Havaya açılmış növbəti atəş – fransız xülyası
Siyasət

Havaya açılmış növbəti atəş – fransız xülyası

Yeddi ildir ki, fransız xalqı sözün əsl mənasında "kef" eləmir.

Emmanuel Makron iqtidarının hakimiyyətə gəldiyi gündən ölkəni demokratiyadan uzaqlaşdırmaq siyasəti açıq-aşkar müşahidə edilir. Küçələrdə dəfələrlə prezidentin şəkli olan afişalar sökülüb, hakimiyyətə qarşı etiraz aksiyaları keçirilir və üzərində şeytan formasında ölkə başçısının yer aldığı posterlər nümayiş etdirilir.

Ölkəsinə başucalığı gətirməyən Makron siyasətinin mənfi tendensiyası ölkə mətbuatına da sirayət edib. Demək olar ki, bütün KİV materialları Yelisey sarayının sifarişi ilə işıq üzü görür. Makron administrasiyasına yönəldilən təriflərin isə həddi-hüdudu yoxdur. Sifariş əsasında formalaşan mətbuatın isə son dönəmlərdə hədəfinə "Odlar yurdu" da tuş gəlib. Yelisey sarayı "Le Figaro" nəşrinə göstəriş verib ki, bəs Azərbaycanla bağlı qərəzli yazı dərc olunmalıdır və bu "şərəfli" iş də sizin üzərinizə düşür. Muzdlu müxbirlər də yerindəcə təklifi qəbul edib və başlayıblar xəyali faktlarla məqalə yazmağa.

1826-cı ildən nəşr olunan həftəlik satirik qəzet bu gün Yelisey sarayının dediyi ilə hərəkət edir. Özünə "tənqid etmək azadlığı olmadan, heç bir tərif olmaz" şüarını əsas götürən nəşr indi tamam fərqli məzmunda oxuculara təqdim olunur. Nədənsə iki yüz ildən sonra qəzet özünü siyasətdə sınamağa başlayıb. Hətta "Le Figaro" Fransanın özündə və ölkə hüdudlarından kənarda Yelisey sarayının tezisləri ilə işləyən qəzet kimi tanınır. Ona görə də burada dövlətimizlə bağlı qərəzli məqalənin işıq üzü görməsi heç də təəccübləndirmir. Məqalədə zamanında ermənilərin Qarabağda məhrumiyyətlərə məruz qalmaları, "Laçın dəhlizi"nin blokadaya alınması, antiterror tədbirləri zamanı cəmi 23 saat ərzində 200-dən çox erməninin öldürülməsi kimi feyk məlumatlardan bəhs edilib və timsah göz yaşları tökülüb.

Etimoloji mənşəyi təxminən 1700 il əvvələ aid olan bu ifadə timsahların ovlarını yeyərkən göz yaşı tökərək yalançı günah və ya kədər göstərdiklərini nəzərdə tutur. Bununla belə, araşdırmalar göstərir ki, timsahlar emosional olaraq ağlamırlar, əksinə, anatomik səbəbdən saxta göz yaşı tökürlər. Odur ki, bu xüsusiyyət insanlarda da müşahidə olunur və onlara "timsah göz yaşı sindromu" təyin edilir. Görünür E.Makronun formalaşdırdığı oriyentasiyalı komanda da bu sindroma tutulub.

Yayımlanan məqalədə Fransa prezidenti ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə adamdır, ancaq necə işdirsə, Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmayıb. Hətta E.Makron 2022-ci ilin oktyabrında "erməni məsələsini" Roma Papası ilə də müzakirə etmək istəyib. Vəziyyətdən olduqca narahat olan ölkə başçısı Roma Papasını ziyarət edərkən özü ilə ermənipərəst yazıçı Silvin Tessonu da aparıb. Məqsəd isə sadəcə "Ermənistanla bağlı məsələ"ni qaldırmaq olub. Amma nə işdirsə, Vatikandan da istədiyi dəstəyi ala bilməyib. Təsadüfi deyil ki, satirik qəzet bütün məsələlərin ən xırda detalına qədər yaxşı bilir. Sanki bütün bunlar yaşananda prezidentin yanında olublar və müşahidə ediblər. Və belə qənaətə gəliblər ki, E.Makron nə qədər "çabalasa" da istədiyinə nail ola bilməyib. Lakin maraqlı məqam orasındadır ki, görəsən fransız prezidentin göstərdiyi ilə ürəyində olan niyyət üst-üstə düşürmü? Həqiqətən də arzusu Ermənistanın rifahıdırmı? Aydındır ki, qəzetin məqsədi ermənilərə, xüsusilə də erməni diasporuna Makronun əslində Ermənistan üçün necə çalışdığını və əlindən gələni etməsinə baxmayaraq, başqa dövlətlər tərəfindən dəstək almadığı üçün uğursuzluğa düçar olduğunu göstərməkdir. Belə olan halda, qəzetin onun Roma Papasını bu məsələyə qatmasını, Vatikanın Makronun siyasətinə dəstək verməməsini qabardıb ki, bütün dünya prezidentin necə çətin bir vəziyyətə düşdüyünü görsün.

Biz dəfələrlə Fransa mətbuatında ölkəmizə qarşı destruktiv məqalələrə rast gəlirik. Çünki Makron Cənubi Qafqazda nə qədər möhkəmlənmək istəsə də bunu bacarmır. Ona görə ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan buna yol vermir. Belə olduqda daha da qəzəblənir və öz əlaltılarına əmr verir ki, Azərbaycan əleyhinə böhtan məqalələr dərc edilsin. Şübhəsiz ki, Avropa Şuraşı Parlament Assambleyası, Avropa Parlamentinin məlum qərəzli qətnamələri də məhz Yelisey sarayının təşəbbüsü və dəstəyi ilə qəbul olunub. Lakin bunların heç bir mahiyyəti yoxdur. Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası, Fraknafoniya müstəvisində ölkəmizə qarşı müzakirələr keçirilsə də onların heç bir praktiki əhəmiyyəti olmayıb. Havaya açılmış atəşdən başqa bir şey deyil. Çünki Azərbaycan gücünə güc qatmağa davam edir, Fransa kimi dövlətlərin başı isə öz xain xislətləri ilə ölkəmizə qarşı planlar qurmağa qarışıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".