Füzuli Rüstəmov
Sosial həyat

Füzuli Rüstəmov

Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə 1987-ci ilin sonlarından Ermənistan Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladı. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. 940 kvadratkilometr əraziyə və münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi. 1991-ci ilin oktyabr ayından etibarən bu rayon tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınır. Oktyabrın 30-da rayonla yerüstü əlaqə kəsilir və helikopter yeganə nəqliyyat vasitəsinə çevrilir. Şuşa şəhəri üzərində 40 nəfərin ölümü ilə nəticələnən mülki helikopterin vurulması hadisəsindən sonra bu xidmət də öz fəaliyyətini dayandırır. 1992-ci ilin yanvar ayından etibarən şəhərə elektrik təchizatı tamamilə kəsilir. Xocalı ancaq əhalinin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı. Həmin vaxt xocalılılar Füzuli Salah oğlu Rüstəmovun qəhrəmanlığını yaxşı xatırlayır.

Füzuli 25 dekabr 1965-cı ildə Tərtər rayonunun Hüsənli kəndində dünyaya göz açmışdır. Ata-anasını erkən itirmişdir. 1978-ci ildən Xocalıda, babası Kərim kişinin himayəsində yaşamışdır. O, burada səkkizillik məktəbi bitirmişdir. Ailəsinin ağır şəraitdə yaşaması onu erkən vaxtlarından işləməyə vadar etmişdir. O, əvvəlcə 2 saylı Xocalı Üzümçülük Sovxozunda, 1990-cı ildən isə toxuculuq fabrikində işləmişdir. Qarabağda hadisələr başlayan ilk günlərdən qəlbində ermənilərə qarşı nifrət hissi közərirdi. Elə həmin vaxtlardan da silah götürüb torpaqlarımızın müdafiəsinə qalxdı. Füzuli 1989-cu ilin iyun ayında öz yoldaşları ilə birlikdə kəndlərinə yaxın olan erməni postuna hücum edərək, oranı dağıdırlar. Bunun üçün ona 4 ay həbs cəzası verilir.

Füzuli, Xocalı özünümüdafiə dəstəsi yaradılanda, əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etdirmişdir. O, Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıqlar göstərmişdir. Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin yaralı vəziyyətdə döyüş meydanından çıxarılması da, onun hünəri sayəsində mümkün olmuşdur. Faciə zamanı o, üç dəfə Xocalıya girərək qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarmışdır. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli son anda özü düşmən gülləsinə tuş gəlir. Boynundan ağır yaralanır. Onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec olur. Qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Tərtər rayonunun Hüsənli kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bacısı Fiqurə Rüstəmovanın xatirələrindən: "Qardaşım daxilən çox narahat uşaq idi. Bizim əslimiz Qərbi Azərbaycandan - Dərələyəz mahalındandır. Babalarımız orada min bir əziyyətlə qurub-yaratdığı evini qoyub Xocalıya pənah gətirib. Ona görə də Füzulinin qəlbində ermənilərə nifrət elə uşaq vaxtlarında yaranmışdı. Uşaq ikən erməni kəndlərindən yolu düşərkən dəfələrlə onlarla mübahisəsi düşmüşdü. Ermənilər Füzulini görəndə bilmirdilər harada qaçıb gizlənsinlər. Hər vəchlə onu şərləyib tutdurmağa, yaxud aradan götürməyə çalışırdılar. Ancaq Füzuli onlara elə də asanlıqla təslim olan deyildi. Hələ o vaxt Xocalıda könüllü dəstə yaranmamışdı. Xocalıda ilk könüllü özünümüdafiə dəstəsi yaradılanda ilk yazılanlardan biri oldu. O bir yerdə dayanmırdı, gecəsi-gündüzü yox idi. Xocalının hər cığırına, hər daşına bələd idi".

Ötən il Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında kitab işıq üzü görüb. Jurnalist-publisist Nəzirməmməd Zöhrablının qələmə aldığı, Azərbaycanın qəhrəman oğlunun Vətən torpaqları uğrunda cızdığı şərəfli salnamədən bəhs edən "İgid ömrü" sənədli-povesti Mədəniyyət Nazirliyinin "Xatirə" kitabı redaksiyasının "Şəhidlər ölməz, Vətən bölünməz" layihəsi əsasında reallaşdırılıb.

"İgid ömrü"ndə Milli Qəhrəman Füzuli Salah oğlu Rüstəmovun həyat və döyüş yolu haqqında toplanılmış zəngin materiallardan, qəhrəmanın doğmalarının, döyüş yoldaşlarının və küllən xocalılıların onun təkrarsız igidlikləri, öz yurdu uğrunda verdiyi mücadilələrdən söhbət açılır. Onun xüsusilə bir döyüşçü və bələdçi olaraq 26 fevral Xocalı soyqırımı gecəsi 1000 nəfərə yaxın xocalılını düşmən caynağından xilas edərək Ağdamın Şelli kəndinə gətirib çıxarması, özününsə dördüncü dəfə bələdçiliyə qayıdarkən düşmən gülləsinə tuş gələrək şəhid olduğu barədə təkzibolunmaz qürurverici faktlar xalqımızın tarixində bir örnək kimi yaşayacaqdır.

Müşfiq MİRZƏ,

"Respublika".