Fransanın neokolonializm siyasəti iflasa məhkumdur
Siyasət

Fransanın neokolonializm siyasəti iflasa məhkumdur

Yaşadığımız dövr demokratiya, danışıqlar yolu ilə sülh əldəetmə və humanizm prinsiplərinə əsaslanaraq məsələləri həlletmə dövrüdür. Hər bir insanın olduğu kimi, ölkələrin də söz, ifadə azadlıqları var. Əgər hər hansı bir problem yaşanarsa, bu zaman müraciət edə biləcəkləri Ədalət məhkəməsi də mövcuddur. Lakin bütün bu sistemə baxmayaraq, hələ də bəzi dövlətlər özlərinin heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam edir. Bu kimi dövlətlər müstəmləkə qurmaq, insanları bir digər ölkəyə tabeçiliyə zorlamaq kimi niyyətlərindən əl çəkmirlər. Bu siyahının ən başında gələn dövlət isə mənfur düşmənimiz Ermənistanın "bacısı" Fransadır. Fransa müstəmləkə imperiyası ingilislərdən sonra ikinci böyük imperiya olub. Neokolonist ölkə Azərbaycana və bir sıra ölkələrə qarşı gizli və ya aşkar şəkildə çirkin əməllərini həyata keçirməyə davam edir. Buna bir başqa səbəb də Azərbaycanın Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsidir. Fransanın əksinə Azərbaycan neokolonizmi pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.

İyulun 5-i Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı da bu barədə danışıb. O bildirib ki, Fransanın soyqırımlarla dolu hakimiyyətində milyonlarla azlıqlar, millətlər qətlə yetirilib: "Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram".

Həmçinin ölkə başçımız bu günə qədər 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini də vurğulayıb. Bu da azmış kimi, Paris muzeyində hələ də onların kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığı bildirilib. Ölkə başçımız Fransa Prezidenti Emmanuel Makrona çağırış edərək tələb edib ki, həmin qurbanların cəsədlərinin qalıqları Əlcəzairə təhvil verilsin.

Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə həyata keçirən ölkədir. Təkcə Ermənistan yox, həmçinin özündən minlərlə kilometr uzaqlıqda olan Afrika, Kaledoniya kimi ölkələrdə də öz müstəmləkəçiliyini əldən vermək istəmir. Tarixə nəzər salsaq 300 il boyunca Afrikanın Fransanın nəzarətində qaldığını, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələrin həmin illərdə qul ticarəti mərkəzləri kimi istifadə edildiyinin və bölgədəki bütün resursların istismar olunduğunun şahidi oluruq. Bu isə neokolonist ölkənin bir tərəfdən işğalçı və digər işğalçı dövlətlərə qeyd-şərtsiz dəstək verən bir dövlət olduğunun açıq nümunəsidir. Bu yaxınlarda Fransa qoşunlarının Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərir. Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) BMT nümayəndəsi Maqali Tingal-Lemen də Qoşulmama Hərəkatının nazirlər görüşündə jurnalistlərə verdiyi müsahibəsində Fransanın qəddarlığından, həmçinin maliyyə təzyiqi ilə neokolonial siyasət yürütdüyünü vurğulayıb: "Fransa özünü çox ikiüzlü aparır. Vəziyyətimizlə bağlı bəyanatına görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Bu gün Yeni Kaledoniyada böyük problemlərlə üzləşirik. Yeni Kaledoniya üçün 2021-ci il dekabrın 12-də keçirilən müstəqillik referendumu pandemiya ilə üst-üstə düşdü. Ona görə də təxirə salınmasını xahiş etdik. Lakin Fransa referendum keçirib və nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilməyib. Bu referendumun keçirilməsi Fransa tərəfindən ikiüzlülük idi. Hüquqlarımız üçün mübarizə aparacağıq. Ona görə də biz bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq".

Daha sonra o, bu səhər verdiyi bəyanata görə Yeni Kaledoniya xalqı adındanda Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Maqali Tingal-Lemen kimi Tahiti nümayəndəsi Ella Tokoragi də ikiüzlü Fransaya nəzərən Azərbaycan Prezidenti İlham Əliyevin iclasda çıxışının, səsləndirdiyi fikirlərin səmimi olduğunu bildirib. O, həmçinin bu gün hələ də ölkəsində Fransanın müstəmləkə siyasəti və bunun acı reallıqlarını yaşadıqlarını açıqlayıb: "2 iyul 1966-cı ildə ilk dəfə Fransa Tahitidə nüvə silahını sınaqdan keçirib. Bu günə qədər 193 sınaq həyata keçirilib. Təsəvvür edin bu sınaqlar ölkəmdə hansı problemlərə yol açıb. Bu gün xəstə doğulan uşaqların hesabını itirmişik. Xalqımız xərçəng xəstələyinin müxtəlif növləri ilə üz-üzədir. Fransanın müstəmləkəçilik siyasəti bu fəlakətlərə gətirib çıxarır".

Makron hakimiyyəti Korsika dilinə də qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir. Lakin "bacısı" kimi riyakar Fransa dövləti özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Sözsüz ki, ikili standartlardan başqa bir şey deyil. Şübhəsiz ki, Makron hakimiyyəti özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verir. Artıq Fransanın keçmişdə və hazırda etdiyi bu çirkin əməllərə cavab vermək vaxtıdır. Lakin təəssüf ki, bir çox ölkələr və başçıları Prezident İlham Əliyev kimi cəsarətli və açıq şəkildə öz fikrini Fransaya qarşı ifadə etməkdən çəkinir. Bu, bir daha sübut etdi ki, istər daxili, istərsə də beynəlxalq arenada İlham Əliyev güclü siyasi xadimdir. Əgər Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlüyündən sui-istifadə etməyə davam edib, Ermənistanın üzərindən Azərbaycana qarşı çirkin əməllərə əl atmağa çalışarsa, bu zaman Azərbaycanın güclü siyasəti ilə qarşı-qarşıya qalacaq. Fatih Sultan Mehmetin də dediyi kimi, türk olmaq çətindir, çünki dünya ilə savaşarsan. Amma türk olmamaq daha da çətindir, çünki türk ilə savaşarsan.

Töhfə SƏMƏDOVA,

"Respublika".