Hər il milyonlarla insanın ölümünə səbəb olan qlobal ekoloji problem
Ekologiya

Hər il milyonlarla insanın ölümünə səbəb olan qlobal ekoloji problem

Havanın çirklənməsi insan sağlamlığı üçün ciddi təhdiddir. Hər il dünyada təxminən 7 milyon insan çirkli havanın yaratdığı xəstəliklərdən həyatını itirir. Havanın çirklənməsi sağlamlıq riskləri arasında 4-cü yerdədir. 2019-cu ildə bu səbəbdən dünyada 4,2 milyon insan ölüb. Çirklənmiş hava bir çox orqanların, xüsusən də ürək və qan dövranı sisteminin fəaliyyətinin pozulmasına səbəb olur. İnfarkt, ürək çatışmazlığı, damardaxili laxtalanma, ağciyər xərçəngi, astma, sinir sistemində insult və iflic ən çox rast gəlinən xəstəliklərdir. Son 10 ildə aparılmış 35 mindən çox araşdırma nəticəsində hava çirkliliyinin yaşından və sağlamlığından asılı olmayaraq hər kəsə mənfi təsir göstərdiyi müəyyən edilib. Fabrik, zavod və nəqliyyat vasitələrinin havaya buraxdığı zəhərli qazlar insan sağlamlığına ciddi ziyan vurur.

Atmosferin çirklənməsi həm də iqlim dəyişmələrinə səbəb olur ki, bu da dünyanı narahat edən bəşəri problemlərdəndir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə ölkə ərazisində orta illik temperatur 0,4-1,30C-yə qədər artıb. Ümumdünya Səhiyyə Təşkilatı XXI əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə mənbəyi kimi iqlim dəyişmələrini göstərib. Kəskin hava dəyişkənliyinə adaptasiya ola bilməyən insanlar temperatur və rütubətlilik yüksək olduqda yorğunluq, halsızlıq, həyəcan hissi, yüksək qıcıqlanma kimi hallarla qarşılaşırlar. Xəstələr çox vaxt başağrısı və yuxu pozulmasından şikayət edirlər. Xüsusilə, allergik xəstələr iqlim dəyişikliyindən çox əziyyət çəkirlər. Havadakı ağır metal olan qurğuşun uşaqlarda beyin funksiyalarına mənfi təsir göstərir. İncə toz adlanan hissəciklər tənəffüs yolu ilə bədənə daxil olur və ağciyər xəstəlikləri yaradır. Kükürd dioksidi suda həll olunan maddədir. Buna görə də yağış yağanda sulfat turşusu əmələ gəlir və buna çox vaxt "turşu yağışı" deyilir. Turşu bitki və heyvan toxumalarını zədələyir.

2023 Dünya Hava Keyfiyyəti Hesabatına görə, Azərbaycan dünya ölkələri sırasında havanın çirkliliyi cədvəlində 52-ci yerdə qərarlaşıb. Hesabatın nəticələrinə görə, Cənubi Qafqazda havası ən çox çirkli olan ölkə isə Ermənistandır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Buna uyğun olaraq ətraf mühitin bərpası, yaşıllıqların artırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi məqsədilə mühüm işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji zonası"nın yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri artıq icra olunmaqdadır. Bundan başqa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu ilin noyabrında Azərbaycanda keçirilməsi ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid strategiyasıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqi olaraq qiymətləndirilir. Bütün bunlar hava çirkliliyi ilə mübarizə istiqamətində atılan uğurlu addımlardandır.

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva bildirib ki, Azərbaycanda hava çirkliliyi son illərdə ciddi və qlobal problemə çevrilib. Bu problemin əsas səbəbləri, nəticələri və qarşısını almaq üçün görülən tədbirlər barədə müzakirə aparmaq vacibdir, çünki hava keyfiyyətinin pisləşməsi yalnız ətraf mühitə deyil, həm də insanların sağlamlığına böyük təsir göstərir.

Sənaye və istehsalat fəaliyyətləri hava çirkliliyinin əsas səbəblərindən biridir. Fabrik və zavodlar tərəfindən atmosferə buraxılan zərərli maddələr hava keyfiyyətini pisləşdirir. Nəqliyyat vasitələrinin, xüsusilə avtomobillərin artan sayı və bu vasitələrin köhnə olması, egzoz qazlarının havaya qarışmasına səbəb olur. Bakı şəhərində tıxacların artması problemi daha da gücləndirir. Enerji istehsalında kömür və neftdən geniş istifadə edilməsi, tullantıların açıq şəkildə yandırılması hava çirklənməsini artırır. Bu, zərərli kimyəvi maddələrin havaya atılmasına səbəb olur və ətraf mühitə, insan sağlamlığına ciddi zərər verir.

İnsan sağlamlığına mənfi təsirlər nəticəsində nəfəs yolları xəstəlikləri, ürək xəstəlikləri və ağciyər xərçəngi kimi ciddi problemlər önə çıxır. Xüsusilə, yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olan insanlar bundan daha çox təsirlənirlər. Torpaq və su çirklənməsi, bitki örtüyünün zədələnməsi və ekosistemlərin pozulması halları baş verir. Ekstremal hava hadisələrinin artması su resurslarının azalmasına səbəb olur. Ölkəmizdə atmosferin çirklənməsinin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür, qanunvericilik və tənzimləmə sahəsində müəyyən işlər aparılır, bərpaolunan enerji mənbələrinə yatırımlar artırılır.

Hava çirkliliyinin qarşısını almaq üçün əhalinin məlumatlandırılması və maarifləndirilməsi də mühüm amillərdəndir. Bu istiqamətdə kampaniyalar və tədbirlər keçirilir. Həmçinin nəqliyyat sisteminin modernləşdirilməsi də hava çirkliliyinin azaldılmasına imkan yaradır. Bu çərçivədə yeni metro xətləri və avtobus marşrutları yaradılır, eyni zamanda elektrik avtomobillərinin istifadəsi təşviq edilir.

Hava çirklənməsinin səbəbləri müxtəlifdir, dövlətin və cəmiyyətin birgə səyləri ilə bu problemi həll etmək mümkündür. Ancaq bunun üçün daha genişmiqyaslı və uzunmüddətli strategiyalara ehtiyac var. Təhlükəsiz və sağlam bir gələcək üçün hava çirkliliyinin qarşısının alınması hər birimizin vətəndaşlıq borcudur.

Jalə NAMİQQIZI,

"Respublika".