Fransada daha bir vandalizm aktı
Dünya xəbərləri

Fransada daha bir vandalizm aktı

Xəbər verdiyimiz kimi, Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən, onları silahla hədələyiblər. Qeyd edək ki, hadisə ilə bağlı, ilk növbədə, Xarici İşlər Nazirliyi bəyanat yayıb. XİN sözügedən bəyanatda Fransada azərbaycanlı jurnalistlərə hücumu qətiyyətlə pislədiyini vurğulayıb. Eyni zamanda, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarına hücumu qınadığını bildirib.

Demokratik cəmiyyətlərdə dövlətin əsas vəzifəsi medianın sərbəst inkişafına şərait yaratmaqdır. Yəni bütün bu fəaliyyət hüquq sferasında baş tutmalıdır. Qəbul edilmiş sənədlər jurnalistin sərbəst fəaliyyətinə geniş imkanlar açmalıdır. Açıq-aydın görünür ki, Fransa dünyaya demokratiya dərsi keçməyə çalışsa da, əslində onun xarici siyasətdəki son uğursuzluqları daxilə proyeksiya etdi. Belə ki, bir neçə gün öncə Nant şəhərində 17 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsi Fransa cəmiyyətini sanki yuxudan oyatdı. Hazırda Fransanı xaotik aksiyalar bürüyüb. Bütün olanlar Makron hakimiyyətinin öz xalqına qarşı etinasız münasibətindən və uğursuz siyasi qərarlar verməsindən irəli gəlir. Lakin hər nə qədər baş verənlərdən boyun qaçırmağa çalışsalar da, jurnalistlərimizə qarşı bu zorakı hərəkətin birbaşa məsuliyyəti Fransa siyasi hakimiyyətinin üzərinə düşür.

Dünya ölkələri jurnalistləri dördüncü hakimiyyət adlandırır. Lakin Fransada media əməkdaşlarına qarşı törədilən bu zorakılıq söz, vicdan, fikir və mətbuat azadlığına qarşı edilmiş cinayət kimi qiymətləndirilməlidir. Birləşmiş Millətlər Təşkilatının "Sərbəst informasiya axını" konsepsiyasında jurnalistlərin azad informasiya əldə etmək və onu yaymaq hüquqları qeyd olunub. Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı edilən hücumla Fransa həm də üzvü olduğu BMT-nin prinsiplərini pozub. İnformasiya azadlığı insan hüquqlarının təminatçısı olan cəmiyyətin mühüm xüsusiyyətidir. Baş verən proseslərdən xəbər tutmaq hər kəsin ilkin ehtiyacıdır. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisələr, faktlar barədə hər bir fərdin informasiya almaq hüququ var. Bu hüquq insanların fikir azadlığının tərkib hissəsidir. Fransa isə bu hüquqları pozur. Qeyd etmək yerinə düşür ki, AzTV əməkdaşları ilə yanaşı, "Le Figaro" qəzetinin əməkdaşları da hücuma məruz qalıb. "Le Figaro" baş verənlər barədə belə yazır: "Jurnalistlər öz işlərini görmək istədikləri üçün hücuma məruz qalıblar. Bu şənbə günü Nahelin ölümündən sonra baş verən iğtişaşlar zamanı "Le Figaro" qəzetinin redaktor heyətinin iki üzvü daxil olmaqla, azı onlarla jurnalist hücuma məruz qalıb. Eyni yerdə başqa bir jurnalistə "Liberation" jurnalının fotoqrafı Koranten Folenə hücum edilib. Cümə axşamı "Poynt"un fotoqrafı da hücuma məruz qalıb". Qəzet onu da bildirib ki, fiziki hücumlara məruz qalanlar təkcə yerli jurnalistlər olmayıb. Qətərin "Əl-Cəzirə" telekanalının jurnalisti operatorunun müşayiəti ilə iğtişaşları canlı yayımlayarkən hücuma məruz qalıb. Jurnalistlər zibil qutularının yandırılmasını çəkən zaman ətraflarına bir neçə gənc toplaşıb. Jurnalist döyülüb, operatorun avadanlıqları da götürülüb. Fransada Azərbaycan Televiziyası əməkdaşları da daxil olmaqla, digər media işçilərinə hücum bu ölkənin söz və media azadlığına münasibəti ifadə edən vandalizm aktıdır. Jurnalistlərə qarşı təzyiq yolverilməzdir. Baş verənlər yalnız jurnalistlərin sərbəst informasiya əldə etmək hüququnun deyil, həm də bütünlükdə insan haqlarının tapdalanması deməkdir.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu hadisələrlə bağlı öz münasibətini sosial şəbəkə üzərindən bildirib. Səfir AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüfləndiyini qeyd edib. "Fransada AzTV komandasına edilən hücuma görə çox təəssüflənirəm. Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq", - deyə diplomat qeyd edib. Lakin təəssüflər olsun ki, hələ nəinki Fransa, həmçinin beynəlxalq təşkilatlar da heç bir reaksiya verməyib. Qərbin və Avropanın insan haqlarını müdafiə edən və bizə qarşı qərəzli hesabatlar yayan dairələri Fransadakı bu özbaşınalıqları dilə gətirmirlər. Qərb və Avropa institutları, AŞPA, AP kimi qurumlar öz daxili aləmlərinə göz gəzdirməlidirlər. Elə, ya belə, Fransa hökuməti jurnalistlərin beynəlxalq konvensiyalarla tənzimlənən təhlükəsizliyini təmin edə bilməməsi barədə açıqlama verməlidir.

Nuranə DAXİLQIZI,

"Respublika".