Hər bir vətəndaşın taleyinə həssas münasibət
Sosial həyat

Hər bir vətəndaşın taleyinə həssas münasibət

Müasir dövrdə dövlətin tərəqqisi insan meyarı ilə ölçülür. Hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüquq və azadlıqlarının müdafiəsi kimi ülvi məqsədlərin reallaşması ölkəmizdə həyata keçirilən islahatların əsasını təşkil edir. Azərbaycan Prezidenti xalqla birbaşa təmasa üstünlük verərək sadə vətəndaşlarla görüşür, onlarla səmimi söhbətlər edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edir. Dövlət başçısı İlham Əliyevin xarakter etibarilə səmimi, praktik siyasətçi olması Prezident-vətəndaş arasındakı psixoloji səddin aradan götürülməsində əsas rol oynayır.

Dövlət başçımız hərbçilərlə bağlı məsələdə hər zaman xüsusi həssaslıq göstərir. 2010-cu il iyunun 18-də düşmən qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı şəxsi rəşadət və şücaət nümayiş etdirən, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edərək şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və 2010-cu il sentyabrın 3-də Tərtər bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olan baş leytenant Fərid Əhmədovun nəşlərinin Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası prezidentlərinin Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilməsi də bunun sübutudur. Üstəlik, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2010-cu ilin 7 noyabr tarixində şəhid olan hərbçilərimizin vida mərasimində iştirak edib, şəhid ailələrinə təskinlik verib: "Bir daha demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı üçün çox kədərli bir gündür. Bu aylar ərzində bütün Azərbaycan Fəridin, Mübarizin ailələrinin yanında idi. Azərbaycan xalqı həmrəylik göstərmişdir. Mən bilirəm, bütün bu aylar ərzində vətəndaşlarımız, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar şəhid övladlarımızın ailələrinə baş çəkib başsağlığı vermiş, öz həmrəyliyini göstərmişlər. Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi. Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir".

Prezidenti İlham Əliyev dünyanın harasında olmalarından asılı olmayaraq daim Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsinə çalışır. Bunu Ramil Səfərovun timsalında bir daha gördük. O, 2004-cü ildə Macarıstanda NATO-nun tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt Paytaxt Məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilmişdi. Amma hökumətimiz "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası əsasında Macarıstanın müvafiq dövlət orqanları ilə əlaqələr quraraq Ramil Səfərovun Bakıya qaytarılmasına nail oldu. 2012-ci il avqustun 31-də baş leytenant xüsusi reyslə Azərbaycana gətirildi və Prezident İlham Əliyevin Sərəncamı ilə əfv olunaraq azadlığa buraxıldı. Onun cəzasının bağışlanılması dövlət başçısının müstəsna səlahiyyəti idi və cənab Prezident böyük humanistlik göstərərək bu haqqından istifadə etdi. Bu isə onu göstərir ki, Ali Baş Komandan hər bir Azərbaycan vətəndaşının arxasında dayanır.

2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə o vaxtlar işğal altında olan Kəlbəcər rayonuna gedən Əsgərov Dilqəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğlu Ermənistan tərəfindən girov götürüləndə də ölkə başçımız məsələni diqqət mərkəzində saxladı. Düz 6 ildən sonra 2020-ci il dekabrın 14-də Şahbaz Quliyev və Dilqəm Əsgərov Bakıya gətirildi. Bu xəbər ildırım sürəti ilə bütün Azərbaycana yayıldı və hər kəsin sevincinə səbəb oldu. Son olaraq isə bu il dekabrın 7-də Bakı və İrəvan arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edildi. Dekabrın 13-də Qazax-İcevan sərhədində hərbçilərin mübadiləsi baş tutdu. Nəticədə əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov ailələrinə qovuşdular. Bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin humanizm prinsiplərinə verdiyi dəyərin göstəricisidir.

Jalə QASIMZADƏ,

"Respublika".