Sevgilərin ən alisi Vətən sevgisidir
Sosial həyat

Sevgilərin ən alisi Vətən sevgisidir

Soyuq havada oğlunu isti geyindirən analar elə o oğulları da soyuq səngərlərə yola saldılar. Ona görə ki, "oğul düşmən çəpəridir", - deyib böyütdükləri oğulları düşmənə sinə gərsin, çəpər olsun. Vətəni, torpağı qorusun. Analar övlad üçün canlarından keçərkən, Vətən üçün də övladlarından keçdilər. Niyə? Bu Vətən, bu torpaq bütöv Azərbaycan olsun deyə. Müqəddəs analar daha da müqəddəsləşdi, ülviləşdi. Şəhid anası, qazi anası oldu, amma sınmadı, əyilmədi. Oğlunu döyüşə yola salan ana oğluna "düşməni məhv et, sonra gəl" dedi. Budur, Azərbaycan anasının mərdliyi, mətanəti. Vətən müharibəsinin Qələbə sevinci ilə yanaşı, şəhid məzarları da bəzədi torpağımızı. Bu torpaqlar and yerimizə, müqəddəs məkanımıza çevrildi.

Hacılı Feyruz Bəhruz oğlu 1994-cü il mart ayının 4-də İsmayıllı şəhərində anadan olub. O, ailəsi ilə birlikdə 1996-cı ildə Rusiyanın Surqut şəhərinə köçür. Birinci sinifdən 5-ci sinfə kimi orada 35 saylı məktəbdə təhsil alır. Dərs əlaçısı olur. 2005-ci ildə ailə yenidən Azərbaycana - Bakı şəhərinə qayıdır. Feyruz təhsilini Bakı şəhəri 286 saylı məktəbdə davam etdirir. 2011-ci ildə məktəbi əla qiymətlərlə bitirən Feyruz Ukraynanın Kiyev şəhərində Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olur. Burada 6 il təhsil aldıqdan sonra, 2017-ci ildə Azərbaycana qayıdır və elə həmin il də hərbi xidmətə yola düşür. Ağdam rayonu "N" saylı hərbi hissədə topçu kimi xidmət edir. 2018-ci ildə ordu sıralarında xidmətini başa vuraraq, Bakıdakı şəhər klinikalarının birində diş həkimi kimi işə başlayır. Tez-tez atasına "yaxın zamanlarda səni daha işləməyə qoymayacam", - deyirmiş.

2020-ci il sentyabr ayının 27-də erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində Vətən müharibəsi başlayanda vətəndaşlıq borcunu yerinə yetirmək üçün sentyabr ayının 30-da cəbhə bölgəsinə yola düşür. Ağır döyüşlərdə düşmənə qan uddurur. Minaatan batareya topu üzrə manqa komandiri kimi döyüşür. Oktyabr ayının 8-də valideynləri Feyruzla görüşməyə gedirlər. Atası Bəhruz kişi o anı xatırlayaraq deyir: "Biz onu görməyə gedəndə postların birində dedilər ki, getmək olmaz, sizi vura bilərlər. Cavab verdim ki, narahat olmayın, biz ailəlikcə buradayıq. Gözü yolda qalanımız yoxdur. Nəhayət ki, Feyruzla görüşə bildik". Bir neçə saat çəkən görüşdə Feyruz döyüş yoldaşlarının onu gözlədiyini deyərək, valideynləri ilə görüşüb, onlardan ayrılır.

Atası qəribə bir təsadüfi də qeyd etdi. Feyruzun mobil nömrəsi ..3 12 16 idi. Dövlətin şəhid ailəsi kimi bizə bağışladığı evin də nömrəsi eynidir. 3-cü mərtəbə, 12-ci bina və 16-cı mənzil.

Anası Həbibə xanım deyir: "Ayrılanda o, məni öpmək istədi. Dedim, məni harada qoyub gəlmisənsə, gəlib orada da öpərsən. Məni bağrına basıb, üz-gözümdən öpdü". Bakıya qayıdan ailənin həmin görüşdən sonra 3 gün əlaqəsi olub. 17 oktyabrda ailəyə Feyruzun yaralandığı barədə xəbər verilir. O, ayağının şah damarından qəlpə yarası alaraq qanaxma nəticəsində şəhid olur. Şəhid Feyruz Hacılı 2-ci Fəxri Xiyabanda, general Milli Qəhrəman Polad Həşimovun yanında dəfn olunub.

Feyruz tələbə olarkən türkmən qızı Gülər adlı tələbə yoldaşını sevir. Türkmən qızı onu sonsuz məhəbbətlə sevdiyi kimi, həm də sonsuz ümidlə gözləyirdi... Bu gün isə Gülər öz evində Feyruza aid şəkillərdən və xatirə əşyalardan ibarət guşə yaradıb.

Feyruz Hacılı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".