Hər bir ölkə öz milli təhlükəsizliyi üçün FETÖ terror təşkilatı ilə mübarizə aparmalıdır
Türk dünyası

Hər bir ölkə öz milli təhlükəsizliyi üçün FETÖ terror təşkilatı ilə mübarizə aparmalıdır

"ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üzərindən qurduğu və ingilis kəşfiyyat təşkilatı kimi şəbəkələndirdiyi bu qurum digər terror təşkilatlarından çox fərqlidir. Başlıca məqsəd ABŞ-ın daha öncə girə bilmədiyi bütün türk və müsəlman coğrafiyasına müdaxilə etmək idi ki, ilk olaraq Türkiyədən başladı və məktəblər, ticarət qurumları vasitəsilə buna nail oldu. İngilis dili müəllimləri adı altında CİA agentlərini yerləşdirdi, orada türklüyü və müsəlmanlığı təbliğ etmək adı ilə Qərb təbliğatı apardılar və beyinləri buna proqramlaşdırdılar". Bu fikri açıqlamasında siyasi ekspert Volkan Aydemir deyib. O, qeyd edib ki, FETÖ Türkiyədə 1970-ci illərdən fəaliyyətə başlayıb. Çox böyük iqtisadi gücə malik olmaqla təkcə Türkiyədə deyil, dünyanın təxminən 170 ölkəsində fəaliyyətini genişlədən bir terror təşkilatıdır.

Türkiyədə xaincəsinə dövlət çevrilişinə cəhd nəticəsində əsl üzləri ortaya çıxdı və onlara qarşı mübarizə başladı. FETÖ ilə mübarizə onunla əlaqəli şəxslərin həbsi ilə sonlanacaq bir proses deyil. Bu terror təşkilatı ilə mübarizə uzun illər davam etməlidir. FETÖ ilə mübarizə yalnız Türkiyəyə aid deyil. Başda Türk Dövlətləri Təşkilatına üzv ölkələr olmaqla, dost ölkələr də öz milli təhlükəsizliyi üçün bu təşkilatla mübarizə aparmalıdırlar. Belə bir anlayış formalaşıb ki, FETÖ ilə mübarizə yalnız Türkiyəyə aiddir. Bu yanlışdı, çünki illər boyu məktəblər vasitəsilə tədris prosesinə sızma nəticəsində bu terror təşkilatı həmin ölkədəki yüksək səviyyəli şəxsləri ələ keçirib. Bunların 30 illik bir fəaliyyəti var və bu fəaliyyət onlarla bağlı 3-5 şəxsin həbs edilməsi ilə bitməyəcək. Bu şəbəkə ölkəmizi 400 milyard dollara yaxın zərərə məruz qoydu. Təşkilat hazırda da himayə edilir, gizli kriptofəaliyyətlərini davam etdirdiklərini yaxşı bilirik. Onların oyununu Türkiyə pozdu və hazırda çökmüş vəziyyətdədirlər. Ancaq təhlükə və təzyiq bitməyib, - deyə ekspert bildirib.

V.Aydemirin fikrincə, FETÖ həm də İslam dinini nüfuzdan salmaq üçün hazırlanmış bir layihədir: "Bu təşkilatın həm də İslam dinini nüfuzdan salmaq kimi bir təməl fəaliyyəti mövcuddur. Bu layihənin bütün İslam dünyasında - Orta Asiyada, Balkanlarda, Afrikada qlobal güclərə xidmət etdiyini görürük. Odur ki, FETÖ təşkilatının nüfuz etdiyi bütün ölkələr bu şəbəkəyə qarşı birgə əməkdaşlıq əsasında mübarizə apararlarsa, bu, daha faydalı olar".

Ekspert vurğulayıb ki, FETÖ Azərbaycanda da son dərəcə təsirli və güclü olmağa cəhd edib: "Onlara qarşı Türkiyə və Azərbaycan birlikdə əməkdaşlıq etdi və bu əməkdaşlıq davam edir. Amma Türkiyədə olduğu kimi, Azərbaycanda da FETÖ tərəfdarları hələ də mövcuddur. Azərbaycan dost və qardaş ölkəmizdir və çox sürətli bir şəkildə FETÖ ilə mübarizəyə başlayıb. 2016-cı ildən etibarən bir universitet, 17 məktəb, yüzlərcə kursu bağlayıb. Bu mübarizədə Azərbaycanın atdığı addımlar çox doğrudur. FETÖ terror təşkilatı ilə mübarizə davam etməlidir. Ümumiyyətlə, Azərbaycanın Türkiyə ilə koordinasiyalı şəkildə mübarizəsi gələcəkdə dövlətə qarşı baş verə biləcək mənfi halların qarşısını almağa xidmət edir. Hər bir ölkə öz milli təhlükəsizliyi üçün FETÖ ilə mübarizə aparmalıdır".

Onu da qeyd edək ki, Türkiyədə FETÖ-yə qarşı əməliyyat tədbirləri davam edir. Son günlərdə bu terror təşkilatı ilə əlaqəsi olan onlarla şübhəli şəxs saxlanılıb.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.