Bölgələrdə müasir səhiyyə islahatları
Region

Bölgələrdə müasir səhiyyə islahatları

Regiondakı ölkələrlə müqayisədə Azərbaycan bu gün istər səhiyyə, istərsə də digər sahələrdə ön sıradadır.

Səhiyyə sahəsində qazanılan uğurlar hələ Ulu Öndər Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründən başlayıb. Həmin dövrdə Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması prioritet olub. Problemi hər zaman kökündən həll edən Ümummilli lider səhiyyədə olan boşluqları məharətlə təhlil edib, qaydasına qoyub. Belə ki, 1969-cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə "Sağlamlıq Məcəlləsi" adlı sənəd qəbul edib. Bu məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də fəaliyyət planı olub, səhiyyənin inkişafına əsaslı təkan verib.

Bölgələrdə səhiyyə sahəsindəki çətinlikləri aradan qaldırmaq üçün yeni və o dövrün ən son texnologiyaları ilə xəstəxanalar tikdirib. Belə ki, təkcə uşaq poliklinikalarının sayı 1970-1975-ci illərdə 150-dən 185-ə çatıb. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi tibb ocaqları, həmçinin Elmi-Tədqiqat Oftalmologiya və Elmi-Tədqiqat Onkologiya institutları üçün yeni binaların təməli qoyulub. Bu ənənə bu gün də davam edir.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox sahələrə, xüsusən də ölkəmizin səhiyyəsinə böyük töhfələr verir. Yarandığı gündən böyük işlər görən Fond Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir. Bununla yanaşı, talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinə start verilib. 2009-cu ildə Bakıda ən son texnologiyalarla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrdən olan şəxslərin müayinələri, paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar və digər tədbirlər həyata keçirilir. Əvəzsiz işlər görən bu qurumun dəstəyi ilə indiyədək 50 mindən çox insan yerli klinikalarda müalicə edilib, 10 mindən çox xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olub, həmçinin onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilib.

Fond tərəfindən xəstələrin müayinəsi ilə yanaşı, Ucar rayonunun Qazıqumlaq kəndində Akademik Zərifə Əliyeva adına Xəstəxananın əsaslı bərpası, Zirə Müalicə Diaqnostika Mərkəzinin yenidən qurulması, Bakıda Psixonevroloji Uşaq Mərkəzinin və Talassemiya Mərkəzinin inşası, "Təbəssüm" uşaq sanatoriyasının əsaslı təmiri və yenidən qurulması, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzinin inşası, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzinin əsaslı təmiri, "Qayğı" Uşaq Reabilitasiya Mərkəzinin yenidən qurulması və s. kimi işlər görülüb.

Heydər Əliyev Fondu ölkədən kənarda da fəaliyyət göstərir. 2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərilib, Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı təcili yardım maşını hədiyyə edilib. Həmçinin dost ölkə Pakistanın Qazni Laki Marvat şəhərində yerləşən qadınlar və uşaqlar xəstəxanasında 4 nəfər imkansız xəstənin ürəyində cərrahiyyə əməliyyatı, "Edhi Home" xeyriyyə fondunun İslamabadda yerləşən kimsəsizlər evindəki uşaqlara tibbi baxış keçirilib. Həmçinin 2012-ci il iyunun 14-də, Beynəlxalq donorlar günündə, Pakistanda talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi üçün Heydər Əliyev Fondu tərəfindən xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi təqdim olunub. Bununla yanaşı, minlərlə xəstənin müalicəsi üçün maliyyə yardımı edilib.

Prezident İlham Əliyev də bu gün ulu öndərin əmanət etdiyi dəyərlərə yüksək səviyyədə sahib çıxır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayan ölkə başçımız dövlətimizin daha da güclənməsi üçün qüvvə və səylərini əsirgəmir. Prezident İlham Əliyev bildirib: "Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar".

Son 20 ildə ölkəmizdə yüzlərlə yeni xəstəxanalar, poliklinikalar fəaliyyətə başlayıb. Aprelin 18-də ölkə başçımız və Birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, binada əsaslı təmir işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb. Müalicə ocağı müasir tələblərə cavab verən Rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (vizioqraf ilə birlikdə) və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunub.

Avqustun 7-də Samuxda yeni tikililərlə tanış olan ölkə başçımız Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Qeyd edək ki, 2019-cu ildə tikintisinə başlanılan xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib və əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub. Burada cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Vətəndaşların hərtərəfli qayğısına böyük önəm verən ölkə başçımız işləri yüksək qiymətləndirib.

Beləliklə, deyə bilərik ki, bölgələrdə səhiyyə sahəsində islahatlar öz müsbət nəticəsini verir.

Töhfə SƏMƏDOVA,

"Respublika".