Terror, xəyanət, hiylə, satqınlıq, yalançılıq
Digər xəbərlər

Terror, xəyanət, hiylə, satqınlıq, yalançılıq

Tarixin səhifələrinə və xalqımızın yaddaşına ermənilərin azərbaycanlılara qarşı törətdikləri saysız-hesabsız terror hadisələri və amansız cinayətlər əbədi həkk olunub. İki yüz il idi ki, ermənilər azərbaycanlılara qarşı belə çirkin və xəbis əməllərdən əl çəkmir, etnik nifrət zəminində soydaşlarımıza qarşı soyqırımı törədir, torpaqları işğala məruz qoyur, dinc insanları öz dədə-baba yurdlarından didərgin salırdılar. Dünya dəyişir, münasibətlər dərinləşir, əməkdaşlıq genişlənir, sosial rifah və tərəqqi naminə uğurlu işlər aparılır, sülh çağırışları edilir, sabitliyə və əmin-amanlığa aparan yollar birləşir. Fəqət yüz illər keçsə də, ermənilər yaxşılığa doğru dəyişmək istəmirlər, insanlığa qarşı təhdiddən, terrordan əl çəkmirlər, öz çirkin mahiyyətlərini və qara niyyətlərini heç zaman gizlətmirlər.

1988-ci ildən başlayaraq Qarabağda baş verən hadisələrin, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlərin şahidi olmuşam. Son otuz ilin təhlillərinə görə gəldiyim qənaət odur ki, iki yüz illik tarixin səhifələrinə ermənilərin adı xəyanətkar, hiyləgər, satqın, yalançı, başqasının əlində alətə çevrilən, saxtakar və uydurmaçı, işğalçı, terrorçu, sözündən, boynuna götürdüyü öhdəlikdən qaçan bir toplum kimi həkk edilib. Bu, acı bir reallıqdır, bu barədə arxivlərdə və yaddaşlarda istənilən qədər faktlar var. O faktları ermənilər nə qədər gizlətməyə çalışsalar da, həqiqətin qarşısında həmişə aciz duruma düşürlər.

Ermənilər sığındıqları torpağa, süfrəsində çörək yediyi millətə qarşı həmişə xəyanət yolunu tutub, şərçi, böhtançı, yalançı sifətləri dəyişməyib. Və buna heç güman da yoxdur. Yalanı və iftiranı dövlət siyasətinə keçirən Ermənistan, ermənilərin diasporu, din xadimləri acı məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə öz xalqını yenidən fəlakətə - Xankəndidə və ətraf ərazilərdə qeyri-qanuni yaradılan silahlı dəstələri, revanşist qüvvələri, xunta rejimini zəhərli ideyalarla yeni savaşa sürükləyirdilər. Özünü dünyaya "məzlum" xalq kimi təqdim etməyə vərdiş edən ermənilər əslində yırtıcı, terrorçu, vəhşi bir toplumdur. Qədim Xankəndi terrorçuların yuvasına çevrilmişdi. Üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilmir, Ermənistan ordusunun tör-töküntüləri tərk-silah edilmirdi. Son aylar Ermənistan silahlı qüvvələri və ölkəmizin ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən həm şərti sərhəddə, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatlar getdikcə daha da intensivləşir və onların coğrafiyası genişlənirdi. Ermənilər tərəfindən baş vermiş təxribatların sayı durmadan artırdı. Sentyabrın 19-da Qarabağda quruculuq işlərində iştirak edən iki mülki şəxsin və dörd nəfər polis əməkdaşının terrorçu ermənilərin basdırdıqları minaya düşərək həlak olması cinayətkarların dayanmayacağına dəlalət edirdi. Rəsmi məlumata görə, bu ilin iyul ayında Ermənistan-Azərbaycan şərti sərhədində və Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilər tərəfindən 28 terror hadisəsi törədilib. Təxribatlar əsasən kvadrokopter və dron tətbiqi, fortifikasiya işləri, minaların basdırılması və digər faşist əməlləri ilə davam edirdi. Təkcə avqust ayında erməni təxribatlarının sayı 45-ə çatmışdı. Sentyabr ayında isə təxribatların sayı kəskin surətdə çoxalıb. Belə ki, hələ ayın cəmi təqribən yarısını geridə qoymağımıza baxmayaraq, Ermənistan silahlı qüvvələri və Azərbaycan ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən törədilən təxribatların sayı artıq 61-ə çatmışdı. Təbii ki, belə dözülməz vəziyyət uzun zaman davam edə bilməzdi, çünki erməni həyasızlığı daha da azğınlaşırdı. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında gizlənən erməni silahlı dəstələri səngərlər qazır, hərbi texnikaları təmas xəttinə cəmləyir, yolları və keçidləri minalayırdı. Məhz bu səbəblərə görə sentyabrın 19-da səhər tezdən Azərbaycan ordusunun bölmələri tərəfindən Xankəndi və ətraf ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən erməni silahlı qüvvələrini tərk-silah etmək, onların cəmləşdikləri əraziləri sərrast atışla məhv etmək, terror yuvalarını dağıtmaq üçün lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Elə ilk saatlarda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edildi. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə məlumat verdi və bildirdi ki, ərazidə olan mülki erməni şəxslərə qətiyyən silahlılara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə olunur. Elə ilk dəqiqələrdən terror tədbirləri haqqında bu bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırıldı və erməni şəxslər arasında məlumat vərəqələri yayıldı.

