Hacıqabul rayonunda 8 kəndi əhatə edən yollar yenidən qurulur
Digər xəbərlər

Hacıqabul rayonunda 8 kəndi əhatə edən yollar yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

14 iyun Agentlikdən bildirilir ki, 39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Layihə çərçivəsində 2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb, yol əsasının tikintisi aparılıb.

Yolun əsaslı şəkildə yenidən qurulması ilə 8 yaşayış məntəqəsinin 12 mindən artıq əhalisinin təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaranacaq, ən əsası sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq.

“Respublika”.