HƏSRƏTƏ DÖNƏN VÜSAL
Sosial həyat

HƏSRƏTƏ DÖNƏN VÜSAL

Mən hər gün, günaşırı sübh çağı pəncərədən həyətə boylananda bir ananın şəhid balasının xatirəsinə tikilmiş bulağın ətrafını səliqə-sahmana saldığını, mərmər lövhəyə həkk edilmiş şəklin şüşəsini silib təmizlədiyini görürəm. Müqəddəs pir, ziyarətgah aurasındakı kimi ehtiyatla, duyğusallıqla toxunur bulağın hər daşına, detalına… Çox qısa - 24 illik vüsalından doymadığı, xeyli uzun – birillik hicranından qovrulduğu övladını əzizləyir, üzünə, saçına sığal çəkir sanki… Vətənə qurban getməsi ilə bir evə, ailəyə, şəcərəyə mənsubluq çərçivəsini aşıb, bütöv ölkənin, xalqın əzizinə çevrilən gənc doğrudan da özündən sonra böyük bir qürur, dərs, nümunə, eyni zamanda da dağlar boyda həsrət, nisgil qoyub getdi. Mübarək nəşi də şəhidliyinin 54-cü günü tapılıb canından artıq sevdiyi doğma torpağa tapşırıldı.

Bəli, indi – erməni faşizmi üzərində tarixi Zəfərin ildönümü ərəfəsində, bu qələbədə payı olan igidlərimizdən biri, Rzayev Vüsal Tofiq oğlunun həyat yolundan söhbət açmaq istəyirəm.

Vüsal 1996-cı ilin 14 aprelində Şabran rayonunda dünyaya göz açmışdı. Sonra Rzayevlər ailəsi paytaxta köçdüyündən 2003-cü ildə 5 nömrəli liseydə ibtidai təhsilə başlayır. Orta məktəb illərində dərsləri ilə yanaşı, idmana da maraq göstərir, güləşlə məşğul olur. 2015-ci ildə Bakı Peşə Liseyini bitirir və iyulun 3-də həqiqi hərbi xidmətə çağırılır. Təlimdə çevikliyinə, fiziki göstəricilərinə görə fərqlənir, baş atıcı vəzifəsində peşəkarlığı, nizam-intizamı ilə seçilir, verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirir. Ən yüksək mövqe sayılan Koroğlu postunda erməni kəşfiyyatçıların yaxalanıb zərərsizləşdirilməsi məhz onun ayıq-sayıqlığı sayəsində baş tutur. Fəal döyüş qabiliyyətinə görə komandanlığın təşəkkürnamələri və fəxri fərmanı ilə təltif edilir.

2017-ci ilin yanvarına qədərki həmin ilyarımlıq zaman kəsiyi, xüsusən də müzəffər Aprel döyüşlərində iştirakı Vətənə məhəbbət, düşmənə nifrət hissləri daşıyan Vüsalın dünyagörüşündə yeni səhifə açır, Lələtəpə, Cocuq Mərcanlı və digər strateji məkanların azadlığı sevincini yaşayır, son və qəti hücuma daha da artan inamla həqiqi hərbi xidmətini Murovda başa vurur.   

Atası Vüsalın çox qürurlu, söz götürməyi xoşlamayan, ilk baxışdan, bir kəlmədən nə demək istədiyini anlayan uşaq olduğunu deyir:  “Təhsil aldığı və çalışdığı kollektivlərdə də tez gedib gec qayıdar, verilən tapşırıqların öhdəsindən lazımınca gələrdi ki, rəhbərliyin hər hansı iradı ilə qarşılaşmasın. Bütün bunlara görə də ona həmişə hörmətlə yanaşırdılar.

2020-ci il sentyabrın 21-də hərbi səfərbərliyə çağırıldı, altıgünlük qısa təlim keçərək hərbi hissədən cəbhəyə yollandı, Füzuli rayonunun Kürdmahmudlu kəndində döyüşə qatıldı. Savaş meydanında şücaət göstərib, bir neçə məntəqənin düşmən caynağından xilasına böyük töhfə verdi. Hətta oktyabrın 8-də düşmən mühasirəsinə düşüblərmiş, 3 günlük ac-susuz mübarizə sayəsində blokadanı yarıb çıxmağı bacarıblar.