Həmçinin məlumat verildi ki, əməliyyat tədbirlərinin keçirildiyi saatlarda döyüş sursatları tükənən erməni silahlı qüvvələri Qarabağ iqtisadi rayonunda yaşayan dinc əhalini məcburi silahlandıraraq onları döyüş mövqelərinə cəlb etməyə cəhd edirlər. Eyni zamanda, diqqətə çatdırıldı ki, Ermənistan sosial media hesablarında paylaşılan mülki şəxslərin və mülki infrastrukturun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə məruz qalması barədə məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

Müdafiə Nazirliyinin sentyabrın 20-də yayılan məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti döyüş mövqeyi ehtiyat sursatla birlikdə zərərsizləşdirilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilib. Qanunsuz erməni silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonundakı bir neçə səngərinə, sığınacağına və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib. Antiterror tədbirlərində mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmayıb. Ermənilər isə yalan, şər, böhtan maşınını işə salıblar, qadınları və uşaqları qabağa verir, mülki obyektlərdə gizləniblər. Buna baxmayaraq, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilib. Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlama verərək bildirib ki, Bakı yalnız tərk-silah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur. Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilməzdik. Prezident köməkçisinin sözləri xalqımızın haqlı mövqeyini əks etdirir, xüsusilə Qarabağ və Şərqi Zəngəzur əhalisi işğaldan azad edilən və yurd yerlərinə qayıdan insanların təhlükəsiz yaşaması onların haqqı və hüququdur. Həmsöhbət olduğum qarabağlılar antiterror tədbirlərinin keçirilməsini labüd hesab edirlər. Ağdam rayonundan olan keçmiş məcburi köçkün, Birinci Qarabağ müharibəsi iştirakçısı Xəqani Quliyev bildirir ki, cinayətkar və terrorçu ermənilərin torpaqlarımızda at oynatmasına dözmək mümkün deyildi. Azərbaycana meydan oxuyan separatçıların quyruğu indi necə deyərlər, qapı arasında qalıb. Xalqımız yaxşı bilir ki, ordumuzun Xankəndidə və ətraf ərazilərdə lokal antiterror tədbirləri həyata keçirməsinin əsas məqsədi konstitusiya quruluşunu bərpa etmək, eləcə də Ermənistan silahlı qüvvələrini ölkədən çıxarmaq idi. Başqa bir həmsöhbətim, Qarabağ veteranı Eldəniz Qasımov deyir ki, xalqımız bu tədbirlərin keçirilməsini səbirsizliklə gözləyirdi. Çünki Xankəndidəki separatçı rejim və silahlı dəstələr son vaxtlar azğınlaşaraq terror hadisələri törədir, dinc insanları qətlə yetirir, yollarımıza gizli şəkildə minalar basdırırdılar. Nəticədə də mülki şəxslər və polis işçiləri, hərbçilərimiz həlak olur, yaralanırdılar.

Müdafiə Nazirliyinin məlumatına görə, lokal antiterror tədbirləri uğurla sona çatıb, Xankəndi və ətraf ərazilərdə yaşayan erməni mülki əhali və infrastruktur hədəfə çevrilməyib. Ermənistan silahlı qüvvələrinin mövqelərinə, onların uzunmüddətli atəş nöqtələrinə, hərbi obyektlərə zərbələr endirilib.

Lokal antiterror tədbirləri 2020-ci ildəki üçtərəfli Bəyanatın müddəalarını təmin etmək, eləcə də Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə başlamışdı. İlk növbədə tərk-silah, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası idi. Torpaqlarımızda nəhayət erməni terroruna, separatçılığa fədakarlıqla son qoyuldu. Onsuz da bu torpaqlarda kökü olmayanlar gec-tez yıxılmağa məhkum idilər.

Salman ALIOĞLU,

"Respublika".