GƏNCƏNİN İNANC, DÜRÜSTLÜK, MƏRDLİK SİMVOLLARI
Region

GƏNCƏNİN İNANC, DÜRÜSTLÜK, MƏRDLİK SİMVOLLARI

Gəncənin qədimliyini, insanlarının mərdliyini, cəsurluğunu, dürüstlüyünü əks etdirən, mərdlik və cəsurluq simvolları olan türbələr və abidələr şəhərə xüsusi gözəllik verir. Uzun illərdir bu türbələr əhali tərəfindən ziyarətgaha çevrilmişdir.

Cavad xan türbəsi Gəncə şəhərində, Şah Abbas məscidinin yaxınlığında yerləşən qədim tarixi türbədir. Hələ keçmiş SSRİ dövründə məscidin həyətində fəvvarə inşa etmək məqsədilə aparılan qazıntılar zamanı ərazidən üstü ərəb dilində yazılmış başdaşı və məzar aşkarlanır. Məzarın Gəncə xanı Cavad xana aid olduğu aşkar olunur və qismən bərpa edilir. Nəhayət, 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üstündə Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xana layiq türbə inşa edilib və onun xatirəsi əbədiləşdirilib. Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib və üstü günbəzlə örtülüb. Türbənin mərkəzində isə Cavad xanın məzarı yerləşir.  

1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu qanlı döyüşdə 1804-cü il yanvar ayının 3-dən 4-nə keçən gecə qəhrəmancasına şəhid olmuşdur.      

Comərd Qəssab türbəsi təxminən VII-VIII əsrlərə aid edilən tarixi abidə, Gəncə çayının sağ sahilində "İmamzadə" dini ziyarətgah kompleksinin cənubuna doğru təxminən 1500 metr məsafədə, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Türbədə dəfn edilmiş Comərd Qəssab sakinlərin dediyinə görə, Gəncədə böyük hörmətə malik dürüst, çəkidə dəqiq, mərd, əliaçıq və xeyriyyəçi qəssab olmuşdur. 

Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizguşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbə sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı. Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda tarixi abidələrin, bütün müqəddəs dini məbədlərin qorunub saxlanmasına, təmirinə və bərpasına xüsusi diqqət yetirilib. Öz dövründə Əlyar (Əli Aşiq) adını qəbul edən Comərd Qəssab Gəncə şəhərinə yadellilərin hücumu zamanı şəhəri müdafiə edərkən qəhrəmancasına döyüşərək şəhid olmuş və şəhər əhalisi onu həlak olduğu yerdə dəfn etdirmişdir. Türbə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi daim ziyarət edilib. Comərd Qəssab türbəsində ilk dəfə 1920-ci illərdə və 1940-cı ildə isə arxeoloq İsaq Cəfərzadə tərəfindən arxeoloji tədqiqatlar aparılıb. Arxeoloji tədqiqat nəticəsində türbənin üzərində və ətrafında az da olsa mavi kaşı qalıqları tapılmışdır ki, bu da türbənin üzərinin mavi kaşılarla bəzədildiyini deməyə əsas verir. Türbə 1139-cu il zəlzələsində dağılsa da sonradan yerli əhali tərəfindən bərpa edilərək 1950-ci illərə yarıuçuq, qəzalı vəziyyətdə çatıb. 2004-cü il dekabr ayının 2-də Comərd Qəssab türbəsinin bərpasından sonra açılışı olub. Türbənin bərpası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Comərd Qəssabın qəbri üzərində əvvəlki türbənin bənzəri olaraq 8 tağlı, üzəri günbəzlə tamamlanan məqbərə inşa edilərək şəhər sakinlərinin ixtiyarına verilib. Yerli əhali Gəncəyə göstərdiyi sonsuz diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edirlər.    

Əsgər ağa Gorani türbəsi tanınmış yazıçı, aktyor, teatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Adıgözəlovun (Gorani, 1857-1910), mədəniyyət tariximizdə silinməz izlər qoyan maarif xadiminin məzarının üzərində inşa olunub. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsi olan Əsgər ağa Bakı Şəhər Gimnaziyasını qızıl medalla bitirib. Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının məzunu olub. O, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinə yaxından kömək göstərib, sonralar qəzetlə mütəmadi əməkdaşlıq edib. Ə.Gorani beş il Gəncə Şəhər Bələdiyyə İdarəsinin rəisi, şəhərdəki Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz vəsaiti hesabına qız məktəbi açıb.

Abidədə son təmir-bərpa işləri 2016-cı ildə - Ə.Goraninin 160 illiyi ərəfəsində həyata keçirilib. Bərpa zamanı sərdabənin üzərində maarif xadiminin barelyefi yerləşdirilib. İçəridə isə ümummilli lider Heydər Əliyevin bu xalq fədaisi, ilk milli teatrımızın yaradıcılarından biri, "Hacı Qara" pyesinin tamaşasında baş qəhrəmanın ilk ifaçısı olmuş Ə.Gorani haqqında sözləri həkk olunub. Həmçinin onun qısa tərcümeyi-halı və xeyriyyəçilik fəaliyyəti barədə Tiflisdə çıxan qəzetlərdən birinin məqaləsindən parça həkk edilmiş lövhələr yerləşdirilib.

Zabit XƏLİLOV,

"Respublika".