Fransa səfiri ilə görüş
Digər xəbərlər

Fransa səfiri ilə görüş

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Ann Buayon ilə görüşüb.

Qurumdan verilən məlumata görə, görüşdə ANAMA ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədli əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov "Böyük Qayıdış" proqramı çərçivəsində Agentliyin qarşısında duran məqsədlər, prioritet layihələr, əlaqəli şəkildə icra edilən bərpa yenidənqurma işləri barədə məlumat verərək, gələcək əməkdaşlığın Azərbaycanda həyata keçirilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə faydalı olacağını bildirib.

Səfir Ann Buayon Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə göstərdiyi peşəkar fəaliyyətin təqdirəlayiq olduğunu qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin həlli istiqamətində Agentlik tərəfindən icra edilən genişmiqyaslı fəaliyyəti yüksək dəyərləndirdiyini bildirib.

Görüş zamanı Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdəki mövcud mina problemi, ölkəmizin qarşılaşdığı təhlükə, aparılan minatəmizləmə əməliyyatları, eləcə istifadə olunan ən son texnoloji metod vasitələr nümayiş etdirilib.

"Respublika".