Ağstafa: Şəhid anası: Oğlumla qürur duyuram
Bölgələr

Ağstafa: Şəhid anası: Oğlumla qürur duyuram

30 ilə yaxın müddətdə erməni vandalları əzəli və əbədi torpaqlarımızı işğal altında saxlamaqla Azərbaycan xalqına məxsus olan bütün tarixi abidələri və digər müqəddəs yerləri yer üzündən siliblər. Daima atəşkəsi pozmaqla xalqımızın səbir kasasını daşırdılar. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci il tarixdə müzəffər Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İgid əsgərlərimiz ölümün gözünə dik baxaraq döyüş meydanında misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdilər. Cəsur oğullarımız qanları və canları bahasına düşməni məğlub edərək torpaqlarımızı azad etdilər. Bu igidlərin hamısının amalı Vətən torpaqlarını yağı tapdağından azad etmək olmuşdur. Belə cəsur döyüşçülərdən biri də Şəhidlik zirvəsinə yüksəlmiş kiçik çavuş Orucov Xudayət Vilayət oğlu olmuşdur.

Xudayət Orucov 4 sentyabr 1987-ci ildə Gədəbəy rayonu, Qaravəllər kəndində dünyaya göz açmışdır. 1991-ci ildə o ailəsi ilə birlikdə Ağstafa rayonunun Xətai kəndinə köçmüşdür. 2005-ci ildə Aşağı Kəsəmən kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə həqiqi hərbi xidmətə yollanmışdır. 2007-ci ilin aprel ayında hərbi xidməti başa vurmuşdur. Müddətli hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri fərmanlarla təltif olunmuşdur. Qəhrəman döyüşçümüzün həyatı, döyüş yolu haqqında ətraflı məlumat əldə etmək üçün şəhidin Ağstafa rayonunun Xətai kəndində yaşayan ailəsinə baş çəkdik.

Şəhidimizin qardaşı Xəqani Orucov dedi ki, Xudayət hələ orta məktəb illərində idmanla məşğul olurdu. Onun yeganə arzusu hərbçi olmaq, işğal altında olan torpaqlarımızı azad etmək idi. Bu səbəbdən o yenidən hərbi xidmətə yollandı, 2016-cı ildə Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXQ) qismində xidmətə başlayıb. O, ixtisasca tank tuşlayıcı operator olmuşdur. 2-ci Qarabağ müharibəsi başlayanda Xudayət də digər hərbçilər kimi Vətənin müdafiəsinə qalxmışdır. Cəsur əsgərin döyüş yolu Murov silsiləsindən başlayıbdır. Bundan sonra o, döyüşçü yoldaşları ilə birlikdə Suqovuşan uğrunda gedən şiddətli döyüşlərə qatılmışdır. Həmin amansız vuruşlardan birində Xudayətgilin tankı düşmən tərəfindən vurulur. O, yaralanmasına baxmayaraq, öz həyatını təhlükəyə ataraq 2 əsgər yoldaşını döyüş meydanından çətinliklə çıxara bilir. Əsgərlərdən birini ölümün pəncəsindən xilas eləsələr də, digər əsgərimiz Şəhidlik zirvəsinə ucalır. Hərbi həkimlər Xudayətə bir neçə gün müalicə almalı olduğunu desələr də, o, yaralı halda yenidən müharibəyə yollanır. Suqovuşandan sonra Xudayət Orucov Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, sözün əsl mənasında saysız-hesabsız igidliklər göstərmişdir. Cəsur döyüşçümüz qardaşı ilə telefon danışığı zamanı bildiribmiş ki, çox yaxın günlərdə qələbə müjdəsini sizə özüm verəcəyəm. Bizim işimiz yalnız irəli getmək, düşməni məhv etmək və torpaqlarımızdan qovmaqdır. Təəssüf hissilə qeyd etmək lazımdır ki, igid əsgərin arzusu reallaşsa da, özü Zəfər gününü görmədi. 2020-ci ilin 4 noyabr tarixində Laçın uğrunda gedən amansız döyüşlərdən birində Xudayət Orucov düşmən gülləsinə tuş gəldi. O, ən uca zirvəyə-Şəhidlik zirvəsinə ucaldı.

Şəhid anası Şükufə Cəfərova deyir ki, oğlu çox işgüzar, vətənpərvər, mehriban, ailəcanlı idi. Şəhid olmasından 1 ay qabaq nişanlanmışdı. Müharibədən sonra Xudayətin toyunu edəcəkdik, lakin qismət olmadı. Bu çox ağır dərddir. Buna baxmayaraq, oğlumun Vətən uğrunda şəhid olmasından qürur duyuram. Şəhid anası Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Bu günlərdə şəhidimiz Xudayət Vilayət oğlu Orucovun doğum günü qeyd olunub. Bu münasibətlə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə  şəhidimizin ailəsini ziyarət edib. Onun vətən, torpaq uğrunda göstərdiyi şəxsi igidliyi və şücaətindən geniş bəhs olunub, əziz xatirəsi ehtiramla anılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Xudayət Orucov ölümündən sonra  “Vətən uğrunda” və “Laçının azadlığı uğrunda” medalları ilə təltif olunub.

Vəli VƏLİYEV,

“Respublika”.