Simasızlığın son həddi
Siyasət

Simasızlığın son həddi

Hayastan bir vaxtlar qarşısında baş əydiyi, qərbin şirin vədləri ilə dönük çıxdığı Rusiyaya yenidən üz tutur

İkinci Qarabağ müharibəsinə son qoyan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatı imzalayarkən tərəflər üzərlərinə müəyyən öhdəliklər götürdülər. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Bəyanatın 4-cü bəndində qeyd olunur ki, Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir.

Lakin ötən 3 il ərzində Bəyanatın müddəalarına əməl etməyən Ermənistan Azərbaycan tərəfin münasibətlərin normallaşmasına, xalqların birgəyaşayışına doğru atdığı addımlara məhəl qoymayaraq təxribatlarına, terror aktlarına davam edir, qanunsuz birləşmələrini silahlandırmaqla bölgədə gərginliyi artırır, separatçılar mina terroru həyata keçirirdilər. Ermənistandan ölkəmizin ərazisində yerləşən erməni silahlı dəstələrinə canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq üçün bu il aprel ayının 23-də ölkəmizin suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradıldı və bununla da düşmənin torpaqlarımızda faydalı qazıntı yataqlarını qeyri-qanuni yollarla istismarına və xuntaçıların silahlanmasına son qoyuldu. Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə dövlətimiz ərazi bütövlüyünü tam bərpa etdi.

44 günlük müharibədə qalibiyyət qazanan Azərbaycan müharibə bitdikdən sonra qonşu ölkə ilə əlaqələrin bərpa edilməsi, regionda təhlükəsizliyin təmin olunması naminə ədavətə, kin-küdurətə son qoymaq, mehriban qonşuluq şəraitində yaşamaq üçün Ermənistana barışıq təklif etsə də, düşmən ölkə öz mövqeyindən əl çəkmədi. Belə ki, Qarabağ və ətraf ərazilərdə yaşayan etnik erməniləri əsarətdə saxlayaraq guya Azərbaycanın onları "blokada"ya saldığı, humanitar böhran vəziyyəti yaratdığı barədə yalan məlumatlarla dünya ictimaiyyətinin fikrini yayındırmağa çalışdı. Azğınlaşmış separatçılar tarixi Azərbaycan ərazilərində "prezident seçkiləri" keçirərək dövlətimizin konstitusion hüquqlarını pozdu. Ötən ay separatçı dəstələrin şərti sərhəddə basdırdıqları minaların partlaması nəticəsində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının, mülki vətəndaşlarımızın həlak olması isə illərdir səbir, təmkin göstərən, humanist ideyalara sadiqliyini nümayiş etdirən xalqımızın səbir kasasını daşırdı. Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri keçirildi və xunta rejiminin təslim olduğu, silahları yerə qoyduğu təqdirdə antiterror tədbirlərin dayandırılacağı bəyan olundu. Yüksək peşəkarlıq və mükəmməl plan əsasında cəmi bir günə separatçıların hərbi mövqeləri, silahları, texnikaları məhv edildi. Qeyri-qanuni erməni silahlı dəstələri ağ bayraq qaldıraraq təslim oldu və bundan sonra lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. 24 saatlıq antiterror tədbirlərini uğurla həyata keçirən Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi.

Antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulmasında iştirak edən dəstələrin üzvləri, onlara rəhbərlik edən xuntaçılar saxlanılmış və cinayət məsuliyyətinə cəlb olunmuşlar. Dövlətimizə qarşı terror hadisələri törədən, dinc azərbaycanlılara işgəncə verən, soydaşlarımızı soyqırımına, etnik təmizləməyə məruz qoyan Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Arayik Harutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərləri barəsində Cinayət Məcəlləsinin uyğun maddələri əsasında prokurorluq orqanları tərəfindən cinayət işi başladılıb və həbs qətimkan tədbiri seçilib. Bu qatı cinayətkarlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

Son vaxtlar anti-Rusiya siyasəti aparan, ölkəsində KTMT-nin hərbi təlimlər keçirməsini məqsədəuyğun görməyən, hətta Rusiyanın hərbi bazasının mövcudluğunu özü üçün təhdid adlandıran, bir sözlə, Cənubi Qafqazdakı maraqlarını onun vasitəsilə həyata keçirməyə çalışan qərbə meyil edən Ermənistan separatçıların azad olunmasına kömək göstərmək üçün yenə Moskvaya üz tutur. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistin bu barədə sualını cavablandırarkən bildirib ki, Qarabağdakı separatçıların "liderlər"i Ermənistan vətəndaşlarıdır və onların həbsi ilə bağlı məsələ də İrəvan ilə Bakı arasında həll edilməlidir. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə oktyabrın 4-də keçirilən brifinq zamanı erməni jurnalistin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən qondarma rejimin sabiq "rəhbərləri"nin həbsi ilə bağlı sualına cavabında deyib: "Siz sualı səhv adama verirsiniz. Haqqında danışdığınız şəxslər Ermənistan vətəndaşlarıdır, odur ki, onlar haqda sualı siz məhz Ermənistan Xarici İşlər Nazirliyinə verməlisiz".

Bütün bunlar isə bir daha "çörəyi dizi üstə olan" Ermənistanın iç üzünü açıb göstərir. Uzun illər boyu siyasi-iqtisadi əlaqələri olan, bir vaxtlar qarşısında baş əydiyi Rusiyadan qərbin şirin vədləri ilə üz döndərən Ermənistanın dara düşən kimi simasını dəyişməsi onun mövqesizliyinin sübutudur.

Mehparə ƏLİYEVA,

"Respublika".