GÖYGÖLDƏ “ŞƏHƏRDƏN KƏNDƏ
Region

GÖYGÖLDƏ “ŞƏHƏRDƏN KƏNDƏ" LAYİHƏSİ

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holdinq"in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və "Şəhərdən Kəndə" layihələri çərçivəsində Göygöl rayonunda kənd təsərrüfatı sahəsində  çalışan və layihələrə müraciət edən ümumilikdə 11 fermerə dəstək göstərilib.

Təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən fermerlərlə  rayonun Şəhriyar kəndində yerləşən aqroturizm təsərrüfatında görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və fermerlər iştirak ediblər.  Aqroturizm təsərrüfatının  fermeri İftixar Hüseynova məxsus aqroturizm təsərrüfatında bağçılıq, quşçuluq və bostançılıqla  məşğul olunur. Təsərrüfat sahəsində göl də mövcuddur ki, burada turistlər balıq ovu ilə məşğul ola bilirlər. "Şəhərdən Kəndə" layihəsi çərçivəsində təsərrüfatda yenidənqurma işləri həyata keçirilib, işıqlandırılma sistemi yenidən qurulub, uşaq meydançası yaradılıb, təndir və hin inşa edilib.  Xidmət səviyyəsinin artırılması məqsədilə təsərrüfat bir sıra avadanlıq və ləvazimatlarla (manqal, oturacaqlar, lövhələr və s.) təmin olunub. Rayonun Qırıqlı, Mollacəlilli, Çaylı, Quşqara, Çaykənd, Nadel və Yeni Zod kəndlərindən olan ümumilikdə 10 qadın fermer yem üyüdən avadanlıq, arı yeşikləri, süd sağan aparat, süd çəkən maşın və bal süzən avadanlıqla təmin olunublar.

"Şəhərdən Kəndə" layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Ümumilikdə, layihəyə qoşulmaq üçün 200-dən artıq qadın  aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. AFAQ layihəsi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir.

Zabit XƏLİLOV,

"Respublika".