Hərb tariximizin parlaq səhifəsi
Sosial həyat

Hərb tariximizin parlaq səhifəsi

Rəşad Babazadə əslən Lerik rayonunun əzəmətli, uca dağların qoynuna sığınmış, səfalı, füsunkar təbiəti, Vətənə, torpağa bağlı mərd, qeyrətli övladları ilə tanınan Rvarud kəndindəndir. Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin məzunudur.

1997-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Gənc leytenant kimi taleyini milli orduya bağlayıb. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsində bölük komandiri vəzifəsində işləyib. 2020-ci ilin sentyabr ayının 21-də Beyləqanda yerləşən hərbi hissədə təlimlərdə iştirak edib. Qəlbi həmişə Vətən sevgisi, torpaq həsrəti, xəbis, qaniçən, namərd düşmənə nifrət hissilə döyünüb.

Vətən müharibəsi başlayanda Füzuli istiqamətində gedən döyüşlərdə əsl igidlik, şücaət göstərib. Rayonun Alxanlı, Qaraxanbəyli və Əhmədbəyli kəndlərinin düşməndən təmizlənməsində, hərbi hissənin qarşısına qoyulan vəzifələrin icrasında nümunəvi zabit kimi vəzifə borcunu şərəflə yerinə yetirib. Oktyabr ayının əvvəllərində Cəbrayıl rayonunun Soltanlı, Şükürbəyli, Aşağı Mərcanlı kəndlərinin ərazisində döyüşüb. Sonra xidmət etdiyi hərbi hissə Hadrut, Xocavənd rayonlarına köçürülüb. Rabitə taborunda bölük komandiri kimi şərəfli, qələbələrlə dolu döyüş yolu keçib. Hadrutda ələ keçirdikləri hərbi hissədə dekabr ayının 30-na kimi xidmətini davam etdirib.

Ölkəmizin ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Silahlı Qüvvələrin hərbi qulluqçusu, baş leytenant Rəşad Gülbaba oğlu Babazadə medallarla təltif olunub.

Rəşad Babazadə müharibənin hər gününün şanlı, unudulmaz bir tarix olduğunu vurğulayaraq deyir:

-Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə və 2023-cü ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbiri zamanı ölkəmizin hərb tarixinə qızıl hərflərlə parlaq səhifə yazıldı. Xalqımızın yurd, torpaq həsrətinə birdəfəlik son qoyuldu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın çoxəsrlik tarixində ən yaddaqalan hadisədir. Bu möhtəşəm qələbə bütün dünyaya sübut etdi ki, xalqımız bir qarış torpağını da düşmənə verməyəcəkdir.

O günlərdə cənab Prezidentin televiziya ilə qətiyyətli, qələbə müjdəli çıxışları, xarici jurnalistlərə verdiyi çoxlu müsahibələr göstərdi ki, müharibə təkcə döyüş meydanlarında aparılmır. Müzəffər Ali Baş Komandan eyni zamanda bizə qarşı qərəzli şəkildə həyata keçirilən informasiya müharibəsinin də baş qəhrəmanıdır. Ümummilli lider Heydər Əliyevin böyük siyasət məktəbinin yetirməsi olan möhtərəm Prezidentimiz qüdrətli lider, zəngin təcrübəyə malik görkəmli dövlət başçısı, müharibədə şanlı qələbəyə, böyük zəfərə imza atmış qəhrəman sərkərdədir.

Bu gün müstəqil Azərbaycan qalib ölkə, xalqımız qalib xalq kimi bütün dünyada tanınır. Hər birimiz qalib dövlətin vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq.

Əlisəfa HƏSƏNOV,

"Respublika".