Hayastan sülhə deyil, hərbə meyil edir
Siyasət

Hayastan sülhə deyil, hərbə meyil edir

Dünya dövlətləri ilə əlaqələrini gücləndirən, bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında münasibətlər quran Azərbaycan iqtisadiyyatın, sənaye potensialının inkişafı, ordu quruculuğu istiqamətində islahatlar nəticəsində gücünü, qüdrətini daha da artırır.

Düşünülmüş siyasətlə inkişaf etməkdə olan ölkələrin sırasına qoşulan dövlətimiz beynəlxalq münasibətlər sistemində dost, tərəfdaş ölkələr qazanıb və bütün sahələr üzrə həyata keçirilən əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Yeni dünya düzənində Azərbaycan sülhsevər, tolerant, zəngin enerji resurslarına malik ölkə olaraq qəbul edilir.

Müstəqil siyasət yürüdən dövlətimiz təhlükəsizliyin, sabitliyin bərqərar olmasının xalqların mehriban qonşuluq şəraitində birgəyaşayışına töhfə verəcəyini daim vurğulayır. İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Ermənistana sülh təklifi də bu məqsədə xidmət edir. Xalqının əmin-amanlıq şəraitində yaşaması üçün 30 il ərzində düşmən ölkənin işğal altında saxladığı torpaqlarımızda törətdiyi vəhşiliklərlə dolu səhifələrin bağlanmasını, münasibətlərin normallaşmasını istəyən və bu istiqamətdə mühüm addımlar atan Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Qarşı tərəfə də ədavətə, düşmənçiliyə son qoymasını, Qərbin fitvasına uyub regionda gərginlik yaratmamasını tövsiyə edir. Ermənistan isə əksinə, imzaladığı təslimolma aktının müddəalarına əməl etməməklə beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Müharibə başa çatsa da, düşmənin təxribatı, riyakarlığı bitmir. İkitərəfli görüşlərdə Nikol Paşinyan dəfələrlə sülh sazişinin imzalanmasına, sərhədlərin delimitasiya və demarkasiyasına razı olduğunu bildirsə də, ortada real nəticə yoxdur. Bu da Ermənistanın bütün dünyaya məlum olan qeyri-konstruktiv mövqeyinin, sözü ilə əməlinin üst-üstə düşməyən, təxribatçı ölkə olduğunun təsdiqidir.

Qərbin göstərişi ilə hərəkət edən Ermənistan Azərbaycanın sülh təklifinin əhəmiyyətini anlamamış deyil. Lakin təkbaşına qərar vermək iqtidarında olmayan bu ölkə atdığı hər addımı ağaları ilə razılaşdırmalıdır. Qərb isə Ermənistanın cilovunu əlindən buraxmır. Çünki öz xalqının gələcəyini, rifahını düşünməyən belə bir dövlət Cənubi Qafqazda yerləşmək istəyən Qərb üçün göydəndüşmədir. ABŞ, Fransa, Almaniya kimi bir çox ölkələrin əlində alətə çevrilən, top kimi qapıdan-qapıya atılan Ermənistanı şirnikləndirmək isə Qərbin əlində su içmək qədər asandır. Məsələn, Azərbaycanın əleyhinə əsassız ittihamlar səsləndirmək, şər-böhtan xarakterli bəyanatlar vermək və sonda da heç bir əhəmiyyəti olmayan qətnamələr qəbul etmək Ermənistana verdiyi vədləri yerinə yetirməməsi, manipulyasiyalar etməsi üçün yetərlidir. Silah-sursatla təmin olunmaq isə işğalçı dövlətin ən həssas nöqtəsidir. Çünki İkinci Qarabağ müharibəsində "qəhrəmanlarının" döyüş meydanında atıb qaçdıqları silahların, rəşadətli ordumuz tərəfindən məhv edilən hərbi texnikaların yerini doldurmaq ölkənin gücü daxilində deyil. Bunu çox yaxşı bilən Qərb dövlətləri Ermənistanı silah-sursatla təmin etməklə onu yeni münaqişəyə sövq edir, Azərbaycanla münasibətlərini normallaşdırmağa, sülh sazişini imzalamağa imkan vermirlər. Ermənistan isə Qərbin öz maraqlarından çıxış etdiyini, onu siyasi alət etdiyini hələ də anlamaq istəmir. Əksinə, bunu dostluq, tərəfdaşlıq kimi qiymətləndirir.

Ermənistan ordusunun ildönümünə həsr olunmuş tədbirdə baş nazir Nikol Paşinyanın çıxışı ölkənin sülhə deyil, hərbə meyil etdiyini bir daha təsdiq edir. Belə ki, baş nazirin Ermənistanın təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsindən başqa yolunun olmadığını, müasir silah-sursat və texnika əldə etmək üçün bir neçə milyon ABŞ dolları dəyərində müqavilələr imzalandığını söyləməsi onun hələ də çirkin niyyətindən əl çəkmədiyini göstərir: "Orduda islahatlar aparmaq, güclü və döyüşə hazır orduya malik olmaq hər bir ölkənin suveren hüququdur və biz bu yolla gedəcəyik. Güclü və bacarıqlı ordu Ermənistan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təmin edən ən mühüm amillərdən biridir. Ermənistan Respublikası ordusunun islahatları, silah və texnika əldə etməsi ilə bağlı müxtəlif tərəfdən, xüsusən də Azərbaycandan gələn bir sıra aqressiv bəyanatlara da istinad etməliyəm. Artıq dedim ki, güclü və bacarıqlı orduya malik olmaq hər bir ölkənin suveren hüququdur və bizim haqqımızı heç kim şübhə altına ala bilməz. Kimsə bizim bu hüququmuzdan şübhələnirsə, bizim varlıq haqqımızı şübhə altına alır. Belə olan halda bizim dövlətçiliyimizi, müstəqilliyimizi, ərazi bütövlüyümüzü bütün mümkün və qeyri-mümkün vasitələrlə müdafiə etməkdən başqa çarəmiz qalmayacaq".

30 il Azərbaycanın ərazi bütövlüyünü pozan, torpaqlarını işğal altında saxlayan, xalqımıza qarşı təcavüz törədən, himayədarlarının göndərdiyi hərbi texnikanı ölkəmizin ərazisində yerləşdirən Ermənistan bu gün də eyni mövqedən çıxış edir. Ölkədə aparılan hərbiləşmə siyasəti, havadarlarının əli ilə silah tədarükü, hərbi sənayenin inkişaf etdirilməsi onun sülh prosesinə ciddi yanaşmadığının təzahürüdür.

Məqsədyönlü siyasət yürüdən, beynəlxalq aləmlə əlaqələrini şaxələndirən və iqtisadi imkanlarını möhkəmləndirən Azərbaycan isə nəinki regionda, bütün dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir və bu yolda süni şəkildə yaradılan maneələri dəf etməyi bacarır.

Mehparə ƏLİYEVA,

"Respublika".