Hayların növbəti hədəfi Paşinyandır
Digər xəbərlər

Hayların növbəti hədəfi Paşinyandır

Beynəlxalq sferada aldığı ardıcıl zərbələrdən sonra Ermənistanın daxilində vəziyyət gərginləşib. Artıq müxalifət, kilsə və diaspor nümayəndələri açıq şəkildə baş nazir Nikol Paşinyanı sui-qəsdlə hədələyirlər.

Belə ki, milliyyətcə erməni olan rusiyalı media maqnatı Aram Qabrielyanov baş nazir Nikol Paşinyanı sui-qəsdlə təhdid edib. Ermənistana giriş qadağası qoyulan bu şəxs bildirib ki, Nikol nasist nəvəsidir və "Nemezis"dən qaça bilməz. Paşinyanın üzləşdiyi yeganə təhlükə bu da deyil. Son günlər paytaxt İrəvanın müxtəlif yerlərinə bomba qoyulması barədə xəbərlər yayılıb. Bu, baş naziri devirmək istəyən qüvvələrin ölkədə panika yaratmaqla Paşinyanın mövqelərini zəiflətməyi planlaşdırması kimi şərh oluna bilər. Çünki radikal müxalifət Paşinyanı parlamentdə istefaya məcbur edə bilmədi, aylarla keçirilən mitinqlər də nəticə vermədi. Görünür, buna görə onlar indi ən son üsula, yəni terrora əl atırlar. Nəzərə alsaq ki, erməni millətçilər, xüsusilə "Daşnaksütyun" partiyası sui-qəsdin həyata keçirilməsində əhatəli təcrübəyə malikdir, o zaman bu versiya real görünür. Bununla belə, indiki mərhələdə belə bir sui-qəsdin dəqiq reallaşıb-reallaşmayacağını əminliklə demək mümkün deyil. Odur ki, hazırda fokuslanmalı olduğumuz məsələ baş nazir əleyhinə belə çağırışların artmasına nəyin səbəb olduğudur.

Bu tip çağırışlar təkcə İrəvanda yox, Xankəndidə səslənirdi. Həm Paşinyan əleyhinə, həmdə ki separatçıların lideri Araik Arutyunyana qarşı etirazların birinci fazası artıq reallaşıb. Belə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan terrorçu-separatçıların başçısı Araik Arutyunyan "istefa" verib. O, bu barədə sosial şəbəkə səhifəsində yazıb. O, geniş müraciətində "istefası"ndan öncə son "sərəncam"la "dövlət naziri" Qurgen Nersisyanı da "vəzifəsindən" azad etdiyini, onun yerinə Samvel Şahramanyanı təyin etdiyini və ona "böyük səlahiyyət" verdiyini qeyd edib. Xatırladaq ki, Arutyunyanın "səlahiyyətlərini" S.Şahramanyan icra edəcək.

 Xankəndi və ətraf ərazilərimizdə gərginliyin davam etməsi sirr deyil. TIR şousu və Fransanın buraya səfərindən sonra Araikin istefası buna əyani misaldır. Xatırladaq ki, bir müddət əvvəl Ruben Vardanyan iddia etmişdi ki, yeddi nəfərin yanında Araik söz verib ki, istefa verəcəm, amma hələ də verməyib. Amma sonradan isə bu proses uzandı. Hətta vəziyyət o qədər qəlizləşdi ki, separatçıların keçmiş lideri Azərbaycana meydan oxumağa yenə davam etdi. Lakin qeyd etdiyimiz kimi, Azərbaycanın polad iradəsi qarşısında terror ünsürünün məsaməsi belə oxuna bilməz. Məlum məsələdir ki, 44 günlük müharibədə məğlubiyyətin ardınca haylar Azərbaycanın diktəsinin qəbul edilməsini narazılıqla qarşıladılar. BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı rüsvayçılıqdan sonra isə etirazlar daha da artdı. İstər müxalifət, istərsə də kilsə, sərt şəkildə tənqidlər edir, separatçıların lideri və Paşinyanı istefaya çağırırlar.

Baş nazirin Ermənistanın müstəqillik bəyannaməsini növbəti dəfə sərt tənqid etməsi isə erməni diasporunun da fəaliyyətə keçməsi ilə nəticələnib. Rusiya erməniləri ittifaqının prezidenti Ara Abramyan bundan dərhal sonra Ermənistanın xarici siyasətini və diplomatiyasının uğursuzluğuna diqqət çəkib. Çünki sözügedən bəyannaməni tənqid etmək erməni diasporu və kilsənin "Qarabağ Ermənistandır" fikrindən imtina etmək deməkdir. Həm erməni müxalifəti, həm də diaspor bundan xəbərdardır. Bu məqsədlə, Rusiyanın erməni diasporu əvvəlcə Paşinyana təzyiq vasitəsi kimi sərmayə məsələsini də aktuallaşdırdı. Erməni əsilli iş adamı Abramyan da artıq ölkənin investisiyalar üçün əlverişli olmadığını dilə gətirdi. Bununla bir növ Paşinyana mesaj ötürdü ki, artıq diaspordan Ermənistana valyuta axını olmayacaq. Görünür, ilk hədə ilə siyasi kursunu dəyişməyən baş nazirə edilən sui-qəsd xəbərdarlıqları bu siyasətin davamıdır.

Amma bütün erməni dairələri anlamalıdırlar ki, Paşinyanın ritorikasını dəyişib-dəyişməməsindən asılı olmayaraq, Ermənistan məğlub tərəfdir və dünya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu qəbul edir. Bu ölkənin siyasi rəhbərliyinin yenisi ilə əvəzlənməsi belə Cənubi Qafqazdakı mövcud geosiyasi reallığı dəyişməyəcək.

Jalə QASIMZADƏ,

"Respublika".