Haram tikə baş yarar
Siyasət

Haram tikə baş yarar

Azərbaycanın milli sərvətləri onu qanunsuz istismar edənlərin boğazında "kal armud"a dönəcək

Qarabağ problemi uzandıqca iqtisadi cəhətdən böhran yaşayan Ermənistan işğal altında saxladığı torpaqlarda təbii sərvətləri daha qəddarlıqla istismar edir, xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradır, o müəssisələrə erməni millətindən olan rəhbərlər gətirir, bununla da bölgəyə xarici investisiyaların cəlb edilməsinə nail olurdu. Bunun nəticəsində isə Qarabağın təbii sərvətləri qeyri-qanuni yollarla xarici ölkələrdə satışa çıxarılır, əldə edilən gəlirin bir qismi Ermənistanın inkişafına sərf olunur, digər qismi isə Qarabağda yaşayan ermənilərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilirdi. Özlərini demokratiya, insan hüquqlarının müdafiəçiləri, ekologiyanın qoruyucuları kimi təqdim edən Qərb dövlətləri, hətta şimal qonşumuz Rusiyanın iş adamları belə bəzi məqamlarda öz maddi maraqları naminə işğalçı ölkənin talançılıq əməllərinə göz yumur, onları təmsil edən şirkətlər vasitəsilə "erməni dəyirmanına su tökürdülər".

Məsələn, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Dmitriy Krivelevin rəhbərlik etdiyi "Vibrotexnik" şirkəti 2003-cü ildən başlayaraq qızıl, mis filizləri və digər əlvan metalları parçalamaq və narınlamaq üçün texniki avadanlıqların, onların tərkibini müəyyən etmək üçün ələk analizatorların, maddələrin tərkibinin analizini aparmaq üçün laboratoriya vasitələrinin istehsalı ilə məşğul olurdu.

Rusiyanın "Sekret Firma" jurnalının hazırladığı xüsusi reportajda qeyd edilir ki, Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq məqsədilə 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək böyük həcmli təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirib. Jurnalın yazdığına görə, işğal dövrü Qarabağda kənd təsərrüfatı məhsullarının istehsalı 1990-cı illərlə müqayisədə 1,5 dəfə artaraq 50 milyon ABŞ dollarından 120 milyon ABŞ dollarına yüksəlib. Elektrik enerjisi 75 milyon kilovat-saatdan 300 milyon kilovat-saata çatdırılıb. 2008-ci ildən 2015-ci ilədək Qarabağa qoyulan xarici investisiya beş dəfə artaraq 200 milyon ABŞ dolları olub.

Qarabağla İran arasında da ciddi işgüzar bağlantılar qurulub. İran qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımadığına görə, bütün əlaqələr İrəvan vasitəsilə yaranırdı. Qarabağdan İrana ixrac olunan mallar İrəvanda qablaşdırılır, qeydiyyatdan keçirilir və bundan sonra İrana göndərilirdi. Lakin ermənilər Qarabağdan İrana satılan bütün malların üzərində "Made in Artsakh" sözləri yazırdılar. İranın yük maşınları işğal altındakı Azərbaycan ərazilərinə sərbəst şəkildə girir və burada yükdaşımaları ilə məşğul olurdular.

Qarabağda yaradılan kənd təsərrüfatı müəssisələrindən ən böyüyü "Karabakh Gold"dur. Müəssisənin rəhbəri Araik Arutyunyandır. Müəssisə yarandığı ilk gündən çaxır və konyak istehsalını həyata keçirirdi. Sonralar heyvandarlıq və taxılçılıqla da məşğul olmağa başlayıb. Müəssisənin rəhbərliyi aztəminatlı ailələrə öz fondlarından bəzən təzminatlar da ödəyirdi. Qarabağda kənd təsərrüfatının inkişafına qoyulan investisiyalar Ermənistan banklarının pul vahidləri və qiymətli kağızları hesabına ödənilirdi.

Qarabağın qondarma kənd təsərrüfatı naziri Aram Mxoyanın verdiyi məlumata əsasən, 1990-cı illərdə Qarabağın iqtisadiyyatının inkişaf etdirilməsinə böyük investisiya qoyanlardan biri Vartan Sirmakes olub. İstanbulda doğulan V.Sirmakes 17 yaşında İsveçə köçərək orada yaşayıb. 1990-cı illərdə o, saat dizayneri Frank Müllerlə Qarabağa gələrək orada "Frank Müller" saat istehsalı müəssisəsi yaradıb. Qarabağda istehsal olunan məhsullar əsasən Avropa ölkələrində satılırdı. Beləliklə, onların illik gəlirləri 330 milyon dollar təşkil edirdi. Əldə edilən gəlirlərdən ruhlanan V.Sirmakes Ağdərə rayonunun Madagiz kəndi yaxınlığındakı su hövzəsini icarəyə götürərək qara kürü istehsal etmək üçün nərə balığı yetişdirməyə başlamışdı. O, burada 50 nəfərlik iş yeri də yaratmışdı.

Separatçı siyasi-kriminal rejim Qarabağda mini su elektrik stansiyalarının tikintisinə də xüsusi yer verirdi. Ancaq ermənilər üçün qızıl-mis istehsalı xüsusi önəm daşıyırdı. Qızıl-mis istehsalı, eyni zamanda investorların da daimi maraq dairəsində olub. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 20 ildən çox müddətdə Ermənistan tərəfindən talan edilib. Belə ki, 1998-ci ildə Kanadanın "Canadian First Dynasty Mines Ltd" şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan savayı, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın "İndian sterlite Gold Ltd" şirkəti olub.

Ermənistanla ən çox həcmdə işbirliyi quran İranın yüzlərlə şirkəti bu ölkədə fəaliyyət göstərir. İranın "İran Mellat Bankı"nın İrəvan filialı 2016-cı ilin aprelində növbəti dəfə "Dağlıq Qarabağ Respublikası"na böyük miqdarda maliyyə yardımı göstərib.

Təbii ki, bu cür faktlar çoxdur. Bütün bunlardan bir daha aydın olur ki, Ermənistan Azərbaycanın təbii sərvətlərini şərikləri ilə birgə talan edərək həm də özünə "dost" qazanıb. İndi onların bu çirkin əməllərinin qarşısı alınır, Azərbaycan sübut edir ki, torpaqlarına da, onun sərvətlərinə də sahib çıxmaq gücündədir. Bundan sonra baş verənləri zaman özü göstərəcək, çünki şəriklər arasında sonradan üzə çıxan çəkişmələr "yorğan davası"na da çevrilə bilər. Bizim müdriklərin belə bir misalı da var: "Haram tikə baş yarar". Azərbaycanın milli sərvətləri tez, ya gec onu qanunsuz şəkildə istismar edənlərin boğazında "kal armud"a dönəcək...

Zümrüd QURBANQIZI,

"Respublika".