Gənc müəllimin uğurları
Sosial həyat

Gənc müəllimin uğurları

“Son illər məktəbimizin səsi-sorağı mötəbər yerlərdən gəlir. Aydın Niftəliyev məktəbimizə müəllim təyin olunandan tədrisdə böyük uğurlarımız var. İndi şagirdlərimiz nəinki respublika, hətta beynəlxalq fənn olimpiadalarının iştirakçısı olur. Coğrafiya fənnində əldə olunan uğurlara görə rayon Təhsil Şöbəsi tərəfindən təşəkkür məktubu almışıq. Qazandığımız bu nailiyyətlər daha çox Aydın müəllimin adı ilə bağlıdır” - deyə məktəbin direktoru Telman Tarverdiyev gənc müəllim haqqında böyük razılıq hissi, həm də fəxrlə danışır. Deyir ki, pedaqoji fəaliyyətə başladığı qısa müddət ərzində Aydın müəllim illərin işini görüb. Məktəbimizdə coğrafiya fənni üzrə ixtisaslı müəllim olmadığından, şagirdlərin bu fənnə marağı da yox idi. O, sözün həqiqi mənasında bu sahədə böyük dönüş yaratdı. Şagirdlərə coğrafiya fənninin incəliklərini öyrətdi, onları əlavə məşğələlərə cəlb etdi. İndi şagirdlər bu fənnə böyük maraq göstərir. Onu da qeyd edim ki, gənc olmasına baxmayaraq, o, tələbkarlığı, işgüzarlığı ilə hər zaman seçilir. Odur ki, onu həm də məktəbin tədris işləri üzrə direktor müavini təyin etmişik.

Onun haqqında rayon Təhsil Şöbəsində də xoş sözlər eşitdik. Aydın müəllimin tədris metodikasından, şagirdlərlə fərdi işləmək bacarığından danışdılar. Dedilər ki, işinə yaradıcılıqla yanaşır. Coğrafiya fənni üzrə dərs vəsaitlərinin hazırlanmasında da onun əməyi var. İstedadlı uşaqlarla ayrıca iş aparır. Odur ki, yetirmələri Respublika Fənn Olimpiadasında ən yüksək yerlərə layiq görülür.

Aydın Niftəliyevin çalışdığı Xaçmaz rayonu şəhid Əlvan Fətəliyev adına Bay oba kənd ümumi orta məktəbində 113 şagird təhsil alır. Bu kiçik təhsil ocağında Respublika Fənn Olipiadasında uğur qazanmaq artıq ənənəyə çevrilib. Onun yetirmələri olan Bəkirov Fərhad Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə ardıcıl olaraq 2 dəfə qızıl medala, Xasıyev Əfsan isə bürünc medala layiq görülmüşdür. Məktəbin şagirdləri Nisbət Əmrullayeva və Fərhad Bəkirov 2021-ci ildə coğrafiya üzrə keçirilən Beynəlxalq Avropa Olimpiadasının seçim mərhələsində iştirak etmişlər. Aydın müəllim indi nəinki rayonun, eləcə də respublikanın təhsil öncüllərindən sayılır. Təqdirəlayiq haldır ki, gənc müəllim Kurikulum proqramı üzrə VI-XI siniflər üçün hazırlanmış “Coğrafiya” dərs vəsaitinin 7 müəllifindən biridir.

Olduqca sadə, səmimi, təvazökar insandır Aydın müəllim. Bu gözəl peşəni hələ aşağı siniflərdə oxuyarkən sevib, seçib. Orta məktəbi də əla qiymətlərlə, fərqlənmə attestatı ilə bitirib. Gəncə Dövlət Universitetində ali təhsil alıb. Coğrafiya müəllimi ixtisasına yiyələnib. Həqiqi hərbi xidmətini başa vurandan sonra Müəllimlərin İşə Qəbulu İmtahanından müvəffəqiyyətlə keçərək Bay oba məktəbinə müəllim təyin olunub. Müəllim olmağından qürur duyur, işindən zövq alır. Deyir ki, şagirdlərimin hər dəfə gözəl nəticə əldə etməsi ürəyimi dağa döndərir. İşləmək, öyrənmək və öyrətmək həvəsimi birə-beş artırır: “Mənim ən böyük mükafatım şagirdlərimin uğurlarıdır” -  deyir. Məni yaxşı işləməyə ruhlandıran bir cəhət də sağlam, mehriban bir kollektivdə çalışmağımdır. Məktəbin rəhbərliyi ilk gündən gənc müəllim kimi mənə qayğı, daha sonra etimad göstərib. Bütün bunlar mənim daha yaxşı işləmək məsuliyyətimi artırır.

Dahilərin sözüdür: həyatda hünər göstərməyə həmişə imkan var. Aydın müəllim bu hünəri cəmi 6 il ərzində göstərdi. Onun yeni uğurlarına biz də böyük ümid bəsləyirik.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.