktəb direktoru vəzifəsində çalışıb. 1988-ci ildə ilk dəfə qadın və uşaqlar kənddən çıxarılan zaman İmişli rayonuna gediblər. Bir neçə gün vaqonlarda qalmalı olublar. Deyir ki, daha sonra geri qayıtdıq və bu hal bir neçə dəfə təkrar oldu. Ermənilər kəndə gəlib bizi qorxudurdular. Evlərimizi tərk etmədiyimiz halda bizi öldürəcəkləri ilə hədələyirdilər. Heç kimin özünü müdafiə etməyə silahı olmadığından məcbur qalıb doğulub boya-başa çatdıqları yurd-yuvalarından çıxıb gedirdilər.

Bu mövzuda ən çox, artıq dünyasını dəyişən ana nənəm ürəkağrısı ilə danışırdı. Becərdikləri məhsulları İrəvan bazarına aparıb satmaqlarından, əziyyətlə özlərinə şərait qurub ev tikməklərindən və oranı erməniyə qoyub çıxmağa məcbur olmalarından yana-yana söz açardı. İrəvanın havasının, suyunun nisgili ilə bu dünyadan köçdü.

İndi bu torpaqlara qayıdış ən aktual mövzulardan biridir. Sözsüz ki, buna ən çox Qərbi azərbaycanlılar sevinir. Dövlət başçısı İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirak edib. İcma üzvləri ilə görüşündə Prezident deyib: "Burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması öz torpaqlarına qayıdır və əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar".

Musa BAĞIRLI,

"Respublika".