ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİ BÜTÜN BÖLGƏLƏRDƏ EHTİRAMLA ANILIB
Region

ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİ BÜTÜN BÖLGƏLƏRDƏ EHTİRAMLA ANILIB

Gəncə

Qədirbilən gəncəlilər dahi şəxsiyyətin, görkəmli siyasi xadim, müdrik rəhbərin Gəncədə görüşləri, onlar haqqında dediyi qiymətli və xoş kəlamları yada salır, ulu öndəri qürur və minnətdarlıq hissi ilə xatırlayırlar.                        

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri ümummilli liderin Heydər Əliyev Meydanında ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Səhər saatlarından başlayaraq şəhər sakinləri və kollektivlər dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər. Ulu öndərin Gəncənin Heydər Əliyev Mərkəzində ucaldılan abidəsi də ziyarət olunub.

Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dahi Heydər Əliyevin bizə əmanət qoyub getdiyi dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderin yetirməsi, yaratdığı güclü siyasi məktəbin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır.

ADAU (Gəncə)

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fakültələrində görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan silsilə anım tədbirləri keçirilib. Universitetin Mühəndislik fakültəsində ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Çıxış edən Tədris işləri üzrə prorektor Əhməd Məlikov Azərbaycanın çoxəsrlik tarixində silinməz iz qoymuş ümummilli liderin ölkəmizin inkişafı üçün həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasi xəttin önəmindən danışıb. Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov, Dillər kafedrasının müdiri Aidə Həsənova və digər çıxış edənlər də Azərbaycan dövlətinin həyatında həlledici rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqa xidmətlərindən bəhs ediblər.

Aqrobiznes və idarəetmə fakültəsində Aqrar iqtisadiyyat fakültəsi və İctimai fənlər kafedrasının professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə anım tədbiri təşkil olunub. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ulu öndərin və şəhidlərin xatirələri bir dəqiqəlik sükutla anılıb. Çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov bildirib ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Tələbələrdən Nihad Mürvətov, Ləman Rəfiyeva, Gülşən Ələkbərova və Günay Abbasova ulu öndər Heydər Əliyev haqqında şeirlər səsləndirib, çıxışlar ediblər. Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.

Ağdam

Tariximizin ən şərəfli səhifələrini yaradan və Azərbaycanı dünyaya tanıdan ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti əsl örnəkdir, gələcək nəsillər üçün aydın və işıqlı bir ilham çeşməsidir. Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində Ağdam rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbirdə bu barədə ətraflı söz açılıb. Tədbirdə icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon ziyalıları və YAP fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digərləri "Heydər Əliyev İli" çərçivəsində Ağdam rayonunda il ərzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş elmi-praktiki konfranslar, yaradıcılıq festivalları və müxtəlif nominasiyalı müsabiqələr keçirilib. Müstəqil Azərbaycanın yaradıcısı və memarı, XX əsr tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ili böyük sevinclə qeyd edilib. Tədbirin sonunda "Heydər Əliyev İli" çərçivəsində Ağdam rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qalibləri Fəxri fərmanlarla təltif ediliblər.

Xocavənd

Salakətin kənd tam orta məktəbində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Xalqa həsr olunmuş ömür" adlı tədbir keçirilib. Tədbirdə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim, ümummilli liderin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Sonda şagirdlərin ifasında ulu öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Rayonun Qaradağlı və 4 nömrəli tam orta məktəbində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Müxtəlif yaş qrupundan olan şagirdlər arasında inşa yazı, rəsm, şeir və məruzə müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Laçın

Keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbir iştirakçıları ulu öndərin inzibati binanın önündə ucaldılmış büstü qarşısına tər güllər düzərək dahi şəxsiyyətin əziz xatirəsini hörmətlə yad ediblər. Anım tədbirində rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbər və kollektivləri, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, şəhid ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, Yeni Azərbaycan Partiyasının Laçın Rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri ulu öndərin həyat və fəaliyyətindən bəhs edən məruzə dinləyiblər. Qeyd olunub ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib.

