Hayastanın dayanıqsız tarazlığı 
Siyasət

Hayastanın dayanıqsız tarazlığı 

Rusiya və Ermənistan münasibətləri tarixinin ən gərgin dövrünü yaşayır. Artıq dövlət rəsmiləri bir-birilərini açıq şəkildə tənqid, hətta təhqir etməkdən də çəkinmirlər. Son olaraq, Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, elə bir vəziyyət yaranıb ki, çoxlu suallar var və cavab yoxdur. O, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni rəsmilərini tənqid etməsinə də cavab verib. Bildirib ki, hansısa qurumdakı katibənin sözlərini şərh etmək niyyətində deyil. Zaxarova isə cavabında dünyanın bütün katibələrinə dəstək ifadə edib və Simonyanı nəzərdə tutaraq bildirib ki, bu söz o adamın ağzından düşünmədən çıxıb.

Rəsmi şəxslərin sərt çıxışları onu deməyə əsas verir ki, uzun müddətdir 2 ölkə arasında mövcud olan gərginlik özünün kuliminasiya nöqtəsinə çatıb və rəsmilər səviyyəsində dilə gətirilməyə başlanılır. Yəni indi Ermənistan vəzifəli şəxslərin timsalında Rusiyanı özündən aşağı gördüyü mesajını verməyə çalışır. Əslində bu, gözlənilən idi. Çünki əvvəllər Ermənistan hökuməti Rusiya və Qərb arasında manevr edə bilirdisə, artıq bu imkanları məhduddur və demək olar ki, mümkün deyil. Çünki Qərbin Ermənistan hökuməti ilə bağlı konkret tələbləri var. Elə buna görə də, Ermənistan KTMT-nin "Döyüş qardaşlığı" təlimlərində iştirakdan imtina edərək ABŞ ilə "Qartal tərəfdaşı-2023" manevrlərinə qatılacağını elan edib. Bu addım bir növ Paşinyan hökumətinin Rusiyaya xüsusi mesajı kimi qiymətləndirilir. Eyni zamanda, İrəvan KTMT-dəki daimi nümayəndəsini Niderlanda səfir təyin etməklə nümayişkaranə şəkildə qərbi seçdiyini göstərir. Sözsüz ki, qoca qitə təmsilçiləri Ermənistandan maşa kimi istifadə etməklə Rusiyanın sərhədləri boyunca gərginlik ocaqları yaratmağı hədəfləyir. Amma rəsmi Moskva da bütün prosesləri izləyir. Ermənistanda Qarabağ klanının baş qaldırması, Paşinyan əleyhdarlarının yenidən fəallaşması artıq Kremlin müəyyən addımlar atmağa hazırlaşdığından xəbər verir.

Növbəti mərhələdə proseslər Ermənistanın siyasi dairələrdəki Rusiya meyilli qüvvələrin daha dəqiq desək, 5-ci kolonun aktivləşməsinə gətirib çıxara bilər. Artıq indidən Paşinyan əleyhinə kampaniyalar başladılıb və baş nazirin hakimiyyətdən getməsi, istefa verməsi istiqamətində çağırışlar səslənir. Ultra-milliyyətçilər, radikallar, hətta lobbi və diasporlar da müəyyən təzyiqlər altındadır. Kremlin İrəvana necə cavab verəcəyinə gəlincə isə bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Rusiyanın Ermənistanda hərbi bazaları var və bu hərbi bazaların heyətləri Ermənistanı cəzalandırmaq üçün aktivləşə bilərlər. Bu isə Ermənistanın daxilindəki mövcud gərginliyin silahlı toqquşma fazasına keçməsinə gətirib çıxarar. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hazırda Rusiyada milyonlarla erməni yaşayır və onların Rusiyadan deportasiya edilməsi Ermənistan üçün fəlakətlə nəticələnər. Buradan o nəticə çıxır ki, Kremlin İrəvana qarşı təzyiq imkanları kifayət qədər çoxdur və Paşinyan Administrasiyası siyasi kursunda dəyişikliklərə getməsə, Ermənistan ciddi zərbə ilə üzləşəcək.

Onsuz da Ermənistan hökumətinin revanşist siyasət aparması və hələ də Qarabağ mövzusunda bir sıra tələblər irəli sürməsi ölkədə eskalasiya risklərini gücləndirir.  Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini çətinləşdirdiyi üçün ölkənin taleyi qeyri-müəyyən görünür. Bu qeyri-müəyyənlik fonunda erməni əhalinin Avropaya köç prosesi geniş vüsət alıb. 2018 və 2019-cu illərlə müqayisədə bu il Şengen vizası almaq üçün müraciət edən ermənilərin sayı 40-50 faiz artıb. Hətta Ermənistanda yerləşən Avropa ölkələrinin səfirliklərinin qarşısında da uzun növbələr görmək mümkündür. Ümumilikdə, BMT-nin hesabatına əsasən, 2035-ci ilə qədər Ermənistan əhalisinin 2.6 milyona qədər azalacağı  ehtimal olunur. Mövcud şəraitdə Ermənistanın bir dövlət kimi siyasi varlığını qoruyub-saxlamasının yeganə yolu isə qərblə - Rusiya arasında yürütdüyü ikili siyasətdən əl çəkmək, daha loyal münasibət sərgiləmək və Azərbaycanla sülh müqaviləsini imzalamaqdır. Əks halda, dayanıqsız tarazlıq nümayiş etdirən İrəvan bir-birinə əks mövqedə dayanan xarici güclərin döyüş poliqonuna çevriləcək və Cənubi Qafqazda sülhün təmin olunması prosesi ləngiyəcək.

Jalə QASIMZADƏ,

"Respublika".