Hərb salnamaməmizin parlaq səhifəsi
Tarix

Hərb salnamaməmizin parlaq səhifəsi

"Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. ...Aprel döyüşləri, eyni zamanda ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. ...Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun torpaqlarını düşmən tapdağından azad edəcək".

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə 31 mart 2017-ci il tarixli görüşündə bildirib.

Bəli, Prezident, Ali Baş Komandan İlham  Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz, məğrur xalqımız torpaqlarımızın işğal altında olması ilə barışmayaraq Aprel döyüşlərindən dörd il sonra  öz müqəddəs arzusuna çatdı.

Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Aprel döyüşləri şanlı Vətən müharibəsində Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Ordumuzun və xalqımızın Böyük Qələbəyə inamını, əzmini daha da artırdı. Qəhrəman ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı yağı düşməndən azad etdi. Cəmi 44 günə ölkəmizin ərazi bütövlüyü təmin olundu.

2016-cı il aprelin ilk günlərində ön xətt mövqeləri və yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusu bölmələrinin  qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində strateji mövqelər düşməndən azad edildi.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində hücuma keçdi. Təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutsa da, peşəkar ordumuzun şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.

Həmçinin əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Suqovuşan və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən qabaqlayıcı zərbələrlə dağıdıldı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində  Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu  Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Nəticədə erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən çox erməni hərbi qulluqçusu yaralandı. İşğalçının 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Suqovuşan yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri dağıdılaraq Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni, 19 hərbçimiz "Vətən uğrunda", 43 nəfər "İgidliyə görə", 45 nəfər "Hərbi xidmətlərə görə" medalları ilə təltif edildi, 2 nəfər isə "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırıldı.

Aprel qələbəsinin ardınca 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər də uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordunun bölmələri mühüm strateji yollara nəzarəti ələ aldı, düşmən üzərində böyük üstünlük qazandı.

Aprel döyüşlərində xalqımızın minlərlə vətənpərvər, igid oğulları müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduqlarını mənfur düşmənə, eləcə də bütün dünyaya bəyan etdilər. Aprel döyüşlərindəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız qürurla dalğalanır. Bu Zəfərə hər zaman milli birlik və bərabərlik nümayiş etdirən, işğalla barışmayan xalqımızın əzmi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü, düşünülmüş siyasəti, Azərbaycan əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti hesabına nail olundu. Zabit və əsgərlərimizin hər biri cəbhədə öz canı-qanı bahasına əsl fədakarlıq göstərərək ən uca zirvəyə - şəhidlik zirvəsinə yüksəldi. Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək şəhid olmuş oğulların, Vətən müharibəsində, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim yaşayır,  qazilərimizin qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

M.MİRZƏ,

"Respublika".