Bu siyasəti uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki möhtəşəm qələbə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini ləyaqətlə bərpa etdi, dövlətimizin milli maraqlarını bütün beynəlxalq görüşlərdə qətiyyətlə müdafiə etdi. Doğma Laçına Böyük Qayıdışın başlanması hər birimizdə qürur və iftixar doğurur, şahid oluruq ki, Heydər Əliyev ideyaları layiqincə həyata keçirilir.

Mingəçevir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibəti ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının üzvləri, Mingəçevir Bələdiyyəsinin, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri ulu öndərin şəhərdə ucaldılan abidəsi önünə tər gül dəstələri düzərək, ehtiramlarını ifadə etdilər. Ürək sözlərini dinlədiyimiz şəhər sakinləri hədsiz minnətdarlıq duyğuları ilə bildirdilər ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlər xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin yenidən bərpa edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.

Əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən ulu öndərin arzusunu reallaşdırdı.

Şuşa şəhərinin işğaldan azad olunması barədə sevincli xəbəri xalqımıza çatdırarkən cənab Prezident dedi: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"

Naftalan

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Naftalan Şəhər Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Bildirilib ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Ulu öndər rəhbərliyi ilə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir. Dahi şəxsiyyətin ən layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin əmanətinə ləyaqətlə sahib çıxaraq, Ata vəsiyyətini yerinə yetirərək, 44 günlük Vətən müharibəsində mənfur düşmənin işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımıza sevinc yaşatdı.

Lənkəran

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ağsaqqallar, ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri düzərək parlaq xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Mərasim iştirakçıları Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində müdrik rəhbərin adını daşıyan muzeyi ziyarət ediblər. Muzeydə ulu öndərin ömür yolunu və zəngin dövlətçilik fəaliyyətini əks etdirən kitablar, fotoşəkillər və digər eksponatlarla tanış olublar.  

Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin dahi rəhbərin xatirəsinə həsr etdiyi "İki iyirmi üç arasında" əsəri əsasında hazırlanmış verbatim-tamaşaya baxıblar.

Anım mərasimi gün ərzində davam edib. Lənkəran şəhərinin sakinləri və qonaqlar ulu öndərin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Masallı

Əbədiyaşar liderin Vətən və xalqımız qarşısında əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlayan masallılılar onun parlaq xatirəsini daim əziz tutur və ehtiramla yad edirlər.

Səhər saatlarından başlayaraq Masallı şəhərinin Heydər Əliyev Parkında anım mərasimi keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının idarə heyətinin üzvləri, partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhər sakinləri dahi rəhbərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Astara

Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə dəfələrlə Astarada olmuşdur. Bu müdrik və dahi şəxsiyyətin yüksək qayğısı ilə yurdumuzun cənub qapısı sayılan Astara sürətlə inkişaf etmiş, yeniləşmiş, abad, yaraşıqlı, gözəl bir diyara çevrilmişdir.

Ümummilli lider astaralıların qəlbində daim xilaskar və qurucu dövlət xadimi kimi yaşayır. Dahi rəhbərin vəfatının 20-ci ildönümü ilə əlaqədar Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri ulu öndərin abidəsini ziyarət edib, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Lerik

Dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il keçsə də, onun zəngin nəzəri irsi, parlaq ideyaları daim yaşayır. Ulu öndər həyatını ölkəmizin müstəqilliyinə və tərəqqisinə, xalqımızın azad, firavan yaşamasına həsr etməklə milyonlarla insanın qəlbində özünə əbədi abidə ucaldıb.

Dağlar diyarı Lerikdə ulu öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə onun parlaq xatirəsi hörmətlə, ehtiramla anılıb. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Heydər Əliyev meydanında ümummilli liderin əzəmətli abidəsini ziyarət edərək, xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Yardımlı

Ümummilli liderin anım günü ilə əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib. Anım mərasimlərində müasir Azərbaycan dövlətinin qurucusu və banisi, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərindən ətraflı söhbət açılıb.

Heydər Əliyev xatirə parkında ümumrayon tədbiri keçirilib. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, icra aparatının rəsmiləri, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının fəalları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ziyalılar, əmək kollektivlərinin nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

“Respublika”.