“Rəşadət
Sosial həyat

“Rəşadət" ordenli igid

İkinci Qarabağ müharibəsində düşmənə meydan oxuyan qəhrəmanlarımızdan biri də ailənin yeganə oğul övladı Məhəmməd Vaqif oğlu Şəbiyevdir. O, döyüşlər başlayan ilk gündən cəbhəyə yollanan ən gənc zabitlərimizdəndir. "Bu torpaq bizimdirsə, onu düşməndən azad etməliyik" deyən Məhəmməd Ali Hərbi Məktəbi bitirən kimi döyüş bölgəsinə təyinat almışdı. Vətən müharibəsi zamanı düşmənin əsas istehkam məntəqələrinin dağıdılmasında şücaət göstərmiş, Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında isə qəhrəmancasına şəhid olmuşdur.

1998-ci ildə Bakıda anadan olan Məhəmməd Şəbiyev vətənpərvər ruhda böyüyüb və uşaqlıqdan hərb sahəsinə maraq göstərib. O, Vətənə xidmət etmək arzusu ilə 2013-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2020-ci ildə leytenant rütbəsində hərbi xidmətə yollanan Məhəmmədin ən böyük arzusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmək idi.

Hələ uşaqlıqdan hərbə olan marağı Məhəmmədə ailəsindən keçib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Vaqif Şəbiyev ehtiyatda olan mayordur. Məhəmmədi tanıyanlar həmişə onun torpaq və vətən sevgisinə qibtə ediblər. Elə bu sevgi də Məhəmmədə həmin torpaq uğrunda şəhidlik zirvəsi bəxş edib.

Bu gün Məhəmmədin yolunu davam etdirmək istəyən iki qardaşı və şəhid olduğu gündən bəri onun formasını əynindən çıxarmayan bacısı var.

Məhəmməd hələ hərbçi olmağa qərar verərkən torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, özü bu mübarizənin iştirakçısı olacağına inanırdı. Rahat uyu, şəhidim, arzuna çatmısan. Sənin başladığın yolu silahdaşların sona çatdırdı və artıq torpaqlarımız düşmən işğalından azad edilib.

Şəhidin atası Vaqif Şəbiyev: "Oğlum Talış kəndinin azad edilməsində iştirak edib, Suqovuşan uğrunda döyüşlərdə şəhid oldu. Minamyot zərbəsindən qəlpələr sinəsini parçalamışdı, qanı döş cibindəki hərbi biletinə yaxılmışdı. Nəşi neytral zonada qaldığı üçün götürə bilməmişdilər. Döyüş yoldaşı oktyabrın 9-da gecə gizlicə onun cənazəsini gətirmişdi".

"Mənim nəvəm çox vətənpərvər olub. Həmişə deyirdi ki, mən atamın yarımçıq qoyduğu işi tamamlayacağam, torpaqlarımızı azad edəcəyəm. Verdiyi sözü qanı, canı bahasına yerinə yetirdi. Mən balamla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin nənəsi Mehriban Şəbiyeva bildirir.

Şəhidin nişanlısı Zinyət Pənahova Məhəmmədlə bağlı xatirələrini bölüşərək deyir: "Məhəmmədlə sonuncu telefon söhbətimiz 2020-ci il oktyabrın 4-də olub. Danışa bilmədiyini dedi. Sən demə, şiddətli döyüşlər gedirmiş. Həmin gün saat 15:30 radələrində şəhidlik zirvəsinə ucalıb. Onun mənə bir il əvvəl bağışladığı saat elə 15:30-da da dayandı".

Məhəmməd şəhid olduğu gün, səhər saat 10-da ailəsi ilə telefonla danışaraq hər şeyin yaxşı olduğunu söyləyir. Lakin həmin gün Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olur. Şəhidimiz Bakıdakı İkinci Şəhidlər Xiyabanında uyuyur.

2021-ci il avqust ayının 8-də Məhəmməd Şəbiyevin böyüyüb boya-başa çatdığı II Zabrat qəsəbəsində inşa edilən xatirə bulağının şəhidin doğum günü münasibətilə açılışı olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhəmməd Vaqif oğlu Şəbiyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən müharibəsi iştirakçısı", "Ağdamın azad olunması", "Suqovuşanın azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

M.MİRZƏ,

"Respublika".