Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan
Digər xəbərlər

Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan

Artıq İkinci Qarabağ müharibəsinin üçüncü ildönümü tamam olur. 2020-ci il sentyabrın 27-də müstəqil dövlətimiz düşmənin illərlə davam edən təcavüzkar əməllərinə son qoydu, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ərazi bütövlüyünü, suverenliyini təmin etdi. 30 il Ermənistanın işğalçılıq siyasətinə göz yuman, Qarabağ münaqişəsinə əhəmiyyət verməyən beynəlxalq təşkilatların üzərinə düşən öhdəlikləri Azərbaycan öz daxili imkanları hesabına cəmi 44 gün ərzində həll etdi. Böyük güclərin ikili yanaşmalarına, beynəlxalq hüququn işləməməsinə, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmamasına rəğmən ölkə başçımızın müdrik siyasəti sayəsində Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırıldı, haqq, ədalət öz yerini tapdı, azğınlaşmış düşmənin işğal etdiyi torpaqlar geri alındı.

Ölkəmizin haqlı mövqeyini, heç bir dövlətin ərazisində gözü olmadığını, öz suveren hüquqlarını qoruduğunu, xalqımızın soyqırımlarına, deportasiyalara məruz qaldığını isbat edən Prezident İlham Əliyev uğurlu diplomatiya yürüdərək bütün maneələri dəf etməyi bacardı, ali kürsülərdən öz sözünü qətiyyətlə dedi, cəsarətlə xalqımızın, dövlətimizin mənafeyini müdafiə etdi və Azərbaycanın qüdrətli, sülhsevər və öz hüquqlarını təmin etməyə qadir dövlət olduğunu bütün dünyaya göstərdi. İştirak etdiyi beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda ölkə başçımız Azərbaycan xalqının mətin iradəyə, sarsılmaz ruha, intellektual potensiala malik bir xalq olduğunu sübut etdi: "Gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik", - deyən, düşmənin işğalçılığına danışıqlar yolu ilə mümkün olmasa, hərbi yolla son qoyulacağını əminliklə vurğulayan Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına qarşı hərbi əməliyyatlara başlanmasına əmr verdi, öz torpaqlarımızda əks-hücum əməliyyatı həyata keçirildi. Güc amilinin ön plana çıxdığı dövrdə müstəqil Azərbaycan gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi: "Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox", - deyərək Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həllinə razı olmayan mənfur düşməni həm diplomatiya, həm də hərb meydanında məhv etdi. Düşmən Azərbaycanın gücü, iradəsi, xalqının birliyi, məğrurluğu, mübarizliyi qarşısında tab gətirə bilməyərək diz çökdü, təslim aktı imzaladı.

44 günlük müharibə artıq tarixdə qalıb, Azərbaycan Qarabağ münaqişəsini zəfərlə sonlandırıb. Bu gün qalib Azərbaycan xoş gələcəyə, daha firavan günlərə doğru inamla addımlayır. Ölkədə gedən proseslər, bölgədə möhkəmlənən mövqelərimiz, dünyada baş verənlərə təsir imkanlarımızın artması məqsədyönlü siyasətin nəticəsidir. İlham Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar Azərbaycanın xoş gələcəyinə hesablanıb. Xalqın rifahının yaxşılaşması, müasir, inkişaf etmiş, dünyada böyük nüfuza sahib ölkə vətəndaşları kimi yaşamasına yönəlik düşünülmüş siyasət həyata keçirilir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı doğma yerlərindən didərgin düşmüş bir milyondan çox vətəndaşının yurd yerlərinə təhlükəsi, layiqli şəkildə qayıdışı dövlət siyasətinin əsasını təşkil edir. Vətən müharibəsində güclü iradə, cəsarət, milli ruh nümayiş etdirən xalqımız bu gün Böyük Qayıdışın reallaşmasına əzmlə, qətiyyətlə səy göstərir. Şanlı tariximizə qəhrəmanlıq salnaməsi yazan mübariz xalqımız Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə işğaldan azad etdiyi torpaqlara müzəffər xalq kimi geri dönür. Əzəli yurd yerlərimiz yenidən dirçəlir, düşmənin vandal əməllərinin izləri yox edilir, indi bu yerlərdə yeni - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanıb. Vaxtilə düşmənin zəbt etdiyi, Azərbaycan ordusunun rəşadəti sayəsində qarış-qarış geri alınan ərazilərdə bütün kommunikasiyalar, enerji xətləri çəkilib, dəmir yolları, avtomobil yolları inşa edilir, irimiqyaslı nəqliyyat layihələri icra olunur. Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası, bir sözlə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrası reallaşdırılır.

Vətən müharibəsindən sonra Qarabağın bərpasına - "ağıllı kənd" və "ağıllı şəhər"lərin yaradılmasına başlayan Azərbaycan inkişafa, tərəqqiyə, vətəndaşları üçün layiqli yaşayışa hesablanmış mühüm addımlar atır. Qarabağın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün və 30 illik kağız üzərində qalan hüquqlarımızın təmin edilməsi bütün dünyaya səs saldığı kimi, işğalçının viran qoyduğu ərazilərin sürətli bərpa prosesi də tarixi hadisəyə çevrilib. Böyük Qayıdış Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərində və Laçın şəhərində reallaşıb, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park-3" yaşayış kompleksində yaşayan keçmiş məcburi köçkünlərin daha bir hissəsi - 13 ailə olmaqla 52 nəfər doğma yurd yerlərinə qayıdıb. Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib. Artıq Laçının Zabux kəndinə də köçürülmə başlayıb. Ümumiyyətlə, 2023-cü ilin axırlarında işğaldan azad olunmuş beş yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərimizin tam olaraq məskunlaşdırılması nəzərdə tutulur.

Müstəqil siyasət həyata keçirən Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra hərbi gücünü, iqtisadi potensialını daha da artırır. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır. Bu gün Azərbaycan çoxəsrlik tarixi boyu olmadığı qədər güclü, qüdrətli dövlətə çevrilib. Beynəlxalq aləmdə nüfuzu daha da artan, dünya dövlətlərinin maraq dairəsində olan ölkəmizlə əlaqələr qurmaq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır.

Mehparə ƏLİYEVA,

"Respublika".