Hayların növbəti şousu
Siyasət

Hayların növbəti şousu

Türkiyə

Cənubi Qafqaz bütün kənar müdaxilələrə baxmayaraq, öz gələcək taleyini müəyyən edəcək geopolitik proseslərə ev sahibliyi edir. Son günlər baş verən bütün hadisələr regionun yeni inkişaf mərhələsinə, sülh və sabitlik dövrünə daha da yaxınlaşmasına şərait yaradır. Bu baxımdan, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyətin dəyişdirilməsi mümkün olmayacaq.

Belə ki, Ermənistanın "Brüssel ümidləri"nin boşa çıxdığı, hətta Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri tərəfindən də dolayısı ilə etiraf olunur. Halbuki rəsmi İrəvan gələcək taleyini xilas etmək üçün Brüssel təxribatının nəticələrini səbirsizliklə gözləyirdi. Və indi Paşinyan hakimiyyətinin yenidən delimitasiya prosesində rəsmi Bakının tələblərinə həssas yanaşmaq məcburiyyətinin əsas səbəbləri sırasında bu faktor da yer alır.

Digər tərəfdən, rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına da nail olub. Bu, Azərbaycan dövlətinin olduqca böyük siyasi-diplomatik uğurudur. Çünki Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması rəsmi Bakı və Kreml arasında əldə olunmuş prinsipial anlaşma sayəsində mümkün olub və bu proses Azərbaycan-Rusiya münasibətlərinə də heç bir xələl gətirməyib.

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə ermənilərdən başqa hər kəs dəstək verir. ABŞ, Avropa Birliyi, Rusiya və əksər Qərb dövlətləri Azərbaycan ilə Ermənistan arasında dörd kəndin qaytarılması barədə anlaşmanı alqışladıqlarını rəsmən bəyan ediblər. Yalnız Ermənistanda buna əngəl törətməyə cəhd göstərilir. Belə ki, radikal-revanşist erməni müxalifəti Azərbaycana aid dörd kəndin geri qaytarılmasını yolverilməz hesab edir. Və buna əngəl olmaq üçün sərhəd bölgəsində qarşıdurma yaratmağa, gərginliyi mümkün qədər artırmağa çalışırlar.

Ermənilərin növbəti təxribatı isə İrəvanda qondarma erməni "soyqırımı" münasibətilə təşkil olunan yürüşdə Azərbaycan və Türkiyə bayraqlarını yandırmaları olub. Belə ki, İrəvanda Respublika meydanında 1915-ci ildə baş verdiyi iddia edilən qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə məşəl yürüşü keçirilib. "Daşnaksütyun" partiyası tərəfindən təşkil edilən yürüşdən əvvəl həmin meydanda mitinq baş tutub. Tədbirə Azərbaycan və Türkiyənin əleyhinə sərsəm bəyanatları ilə gündəmə gələn bəzi siyasətçilər, o cümlədən İşxan Saqatelyan və ölkənin 3-cü prezidenti Serjik Sarkisyan da qatılıb. Yürüşdə bir neçə iştirakçı Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirildiyi bir vaxtda İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması bəzi qüvvələrin prosesə zərbə vurmaq istəyindən irəli gəlir. Həmçinin Saqatelyan və Sarkisyanın anti-Azərbaycan əhvali-ruhiyyəli siyasətçilər olduğu nəzərə alınsa, belə bir təxribatın onların qatıldığı yürüş zamanı baş verməsi heç də təəccüblü deyil". Bu fikri mövzu ilə bağlı açıqlamasında politoloq Volkan Aydemir bildirib. Politoloq deyib ki, Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan erməni xisləti arxa planda acizliyini nümayiş etdirir. Onun sözlərinə görə, sözügedən təxribat 44 günlük Vətən müharibəsində biabırcasına məğlub olan ermənilərin iç üzünü açıq-aşkar göstərir: "İnsan gücünü meydanlarda bayraq yandırmaqla göstərməz. Əgər sizdə abır-həya varsa, gedin döyüş meydanlarında özünüzü sübut edin. O zaman Azərbaycan ordusundan layiq olduğunuz cavabı alacaqsınız. Biz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusundan bir nəfərin də döyüş meydanından qaçdığını görmədik. Hər kəs müharibəyə getmək üçün növbələrə durdu. Amma Ermənistanda minlərlə fərari var. Onların gücü sadəcə meydanlarda boş-boşuna qışqırmağa və bayraq yandırmağa yetər".

V.Aydemir deyib ki, 24 aprel sadəcə ermənilərin bir şousudur. 1965-ci ildə uydurma "erməni soyqırımı"nın 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, bu məqsədlə 40 milyard ABŞ dolları pul toplamışlar. İldən-ilə bu məbləğ artır. Demək, ermənilərin qondarma soyqırımı iddialarının kökündə ancaq pul hərisliyi dayanır.

"Ermənilər soyqırımı deyə bağıraraq heç bir şey əldə edə bilməzlər. Çünki soyqırımı hüquqi bir anlayışdır. Bu səbəbdən də 1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il tarixli qərarı ilə "soyqırımı" iddialarına tutarlı cavab verib. 2005-ci ildə Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasını təklif etsə də, Ermənistan tərəfi hələ də bu təklifə cavab verməyib", - deyə politoloq qeyd edib.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.