Gələn ilin məhsulu üçün səpin aparılır
Region

Gələn ilin məhsulu üçün səpin aparılır

Ağcabədi

Regionların sosial-iqtisadi inkişafı Proqramı və həyata keçirilən islahatlar nəticəsində son illər kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər yüksəlir və bu sahənin inkişafında əhəmiyyətli  uğurlar əldə edilir. Qarşıya qoyulan əsas vəzifə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların keyfiyyətli və əlçatan kənd təsərrüfatı məhsulları ilə təmin edilməsidir.

Qarabağ iqtisadi rayonunda iri kənd təsərrüfatı məhsullarının istehsalçısı olan Ağcabədidə son illərdə aqrar sahədə müasir təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılır, dövlət qayğısı sayəsində fermerlər keyfiyyətli məhsul istehsalını artırırlar. Rayonda fəaliyyət göstərən aqropark və digər təsərrüfatların əldə etdiyi yüksək məhsuldarlıq fermerlərin innovativ becərmə üsullarına marağın artmasına səbəb olur. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir əkinçilik metodları ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Ağcabədi ölkəmizin əsas taxılçılıq rayonlarından biridir və rayonda son illərdə bu sahənin intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatları yaradılmasında və aqrar sahədə tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında Ağcabədinin də payı var. Təsadüfi deyil ki, Ağcabədi respublikamızın 100 min tondan çox taxıl istehsal edilən rayonları sırasındadır. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda "Ağcabədi taxıl Aqropark", "Əkinçi-BO" fermer təsərrüfatı, "MKT İstehsalat Kommersiya" MMC-nin innovasiya filialı, "Qarabağ Taxıl" MMC kimi müasir təsərrüfatlar fəaliyyət göstərir. Əkinçilər yaxşı bilir ki, bərəkətli torpaqlar, müasir texnologiyalar və suvarma bol məhsul əldə etməyin açarıdır. Təsadüfi deyil ki, adıçəkilən təsərrüfatlarda müasir suvarma sistemlərindən, o cümlədən pivotaltı suvarmadan istifadə etməklə yüksək məhsul əldə edilir.

Ağcabədidə fermer və torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün taxıl səpinini davam etdirirlər. Rayon taxılçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub. Qeyd edək ki, 2023-2024-cü il təsərrüfat mövsümü üçün rayon ərazisində fiziki və hüquqi şəxslər tərəfindən  30 min hektar sahədə  taxıl səpininin aparılması nəzərdə tutulub. Həmin sahələr əvvəlcədən şumlanaraq səpinə hazırlıq vəziyyətinə gətirilib. Rayonda 15 min 681,4 hektarı buğda və 6 min 908,87 hektarı arpa olmaqla, ümumilikdə 22 min 589,2 hektar sahədə payızlıq taxıl səpini aparılıb. Səpin aparılan taxıl sahələrinin 11 min 932 hektarı suvarılan, 10 min 657 hektarı isə dəmyədir. Suvarılan sahələrdə taxıl əkinlərinin 6592 hektarında səpinlə bərabər, suvarma aparılıb. Fermerlər yaxşı bilirlər ki, əkilən taxıldan yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti əvəzedilməzdir. İndiyədək səpin ilə birlikdə taxıl sahələrinə 2 min 621 ton mineral gübrə  verilib. Taxıl səpini dekabr ayının birinci yarısında başa çatdırılacaq. Taxılçılar növbəti təsərrüfat ilini də yüksək göstərici ilə başa vurmaq üçün əzmlə çalışırlar.

Salman ALIOĞLU,

"Respublika".