Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirilir
Sosial həyat

Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirilir

Beyləqan rayonunda rayon rəhbərliyi, eləcə də işğaldan azad olunmuş Xocavənd və Füzuli rayonlarında Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə birgə keçirilən tədbirlərdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Mərasimlərdə çıxış edən Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Fuad Məmmədov, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, polkovnik Ruslan Ağasıyev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışdılar.

Tədbirlərdə həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə Prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Mərasimlərdən sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunmuş, onları maraqlandıran suallar cavablandırılmış, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılmışdır.

“Respublika”