Oktyabrın 14-dən sonra ondan bir xəbər ala bilmədik. Ürəyimə dammışdı ki, burada nəsə var, amma ümidimizi üzmür, soraqlaşmağı, axtarışı davam etdirirdik. Dekabrın 9-da şəhadət xəbərini aldıq. Vətən sağ olsun, Allah bütün şəhidlərimizin məkanını cənnətdə qərar versin inşallah!”       

Döyüş yoldaşı Elnur Məmmədov Vüsal haqqında danışarkən kövrəlir: “İlk gündən eyni bölükdə xidmət keçmişik. Şəhidlərimiz Muxtar, Yusif, Rəfail, Məzdək, Elgün də bizimlə idilər. Sentyabrın 27-də Füzulidə döyüşə girdik, oktyabrın 1-2-də Seyidəhmədli, Alxanlı, Qaraxanbəyli kəndləri istiqamətində qızğın savaş getdi. Vüsal oktyabrın 14-də Aşağı Seyidəhmədlidəki Betonluq deyilən erməni postunun üzərinə hücum zamanı şəhidlik məqamına yüksəldi, mən və taqım komandirimiz ağır yaralandıq. Heyf, çox sakit, ağıllı, mərd oğlan idi, daim cəbhədaşlarına kömək göstərirdi, heç nədən çəkinməyərək yaralıları güllə yağışı altından çıxarırdı”.

Orta məktəb müəllimi Mahir Ələsgərov Vüsal haqqında qürurla  danışır, nəinki Vüsalın, bütün şəhidlərimiz, qazilərimizin xatirəsinin əziz  olduğunu söyləyir: “Vüsal ilk növbədə yüksək nizam-intizamı ilə seçilirdi. Deyərdin, hərbi şərtlər çərçivəsində böyüyüb tərbiyə alıb. Tədrisə aid sualları, tapşırıqları da əhatəli şəkildə cavablandırmağa çalışırdı. Fiziki hazırlığı qənaətbəxş səviyyədə idi, idmanla məşğul olurdu. Məktəbdə, sinifdə özünü çox humanist, təvazökar, başıaşağı aparırdı, zərrə qədər kiminsə xətrinə dəyməzdi. Sanki mələk idi, çöhrəsində ilahi nur vardı… İndi fikir verirəm ki, 3 min nəfər şəhidimizin hər biri haqda belə danışılır. Elə bil, onlar seçilmişlər idi, mənəvi-psixoloji-əməli göstəricilərinə görə axtarıb tapıb bir yerə toplamışdın…”.

...Ötən il dekabrın 10-da Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında böyük bir izdiham yaşanırdı. Rzayevlər, ailənin doğmaları, dostları, Xətai rayonunun sakinləri, rəhbər şəxslər igid oğulu uğrunda can verdiyi torpağa qovuşdurmaq üçün toplaşmışdılar. Lakin bu qələbəlik təkcə yerdə deyildi. Həmin gün reallaşan Zəfər paradına qatılan Azərbaycan və Türk şahinləri aydın səmamızda dövrə vurub üçrəngli bayrağımızı cızaraq Vüsala, bütün şəhidlərimizə ehtiram göstərir, müqəddəs ruhları salamlayırdılar.   

Rzayev Vüsal Tofiq oğlunun Vətən qarşısındakı təmənnasız xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. O, ərazi bütövlüyümüzün təmini uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vüsalın və digər şəhidlərimizin ən böyük mükafatı isə təbii ki, canları, qanları bahasına düşmən tapdağından qurtulan, azad nəfəs alan, ölkə rəhbərinin qayğısı ilə dirçəldilən, yenidən qurulan Vətən torpaqlarıdır.

Orta məktəb müəllimi Mahir Ələsgərov Vüsal haqqında qürurla  danışır, nəinki Vüsalın, bütün şəhidlərimiz, qazilərimizin xatirəsinin əziz  olduğunu söyləyir.

 

Qurban MƏMMƏDOV,

“Mədəniyyət/culture” jurnalının redaktoru.