KOBİA, İZİA və Tailand şirkəti arasında Əməkdaşlıq Memorandumu
Digər xəbərlər

KOBİA, İZİA və Tailand şirkəti arasında Əməkdaşlıq Memorandumu

KOBİA, İZİA və Tailandın "Supreme Pharmatech Co., LTD" şirkəti arasında imzalanmış sənəddə əczaçılıq sahəsində birgə tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yerli kadr potensialının inkişafına dəstək, KOB-lar üçün  təlimlərin təşkili, tədqiqatların aparılması nəzərdə tutulur.

"Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailandın "Supreme Pharmatech Co., LTD" şirkəti  arasında əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev və Tailandın "Supreme Pharmatech Co., LTD" şirkətinin baş direktoru Yuri Nelepçenko   imzalayıblar.

Memorandumda əczaçılıq sahəsində birgə tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yerli kadr potensialının inkişafına dəstək ifadə olunur. KOB-lar üçün təlimlərin təşkili, tədqiqatların aparılması, əczaçılıq və qida əlavələri sektoruna töhfə verə bilmələri üçün KOB-ların məlumatlandırılması və qarşılıqlı əməkdaşlıq, yerli xammal bazasının inkişafı üçün birgə tədbirlərin həyata keçirilməsi də daxil olmaqla əczaçılıq məhsulları istehsalı sahəsində təchizat zəncirinin inkişaf etdirilməsi, əczaçılıq sənayesində fəaliyyət göstərən KOB və startapların inkişafına birgə dəstək, əczaçılıq sahəsində biznes inkubatorların və tədqiqat  mərkəzlərinin   dəstəklənməsi kimi   istiqamətlərdə  birgə  əməkdaşlıq  nəzərdə tutulur.

Həmçinin, tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Manufacturing" MMC arasında Müqavilə imzalanıb.

Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev, "Supreme Pharmatech Co., LTD" şirkətinin baş direktoru Yuri Nelepçenko və "Supreme Pharmatech Manufacturing" MMC-nin direktoru Müşfiq Hüseynov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında imzalanmış üçtərəfli sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.

Nəriman CAVADOV,

"Respublika".